““Eurovision” müsabiqəsinin finalında Azərbaycan Rusiyaya 10 xal verib, lakin bu səslər harasa yoxa çıxıb. Konkret nə baş verdiyi bəlli deyil, Azərbaycan prezidenti İlham Əliyev bu xoşagəlməz insidentin araşdırılması üçün göstəriş verib”.
APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Vestnik Kavkaza” saytına müsahibəsində deyib. “Mən bir musiqiçi və mədəniyyət xadimi kimi təəccübləndim: ola bilməz ki, Azərbaycanda Rusiyaya səs verilməsin, üstəlik, Rusiya təmsilçisi çox yaxşı çıxış etdi və beşincilik qazandı” – deyə səfir əlavə edib. O bildirib ki, Azərbaycanda çoxları Rusiyaya verdikləri səslərin itməsindən qəzəblənib: “Bizim hörmətli prezidentimiz bu məsələnin araşdırılmasını tapşırıb. Aydın olur ki, Azərbaycanda Rusiyaya səs verilib, lakin məsələ bundadır ki, bütün səslər Almaniyada hesablanır və yekun nəticə oradan yayılır”.
Səfirin sözlərinə görə, hazırda Azərbaycanda səslərin yenidən sayılması aparılır və ilkin nəticələrə əsasən Rusiya Azərbaycanda 10 bal almalıymış: “Bununla əlaqədar Azərbaycan İctimai Televiziyası ölkə adından bəyanatla çıxış edəcək”.