“Qalmaqallar? Bu, məni ancaq həvəsləndirir. Mənimlə qalmaqal edənlərin aqibətini sonradan görürük”. Bunu Lent.az-a müsahibəsində xalq artisti Aygün Kazımova deyir. Onunla müsahibədə çox şeylərdən danışdıq: şəxsi həyatından, layihələrindən, şou-biznesdə baş verənlərdən... və daha nələrdən, nələrdən...
- Aygün xanımın yaradıcılığında təzə nə xəbər var?
- Bu nə sualdır? (Gülür) Bilmirsən ki, həyatım daim yeniliklərlə doludur? Neçə vaxtdır çalışdığım “Dokkuz səkkiz” şirkəti ilə müqaviləmiz bitdi, indi digər bir şirkət, “Pol production”la kontrakt barədə razılığa gəlmişik. İnşallah, Türkiyədə imzalanacaq. Türkiyəli duet ortağım Sinan Akçılla eyni şirkətdə çalışacağıq. “Pol production”nun rəhbəri Polad bəy Türkiyədə çox sayılan, seçilən bir şəxsdir.
- Sevda Yəhyayevaya konsertində dəstək oldunuz. Vaxtı ilə sizə belə dəstək olan olub?
- Mənə belə dəstək olmayıb. Onun konsertində mən də həyəcanlanırdım. Kiməsə dəstək olmaq çox gözəldir. Savab iş görəndə göylərdə uçuram
- Şou-biznesə sanki sükut çöküb, durğunluqdur. Siz necə düşünürsünüz?
- Nə durğunluq? Kim deyir ki, durğunluqdur? Yalançı...(gülür) Təbii ki, zarafat edirəm. Düzü, bu durğunluğu görmürəm. Bəzən fikirləşirəm, görəsən mən olmasaydım, şou-biznesdə kim layihələr edərdi? Bizim şou-biznesdə bilirsiniz nələr var? Biri digərinin acığına iş görür. Amma bircə onu bilirəm ki, Snup Doogla etdiyim layihəni Azərbaycanda heç kim etməyəcək.
- Aygün xanım, ilkə imza atdığınız layihələri kimlərinsə təkrarlaması, hələ üstəlik də “mən ilkə imza atdım” deməsi sizi narahat etmir ki?
- (Bir qədər fikrə gedir) Hə, qoy onlar elə düşünsünlər. Hər zaman demişəm, tanrı hər birimizi orjinal yaradıb. Amma mən yenidən səhnəyə gəlsəydim və Aygün Kazımova olsaydım, çalışardım ki, yenə elə indiki Aygün olum. Baxın, illər öncə Teymur Mirzoyevin “Qaya”sında, eyni zamanda “Aypara”da, Vaqif Gərayzadənin “Jazz Folkluyor ansamlı” və eyni zamanda konservatoriyada vokal dərsləri keçirdim. Bunları etməyi mənə heç kimsə deməmişdi ki? Sadəcə, mən çox çalışırdım ki, irəli gedim, çox məlumat yığım, çox öyrənim, çox oxuyum. Elə o istəyimin nəticəsi də, bu gün mənə kömək edir.
- Yaradıcılığınız barədə Türkiyə mediası da yazır. Azərbaycandan kənarda haqqınızda yazı çıxanda...
- (Sualı yarımçıq kəsir) Əzizim, bir azdan başqa şeylər də olacaq. Öncədən ətraflı nəsə söyləməyim.
Müsahibənin bu yerində içəri fotoqraf daxil olur. Aygün xanımdan “fotoqraf şəklimizi çəkə bilər?” deyə soruşuram. O da məmnuniyyətlə razılıq verir, fotoqrafa “bizim şəklimizi çək” deyir. Şəkil çəkdirib davam edirik.
- Hə Yalçın, “vsyo da Şamplena”, əla. Nə deyirdim yadımdan çıxdı?
- Türkiyə mediasından danışırdıq.
- Hə. Mən sizə bir etiraf edim. Türkiyədə ilk prodakşn da çalışdığım vaxt, bir gözüm indi çalışacağım “Pol production”da, Poladda olub. Qadın belədir də, görürsənmi? (Gülür)
- Aygün xanım, son dövrlər bir neçə sənətçi ilə qalmaqalınız oldu. Səbəb nədir?
- Canım mənim, mən axı demişəm ki, mənə atılan daşlardan tanrı mənə bir ev tikib, saray edəcək.
- Son dövrlər hansı sənətçiyə sözünüz varsa, İnstagram səhifənizdə şəklini paylaşırsız, həmin insanların ünvanına sözlər yazırsız. Həmin an rahatlıq tapırsız?
- Bəli. Mən onu sizin üçün yazırdım. Bilirsiniz, bu mənim içimdən gələn sözlər idi. Onların barəsində yazdığım heç bir sözə görə də, təəssüf, peşmançılıq hissi keçirmirəm.
- Azərbaycan şou-biznesində ən çox solo konsert verən ifaçısınız. Ötən gün müğənni Xumar Qədimova bizə müsahibəsində “Solo konsert verənləri anlamıram” söylədi. Sizcə, solo konsert vermək ifaçı üçün əsasdırmı?
- (Gülür) Siz bilirsiniz ki, bu Xumardı, öz dünyası var. Öz aləmində danışıb da. Biz Xumarı da çox istəyirik. O, elə baxır, mən elə baxmıram. Məsələn, Andrey başqa cür baxır, Əhməd başqa cür baxır. Təbii ki, hər kəsin baxışı fərqlidir. Hamı bir cür düşünə bilməz.
- Aygün xanım, Namiqdən sonra Snup Doogla duet ifa etdiniz. Sırada kim var?
- Qarşıda yeni duetlər çox olacaq. Sənət dostlarımdan yaxşı təklif olsa, hansısa ifaçıya dəstək olmaq üçün duetlər ola bilər.
- Aygün Kazımovaya böhtanlar atılıb?
- (Düşünür) O qədər. Elə Snup Doogla olan layihəm ətrafında o qədər şər, böhtan oldu ki... Məsələn, mənim öz gizli dünyam kimi saxladığım, Ağdərə, Zəngilan, Qubadlı və sairə cəbhə bölgələrində döyüşdüyüm məqamlar olub. Amma Snup Doogla layihə zamanı, cəbhə bölgəsində döyüşdüyüm məqamlara kölgə salmağa çalışdılar. Bir tərəfdən də çox yaxşı oldu ki, mən cəbhə dostlarımı axtarıb tapdım. Onlar özləri məndən xəbərsiz barəmdə müsahibə verdilər ki, bəli, Aygün Kazımova bizimlə birgə cəbhədə olub. Deməyim odur ki, barəmdə o qədər şərlər olub ki, onları saysam, zaman və vaxt çatmaz.