- Uzun illərdir ki, yaradıcılığınızı izləyirəm. Elə bil, bu cəmiyyətin adamı deyilsiz...
- Mənə də elə fikirləşirəm. Bəlkə də bu, formalaşdığım və böyüdüyüm mühitdən irəli gəlir. Həyətimiz rusların hərbi şəhərciyinin yaxınlığında idi. Uşaqlığım demək olar ki, orada keçib. Eyni anda iki məhəllədə böyümüşəm. Yarı “qədeş” , yarı da “rus” olmuşam. Universitetdə də təhsilim daim ikiyə bölünüb. Müəllimim internet olub. Hər bir insan internetdə öz istədiyini tapır. Biri porno, biri elm. Həmin mühitdə Aristotel də, meyxanaçı Üzeyir də var. Kim nə istəyir, onu da götürür. Yəqin ki, orada müəyyən mənbələrdən gələn məlumatlar məni bu günə salıb. Şou-biznesdə öz yerimdə deyildim. İndi qorxuram ki, kinoda eyni vəziyyətə düşəm. Rejissorluq fakültəsində oxumuşam, arzum kino çəkmək olub. Ancaq o vaxt kino çəkmək çətin idi, ona görə də məcbur olub girişdim klipə. Bir gün ayıldım ki, şou-biznesin tam mərkəzindəyəm. Ancaq şou-biznesdəkilər məni heç vaxt doğma saymayıblar. Həmişə yad olmuşam onlara. Həm də onlar üçün həddindən artıq intellektual, məsuliyyətli və özündən razı...
- Bəs kinoya gəlişiniz necə qarşılandı?
- Kinoçular məni şou-biznes əhli və həddindən artıq məşhur hesab edirlər. Demirəm ki, məni qeyri-ciddi sayırlar, amma mənfi münasibət də var. Gülərək deyirlər ki, gəlib kino çəkməyə, buna şou-biznes azlıq edirdi. Əslində, burada da özümü yad hiss edirəm. Yəni nə orada doğmayam, nə də burada. Yenə də iki dünya arasındayam.
- Hansının düz olduğunu da bilmirsiniz?
- Əslində, həqiqət bu iki dünyanı arasındadır. Kinematoqrafiyamızda marketinq və piyar çatışmır. Məsələn, film çəklir. Çəkilən film haqda da bir qısa film olmalıdır. Filmin piyarı və reklamı getməlidir. Bütün dünyada belədir. Bir milyona yaxın vəsait ayrılır, film çəkilir Bu məbləğin müəyyən hissəsi reklama xərclənməlidir ki, camaatın xəbəri olsun. Və mən bu işlə məşğul olmaq istəyirəm. İndi reklam biliklərimi kinoya gətirmək istəyirəm.
- Siz həbsxanaya düşəndə mətbuatda müxtəlif məlumatlar dərc edildi. Dostlarınız, işçiləriniz, qarşı tərəf, hər kəs buna münasibət bildirirdi. Gec də olsa bilmək istəyirik, əslində, nə baş vermişdi?
- Borcum var idi, ancaq bunu 3 dəfə şişirtmişdilər, 47 mini eləmişdilər 150 min. 2 il idi ki, məhkəmələr, şantajlar dayanmırdı. Qarşı tərəf hər dəqiqə yerli kanallara, mediaya çıxacaqlarını deyirdilər. Sonda bu məsələ mətbuata çıxdı. Kürdəxanı təcridxanasına çatmamış artıq nələr yazılıb, nələr hazırlanmışdı. Bu, çox adama lazım idi. Xoşbəxtəm ki, kimlərsə xoşbəxt oldu və çox razıyam ki, kimlərsə razı qaldı.
- Çoxlarını ittiham edirsiniz. Amma dəqiq bilirəm ki, bundan üzülənlər də var idi.
- Bilirəm, ancaq 36 günlük həbs mənim qazancım oldu. Yəni, buna layiq idim. Hətta 36 gün yox, 36 aya da razıydım. İnsanlar doğulandan ölənədək çox səhvlər edirlər. Mən xuliqan bir məhəllədə böyümüşəm. Uşaqlıqdan o qədər səhv, hətta qanundan kənar hərəkətlər eləmişəm ki... O baxımdan ürəyim rahatdır, bu həbs olmalı idi.
- Demək, həbsxana həyatının müsbət tərəfləri də var?
- Əlbəttə . Ən azı 36 gün televiziyasız, internetsiz, telefonsuz yaşadım, başım dincəldi, çoxlu kitab oxudum, düşündüm və ən önəmlisi gündəlik yazdım, 2008-ə qədər olan həyatımı. Kitab şəklində nəşr etmək planım var, burada çox adamın iç üzü açılıb. Bilirəm ki, çoxları bu kitabın işıq üzü görməsindən qorxur. Burdan səslənirəm ki, elə qorxsalar yaxşıdır. Bəzi suallara bu kitabla son qoyacam. Mənim şəxsi, xuliqan həyatım hamısı burada yazılıb.
- Məhbusluqdan dönüşünüz necə qarşılandı?
- Münasibət fərqli oldu, çoxlarını məyus etdim. 1 il 6 ay cəza çəkəcəyimi eşidənlər sevinirdilər ki, meydan boş qaldı, pələngə dönmüşdülər. Amma onları peşman etdim.
- Nə yaxşı tez çıxdınız azadlığa?
- Dostlarım bu məsələni tez bir vaxtda həll etdilər. Maddi məsələ həll olunandan sonra apellyasiya məhkəməsi baş tutdu. Əgər pul ödənibsə demək, daha nə şikayətçi var, nə də cinayətkar.
- Qarşı tərəf narazı olmadı?
- Yox, onlar şikayətlərini geri götürdülər, pul ödənildi. Niyə narazı qalmalıdırlar ki?
- Şikayətçi xanım israr edirdi ki, siz öz cəzanızı çəkməlisiniz.
- Əslində, onlar qanunvericiliyi axıradək bilmirdilər. Əgər cəzamı tam çəksəydim, ona pulu verməyə bilərdim. Məhkəmə zamanı prokuror da bunu qarşı tərəfə dedi.
- Sizə orada münasibət necə idi?
- Azadlıqda görmədiyim hörməti orda gördüm. 30 gün tək qaldım, bunu özüm istəmişdim. Bəlkə də ən gözəl istirahətimi orda etdim. Kənardan ora çox qorxulu görünür. Hər kəsə elə gəlir ki, orada məhbuslar daim təhqir olunur, ağır günlər yaşayırlar. Xeyir, orada sadəcə, azadlıq olmur. Orada vaxt çox ləng gedir. Mənim bəxtim belə gətirib, 21 yaşımdan, yəni boşanandan sonra tək yaşamışam. Təkliyə öyrəşmişəm. Hətta 3 gündən artıq bir adamla eyni yerdə qala bilmərəm. Adamlardan tez bezirəm. Adamlar çox olan yerdə istirahət edə bilmirəm. Valideynlərim məni bayquş adlandırırdı.