Türkiyədə qeyri-adi jurnalist toyu
12 iyun 2009 11:45 (UTC +04:00)

Türkiyədə qeyri-adi jurnalist toyu

Gəlinlik paltarında xəbər oxuyub, oradan nikah masasına keçəcək

Sabah Türkiyədə qəribə bir toy mərasimi keçiriləcək. Lent.az-ın məlumatına görə, Türkiyənin havaçılıq və turizm sektoruna dair xəbərlər yayımlayan Airport TV kanalının əməkdaşının maraqlı ssenari üzərində qurulan toy mərasimi telekanalla canlı yayımlanacaq.

Ümumiyyətlə, Türkiyədə toyların telekanal vasitəsi ilə canlı yayımı birinci dəfə deyil. Türkiyədə toyları yayımlayan bir neçə televiziya kanalı mövcuddur. Amma ssenarisinə görə, bu jurnalistlərin toyu digərlərindən fərqlənəcək.

Evlənən hər iki şəxs – bəy Murad Hərdəm Airporthaber.com portalının xəbər yazarı, xanım Nilay Morgül isə Airport TV-nin hər gün saat 20:00-da yayımlanan «Ana Xəbər» proqramının aparıcısıdır.

Ssenariyə əsasən yerli vaxtla saat 20:00-da gəlinlik paltarında kamera qarşısına keçən N. Morgül əvvəlki qaydada əsas xəbərləri tamaşaçılara çatdıracaq. Xəbərlər daha sonra studiyada nikah mərasiminin canlı yayımı ilə davam etdiriləcək.

Türkiyənin nəqliyyat naziri Binəli Yıldırımın, Dövlət Hava Limanları İstismar İdarəsinin baş direktoru Orxan Birdalın, Airport TV İdarə Heyətinin sədri Səfa İnanın şahidlik edəcəyi nigah mərasimi Airport TV-də canlı yayımlanacaq.

Rəşad Süleymanov
# 729

Oxşar yazılar