Ötən gün "O səs Türkiyə" yarışmasının növbəti mərhələsi baş tutub. Lent.az-ın məlumatına görə, yarışmanın 1/4 final mərhələsində azərbaycanlı iştirakçı Elnur Hüseynov səhnəyə çıxıb. Tanınmış müğənni Ebru Gündeşin komandasında yarışan müğənni Türkiyənin tanınmış müğənnisi Şəbnəm Fərahın "Gözlerimin etrafındakı çizgiler" mahnısını ifa edib.
İfasını bitirdikdən sonra E.Gündəş onun barəsində xoş sözlər deyib: “Elnur çox güclü səsdir. Xatırlayırsınızsa o münabiqəyə gəldiyi gün onu bütün jürilər ayaq üstə alqışladı. İnşallah tamaşaçılar səni bəyənər və sən yenidən yarışmada qalarsan. Allah yolunu açıq etsin”.
Sonda E.Hüseynov dördlüyün ikincisi olaraq növbəti mərhələyə keçib.
Qeyd edək ki, E.Hüseynov hazırda “O səs Türkiyə” yarışmasında qalan yeganə azərbaycanlıdır. Müsabiqənin münsiflər heyəti Mazhar-Özkan cütlüyü Hadisə, Gökhan Özoğuz və Ebru Gündəşdir.