Eldar və Nigar: “Biz istədik və qalib olduq!” - MƏTBUAT KONFRANSI
15 may 2011 04:49 (UTC +04:00)

Eldar və Nigar: “Biz istədik və qalib olduq!” - MƏTBUAT KONFRANSI

“Eurovision-2011” Mahnı müsabiqəsinin qalibləri Eldar və Nigar müsabiqənin final şousundan sonra mətbuat konfransı keçiriblər. Lent.az-ın məlumatına görə, azərbaycanlı duet qalibiyyəti Müslüm Maqomayevin ifasında məşhurlaşan “Azərbaycan” mahnısı ilə qeyd edib.

Nigar çoxsaylı jurnalistlərin qarşısında “Azərbaycan” mahnısını oxuyub. Eldar isə sevincini göz yaşları ilə nümayiş etdirib: “Allah dua edirik! Babamın ruhu məni göydən izləyirdi”.

Təmsilçilərimizi media nümayəndələri arasında ilk olaraq Azərbaycan jurnalistləri təbrik edib.

Əcnəbi jurnalistlər Azərbaycan təmsilçilərini təbrik edib, mahnının çox gözəl olduğunu deyib.

Jurnalistlərdən biri “Eurovision” uşaq müsabiqəsində qalib gələn Ermənistanla “Eurovision-2011”-in Azərbaycan qaliblərinin bundan sonra arasında mədəniyyət mübadiləsinin ola bilmə ehtimalını soruşub. Eldar mədəniyyətin sərhəd tanımadığını vurğulayıb.

Mətbuat nümayəndələri Eldarla Nigarın bundan sonra əməkdaşlıq edib-etməyəcəkləri ilə də maraqlanıb. Nigar gələcəkdə solo fəaliyyət göstərəcəyini deyib.

İngiltərədə yaşayan Nigardan qalibiyyətdən sonra Azərbaycana qayıdıb-qayıtmayacağını da soruşublar. Nigar Camal həmişə həyatının yarısının Azərbaycana bağlı olduğunu deyib: “Mən müsabiqədən öncə evdar qadın idim, lakin “Eurovision” arzum idi, seçimə qatıldım və indi qalibəm. İnsan istədikdə hər şeyə nail ola bilər! Biz istədik və qalib olduq!”

Eldar qalibiyyətə addım-addım nail olduqlarını deyib: “Çox çalışdıq, əziyyət çəkdik, Allaha şükürlər olsun!”.

Avstraliya radiosunun jurnalisti deyib ki, bundan sonra radioda Azərbaycan musiqisi səsləndirəcəklər.

Eldar və Nigara sual ünvanlayanlar arasında İctimai TV-nin əməkdaşı Leyla Quliyeva da olub. O qələbəni eşitdikdən sonra onların ilk olaraq kimə zəng vurduqlarını soruşub. İfaçılarımız həyəcanlı olduqları üçün heç kimə zəng vurmayıblar. Eldar imkan olan kimi ilk olaraq anasına telefon açacağını deyib.

Jurnalistlərdən biri təmsilçilərimizi qəribə sualla təəccübləndirməyə çalışıb: “Eurovision” həm də gey-parad nümayişi kimidir. Siz gələn il ev sahibi kimi buna hazırsınız?”

Eldar isə Azərbaycanın tolerant ölkə olduğunu və cəmiyyətin bütün təbəqələrinə, insanlarına normal yanaşdıqlarını qısaca qeyd edib.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1723

Oxşar yazılar