Türkiyənin məşhur “İşte benim stilim” yarışmasında iştirak edən azərbaycanlı iştirakçısı Sima Şərəfətdinova layihədən kənarlaşdığını açıqlayıb. Lent.az-ın məlumatına görə, o, bu barədə sosial şəbəkədə səhifəsində yazıb:
“Yarışmada sırf məşhur olmaq istəyənlərin çirkinliklərini gördüm. Hər gün millətimi təhqir edib, məni mənəvi zorakılığa məruz qoyurdular. Əvvəl qatıldığım gözəllik yarışmasının münsiflər heyətinə “zövqsüz” deməklə qalmadılar, iştirakçılar tərəfindən şantaj olundum. Mən güclü xarakterə malik insanam. Televiziyada görünəcəm deyə bu qədər alçala bilmərəm. Müsabiqə başlayandan Azərbaycanı tanıtmaq və birinci olmaq üçün maddi, mənəvi əziyyət çəkirdim. Geyimlərim xüsusi hazırlanırdı. İştirakçılar mənə “Azəri iti birinci olmayacaq” deyirdilər. Olmadım da. Mən həyatda hər şeyə sahib biriyəm: yaxşı ailəm, təhsilim, əhatəm, insanlığım var. İtirməyə heç nəyi olmayan adamlarla mübarizə apara bilmərəm. Səsvermə kimin birinci olacağını müəyyən edəcəkdi. Mənim haqqımı tapdaladıqlarına görə oradakıların heç biri xeyir görməyəcək. Allah göydən baxır, vicdanları onları rahat buraxacaqsa, heç nə demirəm. Mayın 20-də mən alçaldılmağa və təhqirə dözə bilmədiyim üçün oradakıların sifətini görməməkdən ötrü etiraz əlaməti kimi üzümü çevirdim, rəhbərliyə yarışmaya bir daha gəlməyəcəyimi bildirdim. Qayıtmağım üçün oradakı komanda çox israr etdi. İştirakçılar məndən üzr istəsələr də, dönməyəcəyimi dedim”.
Qeyd edək ki, "İşte benim stilim" yarışması Türkiyənin "TV-8" telekanalında yayımlanır.