Tanınmış teleaparıcı klipmeyker oldu
02 noyabr 2009 15:15 (UTC +04:00)

Tanınmış teleaparıcı klipmeyker oldu

Bugün şəhər restoranlarının birində KİV nümayəndələrini başına toplayan gənc müğənni Samir Dərgahın “Son istək” mahnısına çəkdirdiyi klipin təqdimatı keçirilib. Mafiya motivlərini əks etdirən mahnının söz və musiqisi Çingiz Əlizadəyə məxsusdur.

Lent.az-ın məlumatına görə, tədbirdə Samir niyə məhz mafiya rəhbəri kimi tanınmağına aydınlıq gətirdi. “Müğənnilərin bol olduğu bir zamanda meydanda söz demək sənətçidən böyük hünər tələb edir. Mən də çalışdım ki, fərqlənim. Düzdür, bu sənətlə uşaq yaşlarımdan məşğul olsam da, müəyyən səbəblər üzündən karyerama fasilə verdim. Amma Allaha şükür, səs imkanlarımı qoruyub saxlamışam. Ümid edirəm ki, ilk klipim uğurlu olacaq və şou-biznesdə mafiya başçısı titulu ilə tanınacağam”.

Klipin rejissoru ATV telekanalının “Russkie zvezdi”, “Yeni Ulduz”, “Bizdən-sizə”, “Stop kadr” layihələrində aparıcılıq etmiş Cavid Mustafaoğludur: “Rejissorluq peşəsinin incəliklərini dərindən bildiyimi deyib, özümü öymək istəmirəm. Sadəcə, bacardığım qədər çalışdım ki, bütün ideyalarımı olduğu kimi tamaşaçılara təqdim edim. Deyilənə görə, pis alınmayıb da. Bu rəyi media mənsublarından almaq mənə stimul verdi”.

Klip maraqlı süjet xəttinə malikdir. Bir qrup mafiozun yaşadığı real həyatı əks etdirən mini filmin ana mövzusu yenə sevgi amilidir. Daha dəqiqi, qumarda külli miqdarda pul uduzan mafiya başçısı gənc bir oğlandan (yəni Samirdən) intiqamını almaqda israrlı olur. Amma çox gec xəbər tutur ki, Samir onun yeganə qızının sevdiyi şəxsdir. Bunu öyrəndikdə belə fikrindən daşınmır və intiqam hissini boğmadan, oğlanın ölümünü sifariş verir. Tapançadan açılan güllə isə Samirin yox, günahsız qızın həyatına son qoyur. Sevgilisinin məzarı üstündə intihar etməyə cəhd edən əsas qəhrəmanın həyatı, mafiya başsınının son anda etdiyi müdaxiləsiylə xilas olur. Bir sözlə, əbədi məhəbbət tam çılpaqlığı ilə tamaşaçıya təqdim olunur.

Mafiya başçısı obrazını böyük məharətlə canlandıran tanınmış aktyor və qiraət ustası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, əməkdar incəsənət xadimi Ənvər Vəliyev, klip boyu təsirləndirici rolu ilə diqqəti özünə yönəltməyə müvəffəq olub. Ənvər müəllimin sözlərindən məlum oldu ki, o, gənclərə dəstək olsun deyə, təklifi məmnuniyyətlə qəbul edib və hazır məhsul artıqlaması ilə onun ürəyindən xəbər verir.
Məkana gələnlər arasında, yalnız üç populyar sima- əməkdar artisti İlqar Muradovla, şairə-bəstəkar Xanım İsmayılqızı, mahnısını oluqca fərqli incəliklərlə aranjeman edən Əvəz Muradov iştirak ediblər.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654

Oxşar yazılar