Xalq artisti Yalçın Rzazadənin tələbəsi gənc ifaçı Safa Eldara tanınmış müğənni Azizlə eyni səhnəni bölüşmək təklif olunub. Lent.az-ın məlumatına görə, xalq artistinin tələbəsi bu barədə Beynəlxalq Mətbuat Mərkəzində “Dinlə” adlı mahnısına keçirdiyi mətbuat konfransında deyib. O, bildirib ki, dekabrın 19-da paytaxt məkanlarının birində konsert verəcək dünya şöhrətli müğənni ilə eyni səhnəni bölüşməyəcək: “Mənə təklif olundu ki, Azislə eyni səhnəni bölüşüm. İstəmirəm ki, hansısa tanınmış müğənnin kölgəsində məşhurlaşım. Məhz bu səbəbdən həmin təklifə yox deyəsi oldum. Düşünürəm ki, hər kəs öz sənəti ilə qabağa getməlidir. Mənim üçün qalmaqal və digər proseslər əhəmiyyətli deyil. Mən qalmaqaldan kənar gəzən insanam. Məndən aslı olmayan səbəblərdən bundan öncəki klip təqdimatımdan sonra qalmaqal yaşadım. Hətta bu barədə mətbuatda yazılarda dərc olundu. Həmin qalmaqaldan sonra mənə çox zənglər gəldi. Qarşıma şərt qoydum ki, kim nə desə də cavab verməyəcəm. Ona görə də o söhbətə qayıtmaq istəmirəm. Əsas olan yaradıcılıq işimdir. Bunun da öhdəsindən gəlməyə çalışıram”.
Daha sonra bəstəkar Vüqar Camalzadə fikirlərini bölüşüb. O, bildirib ki, gənc müğənnin şou-biznesdəki fəaliyyətinə nəzarət edəcək: “Bu gündən sonra Safa mənimlə çalışacaq. O, bir çox müğənnilər kimi efirə çıxıb geyimi, ya da hər hansı qalmaqalla gündəmə gəlməyəcək. Mənim ona bir çox qadağalar qoymuşam. Uğura daha tez çatmaq üçün yalnız sənətlə məşğul olmalıdır. Hələ toy bazarında da olmayacaq. Azərbaycandan kənarda da musiqimizi təmsil edəcək. Populyarlıq heç də keyfiyyətli müğənni olmaq anlamına gəlmir. Bu gün təqdim etdiyi “Dinlə” adlı klip isə Türkiyədə çəkilib. Ekran işinin müəllifi də Türkiyənin bir çox tanınmışları ilə çalışmış rejissor Mehmet Urbandır. Onu da əlavə edim ki, Safa Türkiyənin tanınmış şirkəti ilə müqavilə imzalayıb. Həmin şirkətdə Türkiyənin bir çox tanınmışları Sezan Aksu, Ebru Gündeş də çalışır. Safanın Azislə eyni səhnəni bölüşməmək istəyinə gəlincə isə, bu təklifə komanda olaraq yox dedik. Bizə bu təklif gərək deyildi”.