"Game of Thrones" serialında "The Mountain" (Dağ) obrazı ilə tanınan islandiyalı aktyor Tor Byörnsson həyat yoldaşı Kelsi Henson ilə paylaşdığı fotolarla yenidən gündəmə gəlib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlüyün diqqətçəkən boy fərqi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Təxminən 2,05 metr boya malik Tor Byörnsson ilə 1,57 metr boyu olan həyat yoldaşı Kelsi Henson arasında 48 santimetrə yaxın boy fərqi var. Məhz bu fərq onların yeni paylaşımlarında izləyicilərin ən çox diqqətini çəkən məqamlardan biri olub.
Paylaşılan fotolarda nəhəng cüssəsi ilə seçilən aktyorun yanında Kelsi Henson xeyli balacaboy görünür. Sosial şəbəkə istifadəçiləri cütlüyün şəkillərinə çoxsaylı şərhlər yazaraq bu boy fərqini maraqlı və qeyri-adi adlandırıblar.
Məlumata görə, Tor Byörnsson və kanadalı Kelsi Henson 2017-ci ildə Kanadada tanış olublar. Onlar 2018-ci ildə ailə qurublar və o vaxtdan bəri birlikdə çəkdirdikləri fotoları mütəmadi olaraq paylaşırlar. Cütlük hər paylaşımı ilə internet istifadəçilərinin diqqətini cəlb etməyə davam edir.
Tor Byörnsson və Kelsi Henson daha əvvəl onlara ən çox ünvanlanan "Necə öpüşürsünüz?" sualına da zarafatla cavab vermişdilər. Kelsi Henson bununla bağlı belə deyib:
"O əyilir, mən isə barmaq uclarımın üstündə dayanaraq ona çatıram. Bəzən isə məni qucağına alır."
Bu səmimi cavab da sosial şəbəkələrdə maraqla qarşılanıb.