Ulduz azarına düşən prodüsserləri sərhədi qorumağa  göndərək - Replika
12 noyabr 2024 13:55 (UTC +04:00)

Ulduz azarına düşən prodüsserləri sərhədi qorumağa göndərək - Replika

Yeni çıxan bir müğənni var. Anar Qasımzadə. Bir neçə gün öncə şou-proqramlardan birində canlı yayımda aparıcı, efirə zəng vuran tamaşaçı, elə təcrübəli həmkarı Könül Kərimova da onu “ağ yudu”, “qara sərdi”. Anarın oxumağını zarımaq adlandıran da oldu, oranjemanını ayıb hesab edənlər də. İnsafən Anarın oxumağı yaxşıdır. Və biz ona söz haqqı vermək, oxucularımıza təqdim etmək üçün müsahibəyə çağırmaq istədik. Ancaq...

Telefonu Anarın əvəzinə özünü onun prodüseri kimi təqdim edən bir nəfər açdı. Çox kobud şəkildə “nə istəyirsiniz, biz sayt-mayt hərrəmirik, başımızı aşağı salıb pulumuzu qazanırıq” dedi.  

İstər-istəməz ağlımdan keçdi ki, deyəsən elə bunlara haqq ediblərmiş.

Minlərlə manat pulundan keçib proqrama çıxır, həm pulunu verir, üstəlik verdiyi pulla da rəzil olur. Sən qonaq çağırırsan, mədəni bir şəkildə dəvət edirsən, bir çox səviyyəsizlərdən fərqli olaraq bizim müsahibələrimizdə heç kimdən bir qəpik, bir hədiyyə də tələb olunmur, bu verilən cavab nədir?

Bəzi məşhurların "prodüser" adıyla yanlarında gəzdirdikləri köməkçilərinə tərbiyə lazımdır. Onlarsız daha irəli gedərdilər, nəinki onlarla.  Köməkçi nə zamandan sənin adından danışan olub, biz ancaq toy üçün əlləşib, pulumuzu qazanırıq, sayt-mayt hərrəmirik deyən olub. İki dəfə efirə çıxmaqla siz özünüzü meqastar zənn edirsiniz?

Əgər sənin özünün media ilə danışacaq qədər ağlın, fikrin yoxdursa, deməli o prodüserin kapitalısan, səndən sadəcə istifadə edir. Bu  ilk deyil. Təzə başlayan müğənnilərin çoxunun köməkçisi belə edir. İllərin Xalq artistləri telefonlarına özləri cavab verirlər və çox mədəni şəkildə ünsiyyət qururlar. Sizə nə olub?

Bir iki dəfə maqazin xəbəri yazıb, sonra hansısa müğənniyə calaq olub onunla toy-toy gəzən, paltarını geyinib, çörəyini yeyənlər sonradan niyə özlərini müğənninin ağası kimi aparırlar ki? Bu həddi onlara müğənni verir? Verirsə niyə özünü bu qədər məhdudlaşdırır? Kimdən və nədən qoruyur? Yox o prodüserciklər bunu özləri eqolarını şişirtmək üçün edirlərsə, kənardan baxınca çox gülünc görünür.  

Başqasını qorumaq üçün bu qədər can atıb, müdafiə xətti yaradan o köməkçi ordusunu sərhədi qorumağa göndərmək lazımdır. Əminəm, quş da uçurmazlar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3042
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar