Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı və aşıq Əli Tapdıqoğlu bu gün aşıq Xanmusa Musayevin evinə yollanıblar. Bu barədə Lent.az-a aşıq Əli məlumat verib: “Hazırda yoldayıq, Qobustana gedirik. Bayram günü ustadım Xanmusa müəllimi yad etmək istədik. İstəyirdik böyük bir kollektivlə gedək. Ustadım razı olmadı. Dedi bir Əli gəlsin, bir Məhərrəm müəllim, qalanına əziyyət vermək istəmədi. Görüşün televiziya çəkilişini də istəmədi. Söylədi ki, "istəmirəm həmişə məni gümrah görən xalqım, indi yataqda görsün". Allahdan ustadıma şəfa diləyirəm. İnşallah bizi görüb, əhval-ruhiyyəsi daha da yaxşı olar".
Qeyd edək ki, Musayev Xanmusa Musaxan oğlu 1926-cı ildə Şamaxıda anadan olub. 1950-ci ildən sərbəst aşıqlığa başlayıb. 500-ə yaxın şeirin və bir neçə dastanın müəllifidir.