Eldar və Nigar: ““Eurovision-2012”ni Bakıya gətirəcəyik” - MÜSAHİBƏ
09 may 2011 11:14 (UTC +04:00)

Eldar və Nigar: ““Eurovision-2012”ni Bakıya gətirəcəyik” - MÜSAHİBƏ

Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçiləri Eldar Qasımov və Nigar Camal mayın 10-da keçiriləcək I yarımfinalda çıxışlarından əvvəl APA-nın Düsseldorfa ezam olunmuş xüsusi müxbirinə müsahibə veriblər.

- Sabahkı çıxışa necə hazırlaşırsınız və tamaşaçıları necə bir şou gözləyir?

- Acığı, etiraf edək ki, iki məşqimizi başa vurduqdan sonra rahat şəkildə səhnəyə uyğunlaşmışıq. Həyəcan olsa da, bu həyəcanı dəf etdiyimizi düşünürük, çünki ilk məşqdən fərqli olaraq, sonrakı hazırlıqlarda çox çalışdıq və istədiyimizi əldə edə bildik. Hazırda mükəmməlliyə doğru irəliləyirik və düşünürük ki, mayın 10-da tamaşaçılar çox maraqlı şounun şahidi olacaqlar.

- İkinci məşq zamanı sizin yarımfinalda geyəcəyiniz geyimləri və göstərəcəyiniz şounu izlədik. Libaslarınızda əsasən bəyaz rəngdən istifadə olunub. Bəyaz isə sülhü tərənnüm edir.

- Əlbəttə, qeyd etdiyiniz kimi, bəyaz rəng sülhün göstəricisidir. Bütün dünya Azərbaycanın sülhsevər ölkə olduğunu çox gözəl bilir. Elə biz də bunu Avropa səhnəsində, ən çox izləyicisi olan musiqi yarışmasının səhnəsində göstərmək arzusundayıq. Əslində bu rəng seçimi və libasların düzümünün müəllifi isveçli modelyerdir. Bizim üçün hazırlanan geyimlər ürəyimizcədir və düşünürəm ki, ifa etdiyimiz mahnıya çox uyğundur.

- Nigar, sənin üçün hazırlanan geyim bizə ötən illərdəki təmsilçilərimizin səhnə geyimini xatırladır. Geyiminin Aysel Teymurzadənin libasına bənzəməsi səni narahat etmir ki?

- Qətiyyən narahat etmir. Bizim geyimlərimiz o qədər də bənzəmir, fərqliliklər var. Bu modelyeri bizə Aysel Teymurzadə məsləhət gördü və elə əlaqələrimizin də qurulmasında o yardımçı oldu. Geyimimiz çox xoşumuza gəlir və düşünürük ki, Avropa bu geyimlərimizi də sevəcək.

- Hər il mahnımız ingilis dilində səslənir. Sizcə, mahnıların ingilis dilində ifa olunması Azərbaycan mədəniyyətinin təbliğatına mane olmur ki?

- Yox, niyə olsun? İngilis dili beynəlxalq dildir və bu dili bütün dünya anlayır. Ana dilimizdə də mahnının səslənməsinin lehinəyik, ancaq bu il də mahnımız ingilis dilində hazırlanıb. Biz ingilis dilini çox yaxşı bilirik. Əslində, bu cür müsabiqələrdə mahnının ingilis dilində səslənməsi daha çox uğur gətirə bilər.

- Geyimlərinizdə niyə milli ornamentlərdən istifadə edilməyib?

- Ona biz qərar vermirik. Geyimlərimiz isveçli modelyer tərəfindən hazırlanıb və bütün ideyalar ona məxsusdur. Onsuz da 2012-ci ildə bütün Avropa Bakıya gələcək və Azərbaycan mədəniyyətini yaxından tanıyacaq. Bizim də məqsədimiz məhz budur. Ümid edirik ki, 2012-ci ildə gəlib canlı görəcəklər və mədəniyyətimizə heyran olacaqlar.

- Sizcə, Azərbaycanın mədəniyyət nümunələri ilə Avropanı təəccübləndirmək olarmı?

- Əlbəttə olar və biz buna inanırıq. O qədər zəngin mədəniyyətimiz var ki, hər bir kəsi heyran qoya bilər. Elə biz də bunu istəyirik. Hansısa mədəniyyət nümunəmizi xırda-xırda göstərməkdənsə, elə öz vətənimizdə gəlib canlı görmələri daha yaxşıdır. Azərbaycan xalqı qarşısında söz veririk ki, vətənimizi müsabiqədə layiqli təmsil edəcəyik və “Eurovision-2012”ni Bakıya gətirəcəyik.

- Sizi duet olaraq hər kəs çox yaraşdırır. Hətta rusiyalı təmsilçi Aleksey Vorobyov bildirib ki, duetimizdə yeganə təəssüfləndiyi hal Nigarın ailəli olmasıdır. Sizin bir-birinizə çox yaraşdığınızı bəyan etdi...

- Bunu çox insanlar bildirir və duet olaraq bir-birimizi tamamlamağımız sözsüz ki, müsbət haldır. Aleksey Vorobyov gəlib məndən həyatımda kiminsə olub-olmadığını soruşdu. Mən iki qız anası olduğumu dedim. O, inanmadı. Eldarla çox yaxın dostuq və neçə müddətdir hər gün bərabərik. Elə gün olmur ki, çıxışımız barədə danışmayaq, müzakirələr aparmayaq, məşq etməyək. Bu ərəfədə çox az yatırıq və demək olar ki, günümüzün əsas hissəsini bu yarışmaya həsr etmişik. Bizim üçün uğur qazanmaq çox vacibdir. Uzaqdan baxanda bəlkə də çox asan görünə bilər, amma inanın, çox çətin və məsuliyyətli bir işdir. Sözsüz ki, bu məsuliyyətli işin məhz bizə nəsib olması olduqca gözəl bir haldır.

- Əgər qalib gəlsəniz, Lena Mayer kimi ikinci dəfə də bu yarışmaya qatılarsınızmı?

- Hər il bu yarışmada ölkəmizi təmsil etməyə hazırıq. Bu müsabiqə çərçivəsində o qədər möhtəşəm anlar yaşanır ki, bunu hər dəfə yaşamaq istərdik. Bütün bunlarla yanaşı, peşəkarlıq baxımından irəliləmə vacib bir məsələdir. Hər bir həmkarımıza bu gözəl hissləri yaşamağı arzu edirik.

- Artıq 43 ölkənin hər birinin mahnısını dinləmisiniz. Sizcə rəqibləriniz kimlərdir?

- Builki yarışmada olduqca çətin mübarizə olacaq. Bizim mahnımız möhtəşəmdir. Hər ifamız zamanı bir daha bunun şahidi oluruq. Sevinirik ki, statistikada adımız yüksək yerlərdədir və elə nəticənin də belə olmasını arzulayırıq. Böyük Britaniyanın “Blue” qrupu, İsraildən Dana İnternational, Türkiyənin “Yüksək Sədaqət” qrupu, Rusiyadan Aleksey Vorobyov, İsveçdən Eric Saade, Fransadan Vasili güclü rəqiblərdir. Ancaq biz də onların hər biri üçün güclü rəqibik. Biz bu müsabiqə ərəfəsində çoxsaylı dostlar qazanmışıq. Təmsilçilərin çoxu ilə artıq yaxın dost olmuşuq, elə bu da yarışmanın daha bir üstünlüyüdür.

- Yarımfinal öncəsi Azərbaycan xalqına müraciətinizi eşitmək istərdik.

- Bizə inanın və dəstəyinizi əsirgəməyin! Biz Eldar və Nigar olaraq əlimizdən gələni edəcəyik. Bunun üçün sizin dəstəyiniz çox vacibdir. Bu dəstəyinizə ehtiyacımız çox böyükdür və istərdik çıxışımız zamanı hər birinizin ürəyi bizimlə döyünsün. Hər birinizi çox sevirik və Bakımıza qalibiyyətlə qayıdacağımıza söz veririk.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1270

Oxşar yazılar