"Fahişəlik eləmirəm, üstünü örtəcəyim zir-zibilim yoxdur" – Samiraldo DANIŞIR
22 avqust 2023 16:06 (UTC +04:00)

"Fahişəlik eləmirəm, üstünü örtəcəyim zir-zibilim yoxdur" – Samiraldo DANIŞIR

Lent.az-ın müsahibi qeyri-adiliyi, səmimi açıqlamaları ilə həmişə insanların diqqətini üzərinə çəkməyi bacarmış Samiraldodur ( Samir Əliyev).

- Samiraldo, dostunuz müğənni Samir Bağırovla birlikdə şəkil paylaşmısınız. Onun ad gününü qeyd edirdiniz...

- Bəli, dünən birlikdəyik, axşam da birlikdə qeyd etdik.

- Dostluğunuz necə başlayıb?

 - Uzun illər öncə. 20 ildir dostuq. Mən onda saç stilisti idim. Samirin saçlarının üstündə mən işləyirdim. Beləcə dostlaşdıq. Sonra arada 10 il fasilə yarandı. Amma biz yenidən birlikdəyik.

- Sizin haqqınızda söz düşəndə aranızda sevgi münasibətlərinin olduğunu deyənlər olur...

- Bəli biz bir-birimizi çox sevirik. Amma bu insanların düşündüyü sevgidən deyil. Samir mənim anamdır, atamdır, qardaşımdır, dayağımdır, müəllimimdir. Kim nə düşünürsə düşünsün. Kimsəyə belə düşünmə deyə bilmərik. Desək də, hamı öz istədiyini düşünür.

- Samir Bağırovun yaradıcılığında verdiyi o uzun fasilə nə ilə bağlıydı?

 - Bilirsinizmi, o bir az tənbəl adamdır. Onun yerinə hər işi mən görürdüm, o da arxayınlaşdı, o belə işləməyə öyrəşmişdi. Sonra heç nə eləmək istəmədi, oxumadı, efirlərə çıxmadı, özünə qapandı. Arxayınçılıq oldu, tənbəlləşdi, uçuruma getdi. Dondu. O müddətdə bizim münasibətlərimiz də dondu sanki. O çıxıb getdi Rusiyaya. 

- Bəs bu müddətdə o nə ilə yaşadı, nə yedi, nə içdi?

- Elə bir adamdır ki, həftələrlə ac qalsa, kimsə bilməz. Heç kimə ağız açmaz. Qürurludur. İndi Allaha şükür onu məcbur elədilər, yenidən səhnəyə çıxmağa. Yeni layihələri mahnıları var. Bakı haqqında, payız haqqında mahnılar yazdırıb. Hamı elə bilirdi Samir gedəcək, mən də dayanacam, donacam. Amma belə olmadı. Mən başladım fəaliyyətə. Samir həmişə mənə deyirdi, “sən oxu”. Mənə çoxları deyir ki, sən pəltəksən. Samir deyir bu mənim “fişkamdır”, üstünlüyümdür. Mən saçıma örpək bağlayıram, öndən düyün vururam ha, o da mənim “fişkamdır”, həmailimdir. O başımda olmayanda işlərim düz getmir. Sınamışam. O getdi, mən dayanmadım, işlədim, 10 ildə mən Samirdən də qabağa keçib getdim. 

- Siz niyə qadın paltarında gəzirsiniz?

- Qadınları daha yaxşı hiss etmək üçün. Bu obrazdır. Samiraldo və Samir Əliyev ayrı-ayrı adamlardır. Samiraldonun Samir Əliyevə dəxli yoxdur.  Samir içinə qapanmış, hamıya rahat açıla bilməyən bir adamdır. Hazırda oturub evində balıq kürüsü qızardır. Samiraldo obrazdır, mən öz klounadamı, şoumu satıram və insanların mənim yaratdığım obraza, klounadama tələbatı var. Yeganə adamlardanam ki, öz şoumu sata bilirəm. Evə girdim, o kabluklu ayaqqabıları, yaylığı, ətəyi atıram bir tərəfə, şortumu geyinib işimi görürəm. Stilistin bir fərqi olmalıdır. Ümumiyyətlə, moda tasarımçıları olmasaydı, geyimdə, modada yeniliklər olmazdı axı. Cəmiyyəti biz geyindiririk.

- Son illər müğənniliyə də başladınız. Bu hansı tələbatdan yarandı?

- Artıq 6 il olar stilist kimi işləmirəm. Həkim mənə daha stilist kimi işləməyə icazə vermədi. Gözlərim zəifləyib, makiyaj edə bilmirdim. Üstəlik rənglərə qarşı allergiya yaranmışdı. Məni sevənlər tez-tez şoumen, aparıcı kimi öz məclislərinə dəvət edirdilər. Qonorar verirlər. Orda məni çağırmırlar ki, başqalarının fonoqramlarını oxuyum. Mən də öz mahnılarımı yazdırdım. 15 mahnım var, dillər əzbəridir. “Ləhləlülə”, “Əsmərim”, “Kefimdəyəm” və s. Sevildilər. Məni oxumağa tamaşaçılar məcbur etdilər. Bu gün şou- biznesə güclü axın var. Səhnə murdarlanıb. Hər adamı ulduz eləmək olmaz. Küçə adamları səhnəyə gəldilər.
Bizdə bu məktəbin əsasını nəhəng sənətkarlar qoyublar, Rəşid Behbudov, Oqtay Ağayev...Estafeti onlardan Samir Bağırov, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova alıb, yeni məktəb yaradıblar. Hər yerindən duranın bu sahəyə gəlməsi düz deyil.

- Axı siz də peşəkar müğənni deyilsiniz. Stilistsiniz. Gözəl səsiniz var demək də olmaz. Sizin gəlmək haqqınız var idi?

- Mən şou biznesin içindəydim, yaxın bir sahədən gəlmişəm. Samir Bağırovdan dərs alıram. Həm mən klounadadayam, müğənniyəm demirəm. Sadəcə oxuyuram, sevilir, qəbul olunur. Lolita, Çelentano da klounadadadır. Şadam ki, tələbat var, gündəmdən düşmürəm. Media üçün maraqlıyam. Çünki səmimiyəm, yalandan danışmıram

- Samiraldo obrazı Azərbaycan üçün alışılmış bir şey deyil. Kişilərlə münasibətdə çətin olmur sizə?

- 20 il öncə olsaydı deyərdim hə. İndi qara camaat da dünyanı görüb bilir, hər şeydən xəbərləri var.

- "Qara camaat" sözünə görə topa tutacaqlar sizi, qorxmursunuz?

- Bilirsiniz kimi deyirəm? Adam var yeməyə çörək tapmır, amma cibində 2 minlik  bahalı telefon gəzdirib, ora-bura hava atır. Çöl-bayır görməsələr də, internet vasitəsilə onların da dünyadan xəbəri var. Qara deyəndə onları nəzərdə tuturam. Yoxsa varlı-kasıb seçkiliyi qoymuram. Allah sevməz bunu. Çörəyim elə sadə insanlardan çıxır, mən də onlardanam.

- Sizin bu obrazınızı qınayanlar olur?

- Qınayanlara nə deyim? Məni 7-dən 77-yə sevirlər. Mənki gedib kiminsə arvadını, qızını zorlamıram, fahişəlik eləmirəm, yuva yıxmıram, üstünü örtəcəyim zir-zibilim yoxdu. Çölə çıxanda daha çox diqqət görürəm. Bu mənə bəs edir. Maraqlı olduqca bunun sayəsində pulumu qazanıram. Yolumu azmıram, pozğunluq eləmirəm. Türk sənətçiləri görürsünüzmü? Bülent Ersoy və s. Hoqqa verirlər səhnədə. Hamısı maraqlı olmaq üçün, pul üçün. Bu yolu mən özüm seçmişəm.

- Samiraldonun ən böyük arzusu nədir?

- Uşaq olanda arzum çox idi. Allah onları yerinə yetirmədi. İstədim valideynlərim olsun, anam yanımda olsun, pulum olsun. Allah bunları vermədi. Yəqin belə lazım imiş, onlar olsaydı fərqli ömrüm olardı, 48 yaşım var. Sonradan anam gəldi. O mənə lazım olanda yanımda yox idi. 40 il sonra reallaşan arzular mənə lazım deyil. Allah verdi, və mən anladım ki, o bunları vaxtında nə üçün vermirmiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 97629
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar