Müğənni Nura Suri müğənnilər Natavan Həbibi, Xatirə İslam, reper Elşad Xosenin efirə çıxmaq üçün telekanal rəhbərlərindən pul istəməsi mövzusuna münasibət bildirib.
Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədə yazıb:
"Efirini pula satıb, özünə layiq bildikləri qonaqları dəvət edirlərsə, burada danışılası, deyiləsi söz qalmır. İnsan öz verilişinə, dediyi sözə hörmət qoyar. Səviyyəli veriliş edin, sponsorlardan qazanın. Qonaqdan pul alıb, hər yerindən duranı niyə insanlara yedirtmək istəyirsiniz ki...
Niyə tamaşaçıya, dinləyiciyə hörmət qoymursunuz? Sabah heç kəs səviyyəli işə pul verməyəcək, savadlı aranjiman etməyəcək, klip çəkdirməyəcək. Elə pul verib efirə çıxacaq, insanlara yuxarıdan aşağı baxacaq, tamaşaçını da aparıcını aldığı kimi tərbiyəsizliyi kimi əzəcək.
Xarici ölkələrdə kanalların öz qrim ustaları, modelyerləri var. Əgər gələn qonağın geyimi və makiyajı zövqsüzdürsə, anında dəyişib elə efirə buraxırlar. Özlərinə və tamaşaçıya hörmət qoyurlar.
Biz bu gedişlə hara gedirik? Ətraflı yazıb adlarını da qeyd edəcəyəm. Bəsdirin, insanları gic yerinə qoymayın. Əxlaqsızlar efirə çıxıb əxlaqdan danışıb yaşam dərsi keçirlər, yeni nəslin zövqünü pozurlar. Öz səviyyələrinə uyğun insanların təbliği ilə məşğuldurlar. "Vətən" sözünün mənasını bilməyənlər vətənpərvərlikdən dəm vururlar.
Sənətkarlar, illərini bu sənətə qurban verən ifaçılar kənarda qalıblar. Utandıqlarından efirə çıxmırlar. Çünki efirə sənətkar dəvət edəndə mütləq yanına pul verib efirə çıxan birini qoşurlar. Pulu verən özü sifariş edir ki, bizi səviyyəli müğənni ilə efirə salın".