Bakıya Beyons gəlir
02 mart 2013 21:11 (UTC +04:00)

Bakıya Beyons gəlir

Beyonsun Bakıda konsertinin təşkili ilə bağlı hazırlıqlar başlayıb. Bununla əlaqədar dünyaca məşhur menecer-prodüser Marsel Avram ilk dəfə Bakının qonağı olacaq.

 

Lent.az-ın məlumatına görə, Marsel Avramın Bakıya səfərinin məqsədi dünya starlarının Azərbaycanda konsertlərinin və beynəlxalq tipli layihələrin həyata keçirilməsidir. Marsel Avramın Bakıya səfərinin təşkilatçılıq işlərini "Səs Organization"un rəhbəri Nahid Emiloğlu həyata keçirir. Səfər müddətində Marsel Avramın iştirakı ilə bir sıra görüşlər keçiriləcək, eyni zamanda yaxın gələcək üçün nəzərdə tutulan dünya şöhrətli müğənni Beyonsun Bakıda konsertinin təşkili ilə bağlı son yeniliklər ətrafında danışılacaq.

 

40 illik fəaliyyəti ərzində Marsel Avram özünü beynəlxalq konsert biznesində dünyanın ən qabaqcıl insan kimi təqdim etməyə müvəffəq olub. Elə bir dünya ulduzu tapılmaz ki Marsel Avramla promouter qismində heç olmasa bir dəfə olsun uğurlu tura çıxmasın. Hətta demək mümkündür ki, bir çoxları özünün uğurlu karyerasına görə məhz Marsel Avrama minnətdardırlar.

 

M.Avramın birgə çalışdığı dünya məhşurları sırasında Maykl Cekson, Pink Floyd, U2, Rolling Stones, Madonna, Rod Stewart, Prince, Bon Covi, Selin Dion, Elton Con, Tina Turner, The Who, Deep Purple və Ozzi Ozborn var. Eyni zamanda Frenk Sinatra, Semmi Devis kiçik, Barbra Streisand, Tom Cons və Layza Minelli kimi müğənnilər,  Plasido Domingo və Xose Karreras kimi klassik ulduzlar, Neil Daymond, Laynel Riçi, Adriano Çelentano və Eros Ramazzotti kimi lirik ifaçılar öz konsertləri və turlarını ona etibar ediblər və dünya miqyaslı uğura imza atıblar.

 

Bakıda olduğu müddətdə Marsel Avramın iştirakı ilə yerli mətbuat nümayəndələri üçün mətbuat konfransının təşkili də nəzərdə tutulur. Konfransda media mənsubları dünyaya səs salan musiqiçilərin məşhurlaşmasında müstəsna xidmətləri olan M.Avram istənilən sualları cavablandıracaq. Mətbuat konfransında həmçinin Beyonsun Bakı konserti ilə bağlı da son məlumatlar ilk dəfə olaraq jurnalistlər qarşısında açıqlanacaq.

 

 

Marsel Avramın Bakı səfərinin təşkilati işləri Nahid Emiloğlu tərəfindən həyata keçirilir. Qonaq Bakıya martın 4-də təşrif buyuracaq.

 

Mətbuat konfransı martın 5-də saat 15:00-da "Four Seasons Hotel Baku"da baş tutacaq. Hər birinizi konfransda görməkdən məmnun olarıq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1949

Oxşar yazılar