“Sahil uşaqları”nın dığ-dığı, sərgərdanlar, mahnı fabriki... və öpüş musiqisi – ARAŞDIRMA – VİDEO
26 iyun 2011 16:30 (UTC +04:00)

“Sahil uşaqları”nın dığ-dığı, sərgərdanlar, mahnı fabriki... və öpüş musiqisi – ARAŞDIRMA – VİDEO

On doqquzuncu söhbət


Ötən söhbətimizdə sizə Leyber və Stoller adlı iki istedadlı şəxsdən söhbət açmışdıq, onların Pop erasındakı rolunu müxtəsər araşdırmışdıq. İndi isə istedadlı bəstəkar, uğurlu prodüsser olan bu insanların səhnəyə gətirdiyi simalardan danışaq.

“The Coasters”

Leyber və Stollerlə əməkdaşlıq edən qruplardan ən uğurlusu “Coasters” (“Sahil uşaqları”) idi. Cavanların problemlərindən şirin bir yumorla söz açmaları onları Çak Berriyə bənzədirdi. Qrupun ilk uğuru “Young Blood” (“Cavan qan”) və “Searchin” (“Axtarış”) mahnıları sayılır. Bu mahnılar Top 100 siyahısında 8-ci və 5-ci yerlərə çıxmışdı. Bunun ardınca ortabab bir mahnı gəldi, ondan sonra isə tam sürətini yığan qrup dinləyicilərinə son dərəcə diqqət çəkən “Jakety Jak” (“Dığ-dığ”) mahnısını təqdim etdi. Bu mahnı zəmanə ilə əla səsləşirdi və əslində yeniyetmələrin əsəblərində oynayan valideyn dığ-dığından bəhs edirdi. “Jakety Jak”i “valideyn dığ-dığının kataloqu” adlandırırdılar. Mahnının qəhrəmanı böyük amallar naminə yaşamağa çalışan tineycerdir - böyüklərin durmadan danladığı, daim dığ-dığ saldığı tineycer. Mahnının dörd bəndi ərzində ana yazıq oğlana nəfəs çəkmək imkanı vermədən danlayır: “Zibili at, yoxsa sənə xərclik verməyəcəyəm! Mətbəxdə döşəməni yu, yoxsa rok-n-rolla qulaq asmağı qadağan edəcəyəm! Nə? Yenə cavab qaytarırsan?”

Qadının dığ-dığı mişarın dişləri kimi adamın beyninə işləyir və üstündən neçə illər keçməsinə rəğmən, yenə də dinləyicisinə dərin təsir göstərir, onun yadına “valideyn diktaturası” ilə bağlı acı xatirələri salır.

Mahnı dövrünün yeniyetmələri tərəfindən hərarətlə qarşılandı və tineycerlər o qədər val aldılar ki, “Jakety Jak” birinci yerə çıxdı. “Coasters” qrupu yeniyetmələrin sevimlisinə çevrildi.

Qrupun sonrakı mahnılarında da kifayət qədər yumor vardı və bu yumor əslində o zamanın dinləyicilərinin qəlbinin açarı idi...

Təbii ki, bu da popdur, amma bayağı, süni deyil, keyfiyyətli pop. Bu mahnıların populyarlığı ilk növbədə prodüsserlərin istedadı ilə bağlıdır. Leyberlə Stollerin səyləri nəticəsində hamı - həm bəstəkar, həm ifaçı, həm də tamaşaçı udurdu. Nəticədə “Coasters”in demək olar ki, bütün mahnıları Top 10-a düşdü...

“The Drifters”

“Coasters”in ayaq üstə möhkəm durduğunu görən Leyber və Stoller qaradərililərdən ibarət başqa bir dəstə - “The Drifters”lə məşğul olmağa başladılar. Bu ansamblın sənət yolu son dərəcə nahamar olmuşdu. Dəstənin üzvləri daim dəyişirdi (1955-ci ildən 2000-ci ilə kimi qrupun düz 12 vokalçısı olmuşdu).

“The Drifters”in yaranışı isə elə həmin 1955-ci illə bağlı idi. Qrup əvvəlcə tanınmış müğənni Klayd Makfatteri müşayiət edən dəstə kimi toplanmışdı. Əsasən “ağır blüz” ifa edirdilər.

İlk heyət 1957-ci ilədək davam gətirir və dağılır. Musiqiçilər isə elə bil qrupun adını (“Sərgərdanlar”) doğrultmaq üçün dörd tərəfə dağılışırlar. Amma dəstə dağılsa belə, artıq bəlli şöhrətə və böyük kommersiya potensialına malik idi. Bunu dəqiq proqnozlaşdıran, dövrünün səsyazma biznesinin aparıcı simalarından olan Cerri Veksler qrup üçün yeni heyət yığdı, “The Crown” ansamblından aparıcı müğənni Ben E. Kinq bu heyətə dəvət olundu və yeni komandanı Leyberlə Stollerin ixtiyarına verdi.

Amma onlar yeni qrupla bir bəstəkar, şair kimi çox az işləyirdilər. Yeni heyət səlis səs sırasına, romantik imicə yiyələndiyindən Cerri Leyberin kifayət qədər kinayəli, satirik mətnləri təzə üsluba uymurdu.

Əvvəlki qruplarla işləyərkən Leyber və Stoller sadə instrumental oranjemana daha çox üstünlük verirdilər. Lakin yeni “The Drifters”in elə ilk mahnısı “Goes My Baby” (“Mənim sevgilim gəlir”) bütün qaradərili musiqi üçün yeni istiqamət açırdı. Bu mahnının lent yazısını o dövrün ən yaxşı nümunəsi saydılar.

Bəs bu mahnının gətirdiyi yeniliklər nədən ibarət idi? Əvvəla qrupda ön mövqeyə simli alətlər çıxmışdı - bu qaradərililərdən ibarət qruplar üçün görünməmiş yenilik idi. Bundan savayı, mahnı özünün qeyri-adi, ritmik biti ilə də fərqlənirdi.

Mayk Stoller bunu sonralar mətbuata belə izah edirdi: “Cerri də, mən də bayon adlandırılan Braziliya ritminə valeh idik... Adətən o tamburundə ifa olunur, amma bizdə tamburin çalan olmadığı üçün, bu işi zərb alətləri ifaçısına tapşırdıq... Bu, simli alətlərdə ifa olunan ilk ritm-ənd-blüz nümunəsi idi. Təxminən Rimski-Korsakov - Borodin üslubunda çox iddialı aranjemanı vardı...”

Müxtəlif mənşəli üslubların - klassika, latın-amerika musiqisi və ritm-ənd-blüz - sintezi son dərəcə riskli bir addım idi. Amma qrup bunu elə ehtiyatla həyata keçirdi ki, tam qələbə çala bildi...

“The Drifters”in bütün sonrakı hitləri də həmin uğurlu yolun davamı oldu. Maraqlıdır ki, qrupa şöhrət gətirən hitlər arasında yalnız biri Leyber və Stollerin qələmindən çıxmışdı.

Buna baxmayaraq, Leyber və Stoller həmin dövrün musiqisi üçün çox əziyyət çəkmişdilər. Onlar klassik rok nümunəsi sayılan gözəl mahnılara imza atmış, rok tarixində ilk müstəqil prodüsserlər olmuşdular. Məhz Leyber və Stoller musiqidə prodüsser işini kino rejissoru səviyyəsinə qaldırmağa müvəffəq oldular. Başqa sözlə desək, filmlər rejissoru ilə tanındığı kimi, həmin zamandan etibarən mahnılar da öz prodüsserləriylə tanınmağa başladı. Leyberlə Stoller bundan savayı daha bir ilkə imza atdılar - popa qaradərili ifaçıları gətirərək, onları hit-paradlara çıxardılar...

Bu istedadlı insanlar çox vacib bir məsələni hamıdan qabaq anlamışdılar: yaxşı pop yaratmaq mümkündür.

Həmin dövrü izlədikcə həm bəstəkar-şair tandeminin, həm də ifaçılıq səviyyəsinin nə qədər aşağı olduğunu yaxşı görürük. Bazar yalnız robot-müğənnilər üçün konveyerdən çıxan mahnıların əlində idi. İstedadlı müəlliflər tapmaq, bu müəlliflərə orijinal material sifariş etmək lazım idi.

Çox axtarası olmadılar. İstedadlı müəlliflər Brodveydəki “Brill Building”də tapıldı...

Çeynənmiş qəliblərdən təşbeh kimi istifadə etsək, “Brill Building” əsl “hit fabriki” idi. Bu binanı içəridən kiçik hücrələrə bölmüşdülər və hər otaqda bir fortepiano vardı. Bəstəçiləri də, şairləri də həmin otaqlarda əyləşdirirdilər - istər tək-tək, istərsə də kollektiv şəkildə... Mahnılar da elə oradaca bəstələnirdi. Bu mahnıların əksəriyyətinin sifarişçisi Don Kirşner adlı birisi idi. Fövqəladə istedadına, yaxşı bəstəkar, yaxşı şair və potensial hitləri seçmək bacarığına görə, onu “qızıl qulaqlı adam” çağırırdılar.

Həmin dövrün Sedaka-Greenfield, Goffin-King, Mann-Vell, Keller kimi yaradıcı simaları Kirşnerlə və onun “Aldon Music” şirkətinə çalışırdılar. Bu yeddi bəstəkar 1955-1973-cü illər arasında “Amerika Top-20” siyahısına düşən 58 mahnının müəllifi olmuşdu. Özü də bu hitlərin çoxu 1958-1966-cı illər arasında işıq üzü görmüşdü.

Adları hit-disklərin üstündə həmin illər daha tez-tez görünən müəlliflər arasında Qoffin üçüncü, Kinq dördüncüdür. Birinci iki yeri isə Pol Makkartni və Con Lennon tutur...

Qısasını desək, həmin illərdə “Brill Building”də son dərəcə böyük iş aktivliyi vardı və bu aktivlikdən ilk növbədə dinləyicilər bəhrələnirdi...

Ben Kinq “The Drifters”i tərk edəndən və solo karyerasını başlayandan sonra o, “Spanish Harlem” (“İspan Harlemi”) adlı gözəl bir mahnını lentə yazdırır. Mahnının prodüsserləri Leyber-Stoller, müəllifləri isə Cerri Leyber və Fil Spektor idi. Mahnı qısa bir zaman ərzində dillər əzbərinə çevrilir və hamıya böyük uğur gətirir...

Bu yerdə bir neçə kəlmə də Fil Spektor haqda deməmək ədalətsizlik olardı. Yuxarıda adı çəkilən mahnıyadək Spektor Teddy Bears adı altında neçə hit yaratmışdı. Daha sonra Coasters və Driftersə bənzər qadın qrupları yaratmışdı – “Crystals” və “Ronettes”. Onun ən klassik mahnıları məhz bu qrupların ifasında tamaşaçılara təqdim olunmuşdu.
Spektor həm də Kirşnerin dəstəsindən olan ifaçılarla əməkdaşlıq edirdi - əsasən də ər və arvaddan ibarət Jeff Barri və Elli Qrinviç tandemi ilə daha uğurlu olmuşdu.

“New Musical Express” jurnalı Elli Qrinviçin dilindən Spektorun iş üslubu haqda belə yazırdı: “Fil səsləri lay-lay bir-birinin üzərinə oturdurdu. Axırda elə güclü musiqi dalğası yarandı ki, dinləyən valeh olurdu. O, reverberasiya (səslərin üst-üstə salınması) dəlisi idi. Amma axırda istəyinə nail oldu! Onunla işləyərkən səs operatorları dəli olmaq dərəcəsinə çatırdılar”.

Bir sözlə, Spektor bəlkə də səsyazma prosesinə belə yaradıcı yanaşma tərzinə görə bütün zamanların ən yaxşı mahnılarından sayılan iki inci ərsəyə gətirə bilmişdi: “The Righteous Brothers”in ifasında “You ve Lost That Lovin Feeleng” (“Sən məhəbbət hissini itirmisən”) və Tina Törnerin ifasında “River Deep, Mountain High” (“Dərin çaylar, uca dağlar”.

Bu mahnılar pop musiqisinin zirvələridir. Bilicilər bu iki mahnını o dərəcədə yüksək qiymətləndirirlər ki, onlardan bizim söhbət açmağımız gərəksiz görünər...

Gələn söhbətimizdə sizə pop-musiqi dövrünün daha bir maraqlı hadisəsindən – “Rəqs və Öpüş musiqisi”ndən söhbət açacağıq və bu “Pop erasi”nin son akkordu olacaq. Amma irəlidə daha böyük musiqi hadisələri var ki, onlardan birincisi “The Beatles” qrupunun adıyla başlı olan “Bit-bum”dur...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1185

Oxşar yazılar