Rəqqasə Fatimə: “Roza Cəlilova məndən pul alanda yaxşı idim, indi pis oldum?!” - MÜSAHİBƏ
05 may 2009 19:00 (UTC +04:00)

Rəqqasə Fatimə: “Roza Cəlilova məndən pul alanda yaxşı idim, indi pis oldum?!” - MÜSAHİBƏ

Son günlər efirdə bir-birinin ardınca münaqişələr yaşayan rəqqasə Fatimə baş verən hadisələrə üsyan edir. Rəqqasə Lent.az-a açıqlamasında bu münaqişələrin məqsədli şəkildə təşkil edildiyini iddia edir.

- Fatimə, hələ də verilişi nə üçün tərk edib getməyin aydın olmayıb...

- Xalqın gözü tərəzidir. Onlar nə qədər başqa səbəb gətirib əsl səbəbi gizlətsələr də, bilirlər ki, mən orda tamaşaçının zənginə çıxıb getməmişəm. Aygünün də xəbərini görmüşəm, ki, “Fatiməyə ayıb olsun, xalq artistilərini təhqir edir, tamaşçı zənginə çıxır gedir. Mən ona güldən ağır söz deməmişəm”. Amma mənimlə çox pis rəftar elədi, gah “balaca” dedi, gah “çıkkılı” dedi, gah “adını dəyişək, balaca Fatimə” qoyaq dedi. Mən özüm də zarafata salmaq istədim. O elə gələndən məni “puşka”ya saldı. Üstəlik, ağzımı da əydi.
Hətta dedi, sən xalq artistlərini təqlid edirsən. Elə olmayıb. Sadəcə olaraq, söhbət xoreoqrafiyadan getdi, Aygün də onu təsdiqlədi. Mən demək istəyirdim ki, Əminə Dilbazi, Kamil Dadaşov, bunlar xalq artistidir, amma xoreoqrafiyanı bitirməyiblər. Milli rəqqasdılar. Aygün məni orada elə qələmə verdi ki, guya mən küçədən gəlmişəm. Belə olmur e, mən illərdir öz üzərimdə işləyirəm. Öyrənmişəm, neçə ansambllarda iştirak etmişəm. O verilişdən çıxandan sonra mən əsəbi vəziyyətində idim. İstəmirdim göz yaşlarımı xalq görsün. Amma o agladığım kadrları verdilər. Kulis arxası nə baş verir, bunu xalq bilməməlidir. Amma onu verdilər.

- İstəmirdin efirə getsin?

- Xahiş eləmişdim, ki, bu hər adamın başına gələ bilər, efirə verməyin. İcazə verməyə-verməyə bunu efirə çıxardılar. Aygün başladı ki, “ay yaxşı deyil, bu nə hərəkətdir? Səhnəni tərk etmək əxlaqsızlıqdır, fikir verməyin, bu adamlar küçədən gəliblər. Ona görə də belə edirlər”.
Üstündən xeyli keçəndən sonra Arif Qazıyev mənə zəng vurdu ki, “eşitmişəm belə bir şey olub. Bu nə məsələdir?” Üstəlik Aygünün xətrini çox istəyirəm, ondan gözləmədiyini də dedi.
Yeri gəlmişkən, bir də qeyd edim ki, mən Aygünün sözü ilə ordan getmişəm. Yalnız cümə axşamı sözünə görə. Aygün Kazımova müğənnidir. Rəqqasə olsaydı, deyərdim rəqqasədir də, ona görə məndən xoşu gəlmir. Birinci dəfə onun verilişində qonaq olanda hiss eləmişdim ki, məndən xoşu gəlmir.

- Xoşu gəlmədiyi üçün belə elədi?

- Mənim yaxınlarım indiyə qədər şokdadırlar ki, bu nə məsələdir? İndi mən axıra qədər danışım, bir nəticə çıxarın. Evə gələndən sonra 60 yaşlı anam mənim göz yaşımı görüb, Elçin Əlibəyliyə zəng vurdu. Dedi, Elçin, oğlum, niyə sizin verilişdə belə şey olub? Qayıtdı anama dedi ki, “siz mənə yol göstərirsiniz?” Telefonu söndürdü. Bundan sonra Arif müəllim mənə zəng elədi ki, “Fatya, mənə “El içində” verilişindən zəng vurublar, verilişə ekspert kimi dəvət ediblər. Gəl, verilişə çıxaq”. Dedim, “gəlmək istəmirəm”. Mənim ağlamağımı da efirə veriblər. Niyə axı mənə qarşı belə etsinlər? Arif müəllim dedi, “narahat olma, gedək, öz sözünü de”. Bəli, mən getdim verilişə, şərt kəsdim ki, Arif müəllim gəlməsə, mən gəlməyəcəm. Rəqs müəlliməm Roza Cəlilovanın da nömrəsini verdim ki, onu da çağırın. Düzdü, Arif müəllim məni orada müdafiə elədi, haqqımda danışdı. Dedi, “15 ildir, rəqs ansamblının solistidir, Fatimə xanım pis olsaydı, mən onu qoymazdım bu teatrda işləsin. O neçə illərdi böyük vəzifəli şəxslərin önündə rəqs edir”.
Bunları deyəndən sonra Elçin Əlibəyli köhnə söhbətləri ortaya çıxardı ki, Aytənlə mənim qalmaqalım olub. Aytən də vaxtilə efirə çıxıb haqqımda demişdi ki, Fatiməni döyüblər. Həmin verilişdə Aytənin rəfiqəsi də guya tamaşaçıdı, mikrafonu aldı əlinə ki, Fatiməni döyüblər. O Aytənin rəfiqəsidir, adı da Sevildir. Bu, şərdir! Heç bir restoranda heç kim mənə barmağının ucu ilə toxunmayıb. Dedim, “bu düzgün söhbət deyil”. Arada insident alındı, Məryəmın, Aygünün söhbəti kənarda qaldı, Aytənlə məni üz-üzə saldılar. Sonra Roza xanımı danışdırdılar, o da dedi, çalışqandır. Amma...
İndi qulaq asin... Roza xanım üç il bizim kollektivdə dərs deyib. O vaxt da solist idim, indi də solistəm. Roza xanım xəstəliyə görə, çıxdı, yerinə Aliyə Ramazanova gəldi. O müddətdə mən üç rəqs qurub, o rəqsə görə diplomlar almışam. Evdə də kasetlər var. Amma Roza xanım başına döndüyüm qayıtdı ki, mən onun müəllimi olmamışam. Bu nə deməkdi? Verilişdə üzümə durdu ki, sən yalançısan.

- Bəs sən nə dedin?

- Mən də qayıdıb dedim ki, Arif müəllim, heç olmasa siz deyin. Arif müəllim dedi, “ay Roza, necə, Muğam Teatrında dərs verməmisən?”. Roza Cəlilova məndən pul alanda yaxşı idim, indi pis oldum?!

- Sən Aygün Kazımovanın verilişinə gələndə artıq Məryəmlə barışmışdın axı..

- Əvvəla, mən o verilişə gəlmək istəmirdim. Mənə dedilər ki, qalmaqallı veriliş deyil. Hərə öz rəqsini edib, gedəcək. Gəldim gördüm, Məryəm fatası ilə oturub mənə naz edir. Artıq başa düşdüm də. Bildim ki, məni orda təhqir edəcəklər.

- Axı Nisə Qasımova verilişində sizi barışdırmışdı...

- Yox. Verilişdən sonra nə salam, nə sağ ol. Mən, ümumiyyətlə, elə insan tanımaq istəmirəm. Heç kimlə işim yoxdur. Elçin müəllim məni elə təqdim elədi ki, guya hamı ilə dalaşıram. Ay balam, bir dənə təzə çömçə çıxıb, “ay laureatam”, ay nə bilim nə. Mənim evdə bir çemodan diplomum var. Bu vaxta qədər danışmamışam. Deyən lazımdır, sən kimsən çıxıb mən deyirsən ki, qeyri-professionalsan!

- Niyə hamı məhz sənə belə sözlər deyir?

- Sənə qurban, nə ola bilər axı, ancaq paxıllıq. Görürlər ki, öz üzərimdə işləyirəm. Artıq son zamanlar tez-tez işlər görürəm, üzdəyəm. İstəyirlər məni sındırsınlar ki, heç nə etməyim. Şəxsi həyatıma təsir edir. Demirsiniz, mən professional, mən gözələm, söz atmayın da, siz də iş görün!!

- Bir də açıqlama vermişdin ki, rəqqasələrdən biri hansısa falçıya cadu etdirmək niyyətinə düşüb..

- Hə. Neçə illərdi, nə Məryəm məni tanımaq istəyir, nə də mən Məryəmi. Fevral-mart ayında bizim tanışımız baxıcı yanına getmişdi. Orada ona deyiblər ki, şou-biznesdə bir insan Fatiməyə cadu edib. Onu şou-biznesdən sil, qalmaqal, biabırçılıq olsun. Görürsünüz, elə də oldu da! Mən istəmirəm belə şeylərə inanım, amma cadu var da. İnsanlar var ki, bu işlərlə məşğuldur. Mən özüm getdim baxıcı yanına. Bilməliyəm ki, düşmənim kimdir. Getdim və məcbur elədim ki, desin. Dedi ki, Məryəmin anası ilə bacısı gəlib yalvar-yaxar ediblər ki, bu qıza cadu et. Mən bunları əsəbləşib danışdım “ATV Maqazin”ə, amma kəsib montaj edib, mənim ağlamağımı efirə verdilər.
Mənə qarşı heç bir kanal belə etməyib. Allaha and olsun, Nisə Qasımovanın qarşısında baş əyirəm. O insan böyüklə böyükdür, kiçiklə kiçik. Dəfələrlə onun qonağı olmuşam. O da məni pis günə qoyardı da.
İndi də söhbət çıxıb ki, rəqqasə toylara getməsin. Mən toylara getməyim, bəs necə dolanım? Mən tək anayam. Teatrda yüz neçə manata qol çəkirəm. Mən öz rəqslərimi necə qurum? Necə işləyim? Necə dolanım?

Leyla
# 2544

Oxşar yazılar