Xalq artisti Ramiz Məlik Əməkdar artist Vahid Əliyevlə aktyor Fərda Xudaverdiyev qalmaqalına münasibət bildirib.
Lent.az-ın məlumatına görə, aktyor “Facebook”da adıçəkilən həmkarlarının qalmaqal xəbərinə bu cür münasibət bildirib:
“Boş, mənasız, lazımsız, indi heç kəsi maraqlandırmayan, sənətdən uzaq söhbətdir. Kimin kim olduğu hamıya çoxdan məlumdur”.
Qeyd edək ki, V.Əliyev Lent.az-a açıqlamasında aktyorlar Fərda Xudaverdiyevi, Elməddin Cəfərovu, Müşfiq Şahverdiyevi qeyri-peşəkar adlandırmışdı. Onun sözlərinə Fərdanın cavabı ağır olmuşdu: “Bu gün-sabah 41 yaşım olacaq. Dillənmədikcə, böyük-kiçik yeri gözlədikcə, belə xəbərlərin çıxması çox üzücüdür. Yaş olaraq yaraşdırmıram. Hər kəs nəsə desə, cavab verməyə bilərəm. Amma işimlə, 25 illik fəaliyyətimlə bağlı hər kəsin öz sevəni var. Bilmirəm o, əməkdar yoxsa Xalq artistidir. Onun titullarını bilmirəm. Amma şəhərdə sorğu apara bilərlər. Vahid Əliyevi kimsə tanıyırmı?
Bundan öncə Rasim bəyə (Xalq artisti Rasim Balayev - red.) də cavab vermədim. Bizə yaraşmazdı. Sonradan Rasim bəy təkzib etdi ki, belə fikirlər səsləndirməyib. Buna sevindim. Amma Vahid Əliyevə bu yaşda bu sözlər yaraşmadı. Öz işiylə məşğul olsa yaxşıdır.
Bu 69 ildə Azərbaycan tamaşaçısı onu tanımırsa, sosial verilişlərdə qışqırıqla yadda qalırsa və o da yaddan çıxırsa, adam gərək birinci özünə kənardan baxsın. Nə mən, nə Elməddin, nə də Müşfiq iddialı çıxışlar etməmişik, özümüzü tərifləməmişik. Hər zaman öz işimizlə məşğul oluruq. Amma heç bir iş görmədən, iş görən insanların arxasınca danışmaq, bu boşboğazlıqdır.
69 yaşında saytlar onun ironiya ilə üzündə keçirdiyi plastik əməliyyatından yazırsa, onun günahı bizdə və tamaşaçıda deyil. Onu reytinqləri qıran hansısa filmlərimizə dəvət etsəydik, tərəf müqabili olsaydıq, haqqımızda belə danışmazdı.
Bu yaşını gözləyirdin ki, barəmizdə nəsə deyəsən? 25 yaşında nəsə desəydi, cavab verməzdim. Ayıbdır, dinləmədikcə, ağını çıxartmazlar. Yekə oğlansan, bu xəbəri mənim ailəm oxuyur. Yekə kişisən, özünə hörmət eləmirsən, başqasına hörmət elə. Biz bir nəfər deyilik, bizim ailəmiz, qohumumuz, nəslimiz var. Ad çəkərək belə də ağ edib açıqlama vermək olmaz. Bəlkə də 69 yaşın ona verdiyi problemlərdi. Allah ömür versə, bizi də o yaşda görəcəksiniz. Bu işimə qarşı təhqirdir”.
Əməkdar artistin “Onlara müəllimlik etməyə hazıram” sözlərinə Xudaverdiyevin cavabı belə oldu: “Plastik əməliyyatdan sonra sima itir axı. Bu necə olacaq? Böyük məmnuniyyətlə ondan dərs alardım, amma gərək üzündə əməliyyat etdirməyəydi. Çünki anadangəlmə mimikaları itir. Bundan sonra mənə nə öyrədə biləcək?”