Tanınmış müğənni Sevinc Ağaşirinovanın prodüseri Elvin Əli bir neçə gün əvvəl həbs olunub. Lent.az-ın əldə etdiyi məlumata görə, prodüser narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək istintaqa cəlb edilib. Onun barəsində məhkəmə tərəfindən istintaq müddəti üçün həbs-qətimkan tədbiri seçilib.
Məsələ ilə bağlı müğənni S.Ağaşirinova ilə əlaqə saxladıq. Müğənni deyib ki, prodüserinin həbsindən xəbəri yoxdur: "O, artıq mənimlə işləmir. 3 ay idi ki, işbirliyimizə son qoymuşduq. Elvinin bu məsələyə görə həbs edildiyini eşidəndə təəccübləndim. Əgər edibsə, Azərbaycan qanunları qarşısında cavab verəcək”.
Qeyd edək ki, bir müddət əvvəl prodüser Vəfa Vaqifqızı Məmmədova insan alverində şübhəli bilinərək istintaqa cəlb edilib. Dagha çox əməkdar artist Nüşabə Ələsgərlinin yanında çalışan V.Məmmədova barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə iki ay müddətinə həbs-qətiimkan tədbiri seçib. O, Bakı İstintaq Təcridxanasına göndərilib. E.Əliyə gəlincə, o, prodüserliklə yanaşı teleradio sahəsində də çalışıb. Gənc prodüser ATV telekanalında və 106.3 FM radiosunda da çalışıb.