Şou əhlinin VARI - YOXU
13 iyun 2022 17:37 (UTC +04:00)

Şou əhlinin VARI - YOXU

Demişəm, yenə deyirəm. Varlının pulu kasıbın çənəsini yorar. Biz axı çox maraqlı millətik, kimin əyninə geydiyi paltarı “neçəyə alıb?”ı bizi daha çox maraqlandırır.   

Şou dünyası bu  maraqdan uğurla istifadə edir, televiziyada nümayiş etdirilən proqramlardan birində kimin əynində, üstündə başında nə var onu qəpiyinə qədər açıb göstərir. Müğənnilərimiz də sağ olsunlar, utanmadan, çəkinmədən bəzən birinin üstünə beşini qoyaraq sadalayırlar.

Məsələn, Afaq Gəncəli deyib ki, “Geyimimin qiyməti 500 manatdır, o qədər də bahalı deyil".

Bir izləyici də içindən keçəni tüstülənə-tüstülənə yazıb:

“Onun baha saymadıı bir donun qiyməti mənim bir aylıq maaşımdan 50 manat çoxdur. Sənətindən çox, bədənini nümayiş etdirən aktrisa Çimnaz Sultanova üstündəki zinət əşyalarının  qiymətinin 30 min manat, Şəbnəm Qəhrəmanova adlı müğənni əlbisəsinin 3 min manat  olduğunu deyib. Qonşudan qalma dala prinsipilə müğənni Lətifə Soyuöz saatının 37 min manat, 3 bilərziyinin hər birinin 7 min dollar, çantasının isə məhdud sayda buraxıldığını və qiymətinin 6600 manat olduğunu açıqlayıb. Türkan Vəlizadə libasının 1000 manat, çantasının 2 min dollardan, ətrinin 1700 manat olduğunu deyib.

Müğənni Aysun isə qiymət deməsə də, markaların adlarını sadalayıb, deyib ki, onsuz da bu markaların qiymətini hamı bilir. Hamı haradan bilsin a bəxtəvər. Adam var yeməyə çörək tapmır, sənin sadaladığın markanın da adını ömründə ilk dəfə eşidir.

Cənnət qarı demiş, gorun çatlasın, Ay Məşədi Kazım,  gör  bu şou əhlinin nə cah-cəlalı var. Var, lap yaxşı, Allah bir az da artırsın, olmayanlara da nəsib eləsin. Amma olanını, olmazını el içində açıqlayıb, filan şey filan qiymətə deyib öyünmək özünə qiymət verən adama yaraşmaz. Nə libaslar gördük içində adam yox, nə adamlar gördük, üstündə libas yox.  Hansı xanımsa  hansı yollarlasa, qazandığı çox bahalı əşyasını ballandıra-ballandıra reklam edəndə kimsə evinə çörək pulu aparmaq, ac balasını doyuzdurmaq üçün özünü oda közə vurur. Biri ekranda itinə kabab yedizdirir, bir başqası  o kababın tüstüsünə baxıb udqunur.  Bəlkə bu görüntülərdən sonra neçə qadın ərinə irad dolu baxışlarla baxır, neçə kişi xanımının köhnə, ucuz paltarına baxıb utanır, çarəsizlikdən qızarır, neçə evə söz- söhbət düşür. 

Biz bu insanlar deyildik, özümüz özümüzü yaman qiymətdən salan olduq, qiymət biçə-biçə. Bəlkə də nə o geyimlər deyilən qiymətədir, nə də üst-başlarındakı brenddir. Özünü baha qiymətə satmağın bir yolu da, bahalı olduğuna inandırmaqdan keçir. 

Bəs  sadə insanlar necə baxır “qiymətbiçdi mərasimi”nə? Özlərindən soruşaq. Şərhləri oxuyuruq:

“Pulla səviyyə olsaydı.  Amma olmur”

“Fərq etmir, istəyir üzərində millionluq bir geyim olsun, onun altında bir qəpiklik insan yoxdursa nə mənası var”.

 “Bu görməmişlikdən başqa bir şey deyil”

“Kəfənin 10 manat qiyməti var.  Heç o da hamıya nəsib olmur”.

“Varını verən utanmaz,  var-yoxunun qiymətini deyir?”

# 4989
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar