Rəqsanənin məhkəməsi təxirə salındı
29 may 2009 15:15 (UTC +04:00)

Rəqsanənin məhkəməsi təxirə salındı

Bakı Apelyasiya Məhkəməsində məşhur müğənni Rəqsanə İsmayılovanın verdiyi apelyasiya şikayəti üzrə məhkəmə prosesi təxirə salınıb. Lent.az-ın məlumatına görə, proses gələn həftə keçiriləcək.

Xatırladaq ki, Rəqsanə "Azər-Türk Bank" ASC-dən kredit yolu ilə 39375 manat borc götürüb.

Sonradan bank müğənninin borcu ödəmədiyini əsas gətirərək, Binəqədi rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Rəqsanənin 39375 manat əsas borc və 2214 manat faiz borcu (ümumilikdə 41589 manat) olaraq ödəməsi barədə qərar qəbul edib.

Növbəti məhkəmə instansiyaları – Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə - Binəqədi rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Lakin "Azər-Türk Bank" ASC növbəti dəfə R.İsmayılovanın qeydiyyatda olduğu ünvan üzrə Nəsimi rayon Məhkəməsinə müraciət edib. Məhkəmə bankın mənzilin qiymətləndirilməsi, mənzilin hərraca çıxarılması və s. məsələlərə dair tələbləri üzrə iddiasını təmin edib. Lakin məhkəmə qərarı icra edilməyib, yəni hələlik müğənni məcburi qaydada evindən çıxarılmayıb. Belə ki, müğənni Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək “faizlərin yenidən hesablanması, icra hərəkətlərin qanunsuz hesab edilməsi, mənzilin qiymətləndirilməsinin nəticələrinə dair hesabatın ləğv edilməsi və mənzilin hərraca çıxarılmasına dair qərarın ləğv edilməsi tələbinə dair” apelyasiya şikayəti verib.

Müğənni apelyasiya şikayətini əvvəlki instansiyada adı onunla birlikdə cavabdeh qismində göstərilən Vəliyev Bəxtiyar Qafar oğlu ilə birlikdə verib.

Mətbuata bu mövzuda açıqlama vermək istəmədiyini deyən müğənni Rəqsanə "Azər-Türk Bank" ASC ilə danışıqlar apardığını, banka olan borcunu ödəyəcəyini bildirib.

Xatırladaq ki, bir müddət əvvəl müğənninin 117 min manatlıq “Range Rover” markalı avtomobili də əlindən alınmışdı.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 902

Oxşar yazılar