Müğənni Ayan Babakişiyeva yeni layihələr üzərində çalışır. Lent. az-ın məlumatına görə, o, yenidən ilk müəllimi, bəstəkar Elçin İmanovla işbirliyinə başlayıb. Bu, sənətçilərin 4 illik fasilədən sonra növbəti əməkdaşlığıdır. Müğənni bəstəkarla iş birliyi barədə bunları deyib: “Müxtəlif insanların bəstələrini oxumuşam. Xanım İsmayılqızının, Aygün Bəylərin, Kamalın, Faiq Sücəddinovun adlarını çəkə bilərəm. Amma repertuarımda bir qədər dəyişiklik etmək istədim. Məhz buna görə də sənətdə mənə çox köməyi dəymiş Elçin İmanova müraciət etdim”.
Sonra Ayan növbəti layihəsindən söz açıb. Bildirib ki, bu həftənin cümə günü böyük heyətlə Gəncəyə yola düşür:“Musiqisi Emin Sabitoğluna, sözləri Əhməd Cavada məxsus olan “Gəncə” mahnısı 25 nəfərlik heyətin birgə zəhməti sayəsində ekranlaşdırılacaq. Səfərimiz 3 gün davam edəcək. Onu da qeyd edim ki, bu, unudulmuş bir mahnıdır”.