Müğənni Türkan Vəlizadə ilə meyxanaçı Pərviz Bülbülə yenidən eyni səhnəni bölüşəcəklər.
Lent.az xəbər verir ki, bu barədə Türkan Vəlizadə sosial şəbəkədə paylaşım edib.
Xanım ifaçı paylaşımında yeni duetlə tamaşaçılarını sevindirəcəklərini vurğulayıb:
“Moskvadan hər kəsə salamlar. Tezliklə bütün sevənlərimizi sevindirəcəyik. Yeni duet gəlsin”.
Qeyd edək ki, bir vaxtlar Türkan Vəlizadə ilə Pərviz Bülbülə arasında sevgi münasibətləri olduğu iddia edilirdi.
Xatırladaq ki, bu günlərdə Xalq artisti Tünzalə Ağayeva Türkan Vəlizadənin fəaliyyətini tənqid etmişdi.
Tünzalə Ağayeva onun kimi gənclərin başının üstündə yaxşı musiqi prodüseri olmasının vacibliyini vurğulayıb:
"Potensialı olan insanlar yanlış musiqiyə gedir. Mənə deyə bilər, bilmirsiniz, mənim izləyicim bunu istəyir, bazarım bu musiqidədir. Bu səbəbləri hər gün eşidirəm, faciəvi reallıqdır. Sənət əsəri deyilən musiqidən söhbət gedir. Bu, sənət əsəri ola bilməz. Hamı nəsə çəkir TikTok-da məşhur olur. Mətbəxin, hamamın hamamlığı qalmayıb. Hamı nəsə çəkir və məşhur olur. Belə gənclərin başının üstündə yaxşı musiqi prodüseri olmalıdır. Bazarı onlar istiqamətləndirilməlidir. Mən publikanın diqtə etdiyini etməli deyiləm. Onunku musiqi prodüseri deyil, alverçidir. Burger hazırlayır və yeyir. 45 yaşım var, 22 ildir müasir musiqidə töhvəsi və tamaşaçısı olan biriyəm. Gecələr vicdanlı yatıram. Üzülürəm gözəl səsi olanlar yanlış yollara gedir. Elə insanların mənim kimi insana ehtiyacı var, gəlsin".