Müğənni Rəqsanə İsmayılovanın köməkçisi müğənninin mülklərinə həbs qoyulması barədə yayılan xəbərlərə münasibət bildirib.
Rəqsanənin köməkçisi Lent.az-a verdiyi açıqlamada xəbərin yalan olduğunu deyib.
"Elə bir şey olsa, özü məlumat verəcək, Rəqsanə xanım heç nəyi gizlətmir. Hazırda özü qızı Yananın işləri ilə əlaqədar Rusiyadadır. Bir müddət orada qalacaq",- deyə o bildirib.
***
15:13
Hazırda Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın Azərbaycandakı mülklərinə həbs qoyulub.
Lent.az-ın “Qaynarinfo”ya istinadən xəbərinə görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, R. İsmayılova qərarı icra etməyib.
Bu səbəbdən icra məmuru tərəfindən Nəsimi Rayon Məhkəməsinə müraciət edilib. Məhkəmənin qərarı ilə Rəqsanə İsmayılovanın Goranboy rayonunda və digər yerlərdə yerləşən 100 sotdan artıq torpağına və onun üzərindəki əmlaka həbs qoyulub.
R. İsmayılova qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. İşə hakim Elşən Kazımovun sədrliyi ilə baxılacaq.
Məsələ ilə bağlı R. İsmayılova açıqlamasında xəbəri əvvəlcə təkzib etsə də, sonradan təsdiqləyib. Müğənni bu barədə geniş danışmaq istəmədiyini bildirib:
“Köhnə söhbətdir və məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişik".