İyunun 1-də Heydər Əliyev adına Respublika Sarayında Xalq artisti Brilliant Dadaşovanın konserti keçirilib. Lakin konsert izləyicilərin kütləvi narazılığı ilə müşayiət olunub, Brilliantın işığına gələnlərin xəyalları suya düşüb. Uşaqlar günündə səhnədə konserti Xalq artisti yox, izləyicilərin deyimi ilə desək, "uşaq-muşaq" verib.
Onlar sosial şəbəkələrdə, Xalq artistinin Instagram səhifəsində narazılıqlarını dilə gətiriblər. Tamaşaçıların iddialarına görə, Brilliant Dadaşova səhnəyə çıxdıqdan bir neçə dəqiqə sonra daha oxumayıb, səhnəni tərk edib. Konserti ansambl və tələbələr davam etdiriblər. İzləyicilərin çoxu bu vəziyyətdən narazı qalaraq, konserti yarımçıq tərk ediblər.
“Brilliant xanımdan başqa hamı oxudu, Boş yerə pul itirdik, heyf!”.
“Heyif, tamaşaçı boş yerə pul itirdi”.
“Özünüz oxumasanız da, heç olmasa, səhnədəki uşaqlar tək-tək oxuyaydılar. Kim nə oxudu, anlamdıq”.
“Brilliant xanım, toyları da uzadırsan, burda da qəsdən saxlamısan camaatı”.
“Sadəcə ayıb olsun. Bəlli ki səsinizə nəsə olmuşdu. Xəstələnmişdinizsə, insanların itirdiyi zamanına hörmətiniz olaydı, konserti başqa vaxta keçirərdiniz, pula görə ruhunuzu da satırsınız!”
“Bu necə konsert idi? Biz sizi dinləməyə gəlmişdik. Tələbələrinizi yox. Heyf vaxtıma və puluma”.
“Bu pul yığmaq üçün idi ya niyə, anlamdıq. 10 nəfəri buraxıblar səhnəyə ki, qışqırın. Hələ həyatımda belə aldadılmamışdım. Biz solo konsertə gəlmişdik, akademiyanın tələbələrinin konsertinə yox”,- deyə izləyicilər Brilliant Dadaşovanın sosial şəbəkə hesabına yazıblar.
İzləyicilərdən biri şikayətlənməklə qalmayıb, biletin pulunu geri tələb edib.
Qeyd edək ki, konsert biletlərinin qiyməti yerlərinə görə 40-150 manat arasında dəyişib.