Nüşabə Ələsgərli: “Aygünün yerinə olsaydım, Elarizi döyərdim”
24 fevral 2009 15:00 (UTC +04:00)

Nüşabə Ələsgərli: “Aygünün yerinə olsaydım, Elarizi döyərdim”

Müğənni Nüşabə Ələsgərli görünüşündə və yaradıcılığında yeniliklər edəcək. O, Lent.az-a müsahibəsində şəxsi həyatı və yaradıcılığı ilə bağlı planlarını açıqlayıb.

- Plastik əməliyyat keçirdiyiniz barədə xəbərlər yayılıb. Ancaq əvvəllər bu cür əməliyyatların əleyhinə olduğunuzu deyirdiniz...

- Yox, heç vaxt. Elə əməliyyatlar var ki, onu həyata keçirmək zəruridir. Mənim göz ətrafımda narahatlığım var idi. Gözaltı şişləri əməliyyat etdirdim. Jurnalistlər tez-tez bədəndə əməliyyat etdirib-etdirmədiyimi soruşurlar. İlk dəfə Lent.az-a etiraf edirəm ki, bu yaxınlarda qolumdan yağ aldırmışam. Yay aylarında isə İnşallah, bədənimdə də bəzi dəyişiklik etdirməyi fikirləşirəm.

- Bu əməliyyatların yerinə idmanla arıqlamaq mümkün deyil?

- Təəssüf ki, yox. Misal üçün, mən ana olandan sonra bədənimdə bəzi dəyişikliklər baş verib, indi onu idmanla əvvəlki vəziyyətə qaytara bilmərəm.

- Verilişlərin birində fəxri adlar barəsində bəzi iradlar səsləndirmişdiniz. Gəlin etiraf edək ki, həmin müğənnilər göz önündədir, konsertlər verir, dövlət tədbirlərində iştirak edirlər. Sizə elə gəlmirmi, fəxri ad almaq üçün bir qədər fəal olmaq, mübarizə aparmaq lazımdır?

- O ad alan müğənnilər barəsində heç vaxt etirazla “niyə onlara fəxri ad verilib?” deməmişəm. Kimlərə verilib, halal xoşu olsun. Ancaq mənə də “Əməkdar artist” fəxri adı düşür. Çünki indiyə qədər bütün tədbirlərdə, seçkiqabağı təbliğat kompaniyalarında iştirak etmişəm. Xeyriyyə konsertlərindən imtina etməmişəm, hara lazımdır, getmişəm.
İndiyə qədər ölkə xaricində dəfələrlə konsert vermişəm. Məni ora həmvətənlər, oradakı diaspor dəvət edib. Bu qədər müğənni içərisində Nüşabə Ələsgərliyə şəxsi viza gəlib. Necə olur ki, ora dəvət olunuram, amma Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə göndərilən qastrolların siyahısına daxil edilmirəm. Onlarda nəyim əskikdir? Tədbirləri təşkil edən insanlardan soruşmaq lazımdır ki, Nüşabə Ələsgərlinin nəyi sizi qane etmir? Niyə onu tədbirlərə dəvət etmirsiniz? Məndən ancaq oxuyuram, qapı-qapı gəzə, kiməsə yaltaqlana bilmirəm. Elə tanışım da yoxdur, harasa zəng etdirəm.
Deyirsiniz niyə konsert vermirəm. Hamı bilir ki, konsert hansı yolla verilir. Niyə konsert verim? Cibimdən 50-100 min manat xərcləyim, ki, desinlər, Sarayda Nüşabə Ələsgərlinin konserti oldu? İstəmirəm. İndiyə qədər heç kim konsertdən gəlir əldə etməyib. Hamı çıxır, xeyriyyə konserti verir. Bunu kim bilmir? Təbii ki, dost-tanış, qohum hesabına salon doldura bilərəm. Nəyimə lazımdır, özüm çalım, özüm oxuyum. Müğənnilər konsertdən sonra gəlir əldə etmədiklərini özləri də etiraf edir. Üç min nəfərlik salonun hətta min biletini belə qohuma paylasalar, iki min tamaşaçının hesabına o pulu çıxara bilərlər. Bəs niyə pullarını çıxara bilmirlər. Mən də daxil olmaqla, bizim müğənnilər salonu tamaşaçı ilə doldura bilmirlər! Mən utanaram, sabah “konsert verdim”, deməyə. Çünki hamı bilir ki, biletləri yüz faiz satılan müğənnimiz yoxdur. Bu həqiqətdir, niyə
gizlədim?

- Ölkə xaricində verdiyiniz konsertlərdən pul qazana bilirsiniz?

- O konsertlərdən cüzi də olsa, qonorar alıram. Ən çox bayram ərəfəsində qastrollarımız olur. Bir fərq var ki, bizim məkanlardakı kimi dekorasiya-filan, məkan xərci çəkmirəm. Amerika konsertində 4-5 nəfərlik heyətin yol və səfər xərcini istəmişdim. Bircə şərtim var, normal konsert məkanı və otel tələb edirəm. Vəssalam! Müğənni kimi də konsertimin keyfiyyətinə qarant verirəm. Amerikada məndən konsertin kimin təşkil etdiyini soruşdular. Tomris Azərinin rəhbəri olduğu “Azərbaycan” cəmiyyətinin təşkil etdiyini dedim. Salonun icarə haqqının 18 min dollar olduğunu bildirdilər. Razıyam, pul almayım, ancaq elə geniş kütlə önündə çıxış edim. Heç qazanc istəmirəm. Gedirəm, azərbaycanlıları görürəm, onlar da məni dinləyir.

- Sizinlə eyni yaşda olan həmkarlarınızın çoxu son vaxtlar efirdə görünən müğənniləri qəbul etmir. Onların fikrincə, bu qəbildən olan müğənnilər zövqü korlayır. Siz necə düşünürsünüz?

- İstedadı olmayan müğənninin bir dəfə belə efirə çıxmağı çoxdur. Yox, istedadı varsa, çıxsın. 8 milyonluq Azərbaycanın heç olmasa, 7 milyonu artıq məni tanıyır. Onlar efirə çıxandan sonra məni tanımayacaqlar? İstedadsızlarla Bədii Şura mübarizə aparsın. Bütün günü Cəhrə qarı kimi (Nəsibə Zeynalovanın “Toy” tamaşasında yaratdığı obraz - L.Y.) dedi-qodu ilə efirdən düşmürlər. Biz vaxtilə o tamaşaya baxıb gülürdük, indi də onlara baxırıq. Bütün Azərbaycan oturub fikirləşir ki, filankəsin uşağının atası kimdir? Siz bilirsiniz söhbət kimlərdən gedir, ayıbdır axı...

- Nüşabə xanım, hər yaşın öz düşüncəsi və qayğıları var. 40-50 yaşında müğənninin efirə çıxıb, 17 yaşlı yeniyetmə kimi həyəcanla sevgidən danışması, “mənim sevgilim var, həyatımda sevdiyim insan var”, - deməsi nə dərəcədə realdır?

- Əslinə baxsaq, həyatdır, insan hər yaşda sevə bilər. 41 yaşım var, heç vaxt efirdə bu sözü işlətməmişəm. Düzdü, “oğlumu evləndirim, qızımı köçürüm, sonra ərə gedəcəyəm” demişəm. Amma bunu sevgi yaşamaq, romantik hislər yaşamaq üçün deməmişəm. Həyatımda kimsə olsa belə açıqlamaqdan utanaram. O xarakterdən irəli gəlir.

- Siz 41 yaşında aşiq ola bilərsiniz?

- Bəli. Sevgi hər yaşda olur. Hər yaş dövrünün də öz baxışı, yanaşması olur. Ailə qurmaq çox önəmlidir. Əlbəttə, mən uşaqlarımı yerbəyer eləməmiş ailə qurmaram. İnsanın hər yaşda paylaşmağa həmsöhbəti olmalıdır. Yaşlandıqca insana həmdəm lazım olur. Misal üçün, dayım sonuncu dəfə səksən yaşında evlənib, bəyəm ona qadın lazımdır? Sadəcə, tək qalmaq istəmir. Atam rəhmətə gedəndə anamın əlli yaşı var idi, cavan idi. Beş uşağını böyütdü. Biz də uşaq idik. İndiki ağlım olsaydı, anama deyərdim, ailə qursun. Amma hazırda sevdiyim olsa efirdə demərəm, çünki istər-istəməz onun adı “lyubovnik, sevgili”dir. Dədə-babadan ayıb sayılıb, onu deməzlər.

- Bəzi sənətçilərin çoxu falçıya getməklə problemlərini həll edir. Siz necə falçıya gedirsiniz?

- (Gülür). Sözün açığı, rəfiqələrimə bəzən karta, qəhvə falına baxdırıram. Hər insan üçün maraqlıdır, əvvəldən hər şeyi bilsin. Düzdür, ciddi yanaşmıram, xəstə kimi üzərində düşünmürəm. Amma maraqlı gəlir, düz oldu-olmadı, həvəskar baxıcıya baxdırıram.

- Sənət aləmində küsülü olduğunuz şəxs var?

- Yox.

- İnanaq?

- Bilirsiniz niyə? Mənim də umu-küsüm var, amma o sözləri efirdə deməmişəm. Sözüm-söhbətim olub, amma efirə çıxmayıb. Zəng edib, lazım olan sözü müğənni həmkarlarıma demişəm, elə orda da məsələni çürütmüşəm.

- Nadir Qafarzadənin ad günündə çox fərqli mövqe nümayiş etdirdiniz. Oradakı münaqişələri görmürmüş kimi, səhnəyə çıxıb, canlı mahnı oxudunuz...

- Əslində, mən orada çox hirslənmişdim. Kimsə özünü nəyinsə yerinə qoya bilər, amma mənə bu lazım deyil. Səhnədə deyişmə səsləri gələndə istədim, gedim, ayağa qalxdım və fikirləşdim neynəyim? Sonra istədim, Aygünə də, Elarizə də ayrı-ayrılıqda yaxınlaşım və söhbətə son qoymalarını deyim. Sonra fikirləşdim hər ikisi əsəbidir, nəsə deyərlər, sonra özümü təhqir olunmuş hiss edərəm. Ona görə də qarışmadım.

- Kim haqlı idi?

- Aygün Kazımova qadın kimi, müğənni kimi haqlı idi. Çünki ideya Nadir Qafarzadə tərəfindən gəlmişdi. Təsəvvür edin, mən oturmuşam və o, məni barışdırmaq istəyir. Kişi xeylağı da barışıq əvəzinə sərt münasibət göstərir. Mən neyniyərəm onda? O baxımdan Aygün haqlı idi. Başqa tərəfdən də Aygün də Elarizə sərt cavab verdi.

- Siz Aygün Kazımovanın yerində olsaydınız, necə reaksiya verərdiniz?

- Əvvəla, münaqişəni o səviyyəyə çıxarmazdım ki, barışıq da belə alınsın. Mən bir az emosionalam, əl-qol atıb, onu döyərdim. Mən hirslənəndə iki yolu var, ya gərək döyəm, ya da ağlayam.


- İstedadsız, lakin imkanlı müğənni ilə duet oxuyarsınız?

- İmkanına görə yox, insan kimi insan olsa, jest göstərib oxuyaram. O, mənə ziyan gətirməz. Hər halda zəif oxumağa qoymaram, mahnının bişirib təqdim edərəm. Bir də insan ki insan olmadı, mənim gözümdə onun sənəti sıfırdır. O insan korifey olsa belə, mənim gözümdə heçdir. Bəlkə də adi insan olsaydım, onların mənfi tərəfi sirli qalardı və hörmət edərdim. Ancaq sənət adamı olduğuma görə, hamısını tanıyıram və sənətlərinə görə yox, məhz şəxsi keyfiyyətlərinə görə qiymət verirəm.

Lalə Yusifqizi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2554

Oxşar yazılar