Dilarə Səlim: “Azərbaycanda tanınmışlar arasında ilk adam mənəm ki...” - SÖHBƏT
16 mart 2013 16:45 (UTC +04:00)

Dilarə Səlim: “Azərbaycanda tanınmışlar arasında ilk adam mənəm ki...” - SÖHBƏT

Qadınlar mart ayında şəkərbura-paxlava yeyib kalori yığmağı, sonra min bir əziyyətlə onu yandırmağı sevir. (Yenə paxlavanın bir yeri var, amma bu şəkərburanın fəlsəfəsini heç anlaya bilmədim. Dünyada ikinci onun kimi manyakca bir şey yoxdu: Yoğur, yay, bük, bur, naxışla, bişir, ye və sonra iki ay pəhriz saxla...) Bu dəfəki qonağım isə kalori problemi yaşamır. Öz dediyinə görə ömründə pəhriz saxlamayıb. Buna heç ehtiyacı da olmayıb. Orta məktəbdə gimnastika ilə, Universitetdə isə xalq rəqsləri ilə məşğul olub. İndi də pilateslə məşğul olur. AZTV-dən yaxşı tanıdığınız telejurnalist Dilarə Səlim ilə “S+ Qadın Klubu”nun idman zalında görüşürük, həm pilatesə, həm də “Qız-qıza” rubrikasına davam...

 

 

- İndiki gəncliyin həyatı çox surətlidir. Hətta düşünürəm ki, onlar Tarkovskinin, Antonioninin filmlərini başa düşməzlər. O filmlərdə kadrlar elə rahat, yavaş hərəkət edir ki, bu gənclər belə surətli həyat ilə o kadrları çətin dərk edələr, o filmləri darıxdırıcı hesab edirlər. İndiki filmlərdə bir dəqiqənin içinə bir neçə kadr sığışdırmağa çalışırlar. Təzə-təzə baxanda başım fırlanırdı, zamanla öyrəndim. Çox böyük kitabxanam var. Oxuma alışqanlığımı atam öyrədib, rəhmətlik çox oxuyan insan idi. Kitabları o qədər sevirdi ki, vərəqini də qatlamağa qoymurdu. Qızlarıma bütün dillərdə kitablar almağa çalışmışam. Deyirəm, ingiliscəni mükəmməl bilirsiz, oxuyun. Kitabı açıb baxırlar, sonra qatlayırlar. Sonra görürəm, o kitabı internetdə axtarırlar, deyirəm eybi yox, ordan oxusunlar, təki oxusunlar. Amma görürəm ordan da kitab haqda qısa məlumatı tapıb oxuyurlar ki, içində nədən bəhs etdiyini öyrənsinlər. Deyirlər, orda ağacı, yarpağı o qədər ətraflı təsvir edir ki, ürəyimiz çəkilir. Fikirləşirəm ki, bəlkə bunların həyat ritmi ilə kitab oxumaq ayaqlaşmır. Bəlkə bir yaş dövrünə çatandan sonra oxuyacaqlar... Sonra deyirəm o yaş dövründə axı mən kitabları su kimi içirdim...

 

- Sizdə birinci təhsil xarici dillər idi, hə?

 

- Birinci hə, alman dili. İkinci təhsil isə Almaniyada yarım illik jurnalistika kursu idi. Bakı Slavyan Universitetində, Bakı Dövlət Universitetində də o təhsilimə güvənib jurnalistikadan dərs demişəm. Amma haqsızlıq olmaz desəm ki, indi tələbələrin doxsan faizi oxumaq istəmir. Sonuncu dəfə tələbələrimə dedim ki, mən işdən güclə vaxt tapıb çatdırıram dərsə gəlməyə, siz isə öyrənmək istəmirsiz. Efirdən çox soyuq təsir bağışlasam da, çox emosional adamam, dərsi başa salanda çox enerji xərcləyirəm. Düşündüm ki, boşuna vaxt sərf edirəm...

 

Telefonu zəng çalır. Qızı Məryəm ilə danışandan sonra kiçik izahat verirmiş kimi: Qızlar dərsdədir...

 

- Universitetdədilər?

 

- Yox, böyük qızım hələ 9-da oxuyur. Birinin 14, o birinin 13 yaşı var. Kiçik qızım Amerikada doğulub, məktəbə Türkiyədə başlayıblar, təhsillərini ingiliscə alıblar. Buna görə də düşüncə tərzləri tamamilə fərqlidir. Ana olaraq, onlara uşaq kimi baxsam da, hiss edirəm ki, böyük qızlardı. Məktəbə arxalarınca gedəndə balacam deyir: “Heç kimin anası arxasınca gəlmir, amma sən gəlirsən”. Mən isə düşünürəm ki, yox, hələ bu yaşda özləri tək gedib-gələ bilməzlər.

 

- Hər dəfə arxalarınca gedirsiz?

 

- Hə... Bəlkə də oğlan olsalar, deyərdim, bu yaşda rahat gedib-gələ bilərlər, qız olduqları üçün...

 

- Çox mühafizəkarsız...

 

- Ola bilər. Azərbaycanlıyıq də... Mən belə böyümüşəm, belə görmüşəm. Desəm, bəlkə də gülərsiz, amma universitetin I kursunda oxuyanda anam arxamca gəlirdi. Qızlarıma deyirəm, mən belə görmüşəm, anam məni universitetə ötürürdü. Deyirlər, axı indi zaman başqadır. Əslində haqlıdırlar... Bir problem də var ki, məktəbləri evdən çox uzaqdır, bəlkə də ona görə bu qədər narahat oluram... Hərdən deyirlər, bizdə yuxarı siniflər məktəbə makiyaj edib gəlirlər, onların anaları yaxşıdır, icazə verir, sən isə icazə vermirsən. Deyirəm, mən sizi düşünüb icazə vermirəm, dərk etmirlər hələ. Hündürdaban ayaqqabı gətirirlər ki, bunu al. Deyirəm üstündə gəzə bilməzsiz axı, cavab verirlər ki, qoy öyrənək də. Başa sala bilmirəm ki, vaxtsız damarlar çıxacaq, bel əyiləcək...

 

- Bəlkə çox qadağa onları yorur, lazımdır ki, bir gün o ayaqqabıda gəzib əldən düşsünlər...

- Ürəyim dözmür axı. Özünə işgəncə verəcək.

 

- Sizin ananız da bu qədər qarışır işinizə?

- Efirdə olanda makiyaj qaçılmazdır, dəri nəfəs ala bilmir. Ona görə də gündəlik makiyaj etmirəm ki, dəri nəfəs alsın. Makiyaj dərini, fen isə saçı dağıdır. O zaman anam hərdən deyir ki, evdən belə çıxma, tanıyan olar, deyər rənginə bax, yəqin xəstədir, deyirəm, qoy desinlər. Mənim üçün bu problem deyil. Adi günlərdə, uşaqların arxasınca gedəndə cins ilə t-shirt ən çox sevdiyim geyimimdi. Mən belə rahat oluram.

 

Telefonu zəng çalır. Bu dəfə isə qızı Mədinə ilə danışır. Sonra qızları ilə özünü müqayisə edir:

- Mən daha çox kitabların içində olurdum, onlar isə daha çox internetdə olurlar. Müasir gənclikdir də... Həddindən artıq qısa yubkanın yaraşmadığını başa salmağa çalışıram. Onda da mənimlə dava edirlər. Amma mənə də iradlarını bildirirlər. Bəzən harasa gedəndə baxıb deyirlər “olmamış, yaxşı görünmürsən”. Arada onlara qulaq asıram. Zövqümüz fərqlidir, onlar başqa jurnallara baxır, başqa filmləri izləyirlər. Disney kanalına baxıb, ordan öyrənirlər. Bəlkə də bir az pis örnək olur, daha çox amerikasayağı, avropasayağı... Bizim cəmiyyət başqa cəmiyyətdir axı.

 

- Onsuzda bizim telekanallardan da fərli bir şey öyrənə bilməyəcəklər.

- O da var, amma Disney də başqa cür mənfidir. Məsələn, bu yaşda baxırlar ki, “boyfriend”, “girlfriend”... Orda başqa yanaşmadır, mən istəməzdim ki...

 

- Bu sizin istəyinizlə deyil axı...

- Bilirəm mənim istəyimlə deyil...

 

İzah etməyə halım yoxdur, çünki “press” həyatda yeganə şeydir ki, 12 dəfədən sonra ətrafımda ölüm dolandığın hiss edirəm. O isə maşallah, çox rahat həm “press” edir, həm də ailə qurmağından danışır:

 

- 28 yaşımda ailə qurmuşam, zarafat deyil, bu yaxınlarda evliliyimizin 15 illiyini qeyd etdik. Mənim üçün ailəm hər şeydən üstündür. Amma gərək yarını, tən yarını tapasan... Ailə qurandan sonra elə oldu ki, yoldaşım xaricə gedəsi oldu. Fikirləşdim ki, ailə üçün iki şəhərdə yaşamaq doğru bir şey deyil. Düşünmədən toparlanıb onunla getdim. Ona görə həmişə tərəddüd etmədən deyirəm ki, nə vaxtsa seçim qarşısında qalsam ailəni seçərəm. Bəlkə də kimin üçünsə bu səhv düşüncədir, amma mən hesab edirəm ki, övladları və həyat yoldaşı olan qadın üçün birinci yerdə ailə durmalıdır. Sən artıq bu ailəni yaratmısan, övlad dünyaya gətirmisən. Sənin məsuliyyətin bu balaca cəmiyyətdə daha çoxdur, nəinki böyük cəmiyyətdə. Ekzüperinin “Balaca şahzadə”si necə deyir? “Axı biz dünyaya gətirdiklərimiz üçün məsuliyyət daşıyırıq”.

 

- Qızlarınız özlərinə sənət seçib?

- Böyük qızım geyim üzrə dizayner olmaq istəyir. Kiçiyin seçimi isə ürəyimcə deyil. “Aktrisa olacağam” deyir. İstəmədiyim bir sənəti seçib. Amma mənə dedi ki, burda yox, Amerikada aktrisa olacam. Gördü, çox neqativ yanaşıram, dedi istəməzsən, sənin qızın Oskar qazana? Dedim fəxr edərəm!

 

Yenə telefon və bu dəfə anası ilə danışır. Sonra yenə davam:

- Almaniyada oxuyanda təqaüdümü toplayıb Parisə getmişdim. Soyuq almanlardan sonra birdən-birə canlı Paris. Almaniyada kimsə sənə diqqət yetirməz, amma fransız maşınından yoldan keçən qıza söz ata bilər. Bu qədər fərqli! Alman yanından keçəndə havası sənə toxunarsa, üzr istəyər. Fransızlar isə qaynayan insanlardı. Onda fransız qadınlarını gördüm və anladım ki, fransız qadınının şarmı nə deməkdi. Almanlarla müqayisədə axı fərq lap yerlə göy qədərdir. Baxırsan ki, gözəl qadın deyil, amma bir qırmızı şərfi, ya qırmızı ayaqqabısı tamam başqa obraz yaradıb və bütün təəssüratını dəyişir.

 

- Özünüzdə fransız qadınından nəsə tapdız?

- Ola bilər nə isə...

 

- Deyiblər ki, bizim qadınlara oxşamırsız?

- Hərdən olur. İndi böyük marketlərdə axı adamı ingiliscə də qarşılayırlar. Kassaya yaxınlaşanda ya rusca, ya da ingiliscə salamlaşırlar. Mən çaşıram, başlayıram azərbaycanca danışmağa. Təəccüb edirlər ki, “azərbaycanlısız?” Onda bir az qüruruma toxunur ki, məni tanımadı... Amma daha çox Türkiyədə belə deyirdilər. Orda yaşayanda “sizdə azəri tipajı yoxdu” deyirdilər. Acığım tuturdu ki, niyə? Deyirdilər azərilər şişman və əsmər olurlar. Deyirəm doğu tərəfə gedəndə siz də eləsiz. Bizim haqqımızda xoşa gəlməyən sözlər deyirdilər, çox toxunurdu mənə. Puşkinin yaxşı sözü var, “mən vətəndəykən öz ölkəmi tənqid edirəm, amma kənarda ölkəmə olan tənqidi təhqir kimi qəbul edirəm”. Deyirdim, azərilər hər nə olsalar da heç olmasa doxsan faizi savadlıdır. Sizin doğudakı çoban imza əvəzinə barmağını basanda bizim çoban qəzet oxuyur.

 

Yenə telefon. Bu dəfə mənim telefonum. Fotoqrafımız bir azdan yaxınlaşacağını xəbər verir, biz də söhbətimizə davam edə-edə fotokamera qarşısına keçmək üçün makiyaja başlayırıq. Uzun illər eyni kosmetoloqun xidmətlərindən istifadə etdiyimizdən dərimizlə əkiz bacılar kimi davranmağımızı görüb özümüz-özümüzə gülürük. “Ah bu vərdişlər!!!”

- Mən oxumağı sevən insanam. İndinin özündə də ingilis dili kurslarına davam edirəm ki, dilim mükəmməlləşsin. Əsas dilim almandı, çalışıram ingilisi də o səviyyəyə gətirim. Bir müddət Türkiyədə yaşadım, onda da rəsm kurslarına gedirdim. Yağlı boya ilə işlənmiş rəsmlərim var.

 

- Bir gün efirdən tamamən uzaqlaşıb özünüzü rəssamlığa həsr edəcəksiz?

- Dəfələrlə ürəyimdən keçib, sonra fikirləşmişəm ki, axı mən peşəkar rəssam deyiləm.

 

Makiyaj bitdi, son tamamlama işlərini qulaqlarımızın, barmaqlarımızın bəzəməklə bitiririk:

- Adətən bir saat bağlayaram, bəs olar. Çilçıraq kimi bəzənməyi sevmirəm. Nişan üzüyü də taxmıram. Təzə ailə quranda bir neçə il taxdım, sonra gördüm yoldaşım taxmır, həm də üzük axı bir az reklam kimi çıxır... Hər tərəfə “mən ailəliyəm” deyirsən sanki. Bir də əsas məsələ odur ki, nişan üzüyü bir az məcburiyyət tələb edir. Artıq onun yanındakı üzüyü, saatı, sırğanı ona uyğunlaşdırmalısan. Ürəyin istədiyin hər şeyi bağlaya bilməzsən...

 

- Adı üstündə “Nişan üzüyü”. Azadlığı məhdudlaşdırır.

- Eyniylə!

 

Fotolar çəkilərkən isə toy şəkillərindən danışırıq:

- Əminliklə, cəsarətlə deyə bilərəm ki, Azərbaycanda tanınmış adamlar arasında efirdə toyundan fraqment yayımlanan ilk adam mənəm. Kiçik bir fraqment idi. Bütün həmkarlarım toyda idi, Sabir müəllim isə toydan çıxıb canlı efirə gəlir. Verilişdə deyir ki, indi bütün həmkarlarım Dilarə Səlimovanın toyundadır və o kiçik kadrı göstərirlər...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5125
avatar

Oxşar yazılar