“Əvvəllər gündə 4-5 xanımla görüşürdüm, indi isə... İndi ailəli adamam, özümü həsr etmişəm ailəmə”. Bunu Lent.az-ın qonağı olan, məşhur reper Anar Nağılbaz deyir. Onunla müsahibədə çox şeylərdən danışdıq. Şəxsi həyatından, layihələrindən, daha nələrdən, nələrdən...
- Haralardadı Anar Nağılbaz?
- Bu yaxınlarda müğənni Şölə Səfərəliyeva ifa etdiyimiz “Sənsən” mahnısına çəkilmiş klipin təqdimatını keçirdik. İfa etdiyimiz mahnının musiqisi özümə, sözləri “Mister Baba”nındır. Klipi də Baba çəkdi. Çəkilişlər İsmayıllıda, Lahıcda oldu. Ümid edirəm ki, bu işimiz seviləcək. Bundan başqa reper Elşad Xose, əməkdar artist Aygün Bəylər, Zaur Əmiraslanov, müğənni Natəvan Həbibi və tələbəm Raiqlə birgə möhtəşəm bir layihəyə imza atmışıq.
- Amma diqqət edirsinizsə, bu günün tamaşaçısı repə bir o qədər də maraq göstərmir. Bir vaxtlar rep yüksəliş mərhələsində idisə, indi demək olar ki, yox səviyyəsindədir. Buna səbəb nədir?
- Rep özü hip-hop mədəniyyətinin bir qoludur. Bu mədəniyyətlə bağlı isə Azərbaycanda heç bir assosiasiya fəaliyyət göstərməyib. Ümumiyyətlə, bir yerə yığılacaq məkanımız yoxdur. Amma bütün dünyada var. Məsələn, bizim müxtəlif ölkələrin reperləri ilə münasibətimiz var. Onlardan soruşanda ki, necə oldu bu səviyyəyə gəlib çatdınız, deyirlər ki, yaratdığımız ictimai birlik sayəsində. Mən özüm bir neçə dəfə istəmişəm ki, Azərbaycanda reperləri bir araya gətirək, birləşək nəsə edək. Amma texniki məsələlərə görə, alınmayıb. Məsələn, Elşad Xose çoxdan repdə deyil, “Cin”, Mir Yusif repdən uzaqlaşıblar. Hüseyn Dərya isə heç reper deyil. Yalnız Anar Nağılbazla iş bitmir.
- Deyirsiz ki, Elşad Xose, Mir Yusif, “Cin” repdən uzaqlaşdılar. Səbəb nə oldu?
- Onlar nəinki repdən uzaqlaşdılar, həyatlarını da başqa yöndə qurdular. Ola bilsin ki, musiqidən uzaqlaşmadılar, repdən kənarlaşdılar. Səbəbini isə bilmirəm.
- Ailə qurandan sonra Anar Nağılbazın həyatında nə dəyişdi?
- Ailə insan həyatının ən önəmli məqamıdı. Ailəmlə xoşbəxtəm. Artıq beş yaşında oğlum, bir yaşında da qızım var.
- Qız pərəstişkarlarınızı itirmədiniz ki?
- Şübhəsiz. Bu, hər bir tanınmış sənətçinin həyatında olur. Mən də ailə qurandan sonra, qız fanatlarımı itirdim. Məncə bu normaldır.