Sultan: “İlhamə Quliyeva nənəm yaşındadır”
17 fevral 2009 20:30 (UTC +04:00)

Sultan: “İlhamə Quliyeva nənəm yaşındadır”

Elza Seyidcahan, İlhamə Quliyeva, Eldar Ələkbərov, Aslan Hüseynov, Tünzalə Ağayeva, Azərin, Anar Nağılbaz, İzzət Bağırov, Xatirə İslam, Azəri qızı Günel, Səidə Dadaşova və bir çox şou-biznes nümayəndəsinin xarici ölkələrdə konsertini təşkil edən “Sultan production”ın rəhbəri Sultan müğənnilərin əksəriyyətindən narazıdır.
Şirkətinə öz adını verən gənc təşkilatçı Lent.az-a eksklüziv müsahibəsində 8 illik fəaliyyəti dövründə qarşılaşdığı problemlərdən danışdı, müəyyən intriqaların səbəbini açıqladı.

- Müğənnilərimizin xarici ölkələrə qastrol səfərləri haqqında ziddiyyətli xəbərlər yayılır. Sizin təşkil etdiyiniz konsertlər hansı səviyyədə və necə salonlarda keçirilir?

- “Sultan production”ın və ya Sultanın adı olan konsert yüksək səviyyədə təşkil edilir və Azərbaycan mediasına da düzgün məlumat çatdırılır. Belə şərhlər artıq mənim problemim deyil, çünki Azərbaycanda çox olmuram. Mənim təşkil etdiyim konsert toy, şənlik salonunda olmayıb.

- Xaricdə konsert verən müğənnilər kimin istəyilə çıxış edir? Oradakı həmvətənlərimizin arzusu ilə, yoxsa sizin təşəbbüsünüzlə?

- Oradakı həmvətənlərimizin arzusu ilə.

- Çox sayda müğənninin adını qeyd etdiniz. Onların arasında sözün əsl mənasında unudulmaz konsert verən sənətçi olubmu?

- Etiraf edim ki, hərənin özünəməxsus yeri olub. Bəziləri qazandığı alqışlara görə seçilib, bəziləri auditoriyasına görə fərqlənib. Mənim fikrimcə ən yaddaqalan konsert sentyabr ayında keçirdiyim konsert idi.

- O proqramda kimlər var idi?

- İlhamə Quliyeva, Elza Seyidcahan, Aslan Hüseynov, Natəvan Həbibi, Nado...

- Sözügedən konsertdən əvvəl mətbuatda xəbər yayılmışdı ki, bir neçə müğənni imtina etdikdən sonra bu heyəti toplamısınız...

- Hə, doğrudur, Nisə Qasımova, Elnur, Ədalət Şükürov da həmin konsertdə iştirak etməli idilər, İlhamə xanımla, Natəvanı isə nəzərdə tutmamışdım. Əfsus ki, bəzi “mənəm-mənəm” deyən müğənnilər var. Elnur da o müğənnilərin sırasında olduğundan, layihədən kənarlaşdırıldı.

- Nisə Qasımova ilə iki ildir, danışıqlar apardığınız, lakin ortaq məxrəcə gələ bilmədiyiniz deyilir...

- Bəli, belə bir şey var. İki ildir, Nisə xanımla qonorar barəsində razılığa gələ bilməmişik.

- Hansı məbləğdən söhbət gedir?

- 50 min avrodan. Güman edirəm ki, axırda razılığa gələ biləcəyik.

- Nazpəri Dostəliyevanın sizdən 100 min manat qonorar istəməsi xəbəri necə, doğrudur?

- Bəli.

- Razılıq verdiniz?

- Yəqin ki, razılıq verəcəyik.

- Axı iki ildir, Nisə xanımla razılığa gələ bilməmisiniz...

- Çünki Nisə xanım təkcə özünə 50 min avro istəyir, Nazpəri xanım isə bütün kollektiv üçün bu məbləği tələb edir.

- Deyilənlərə görə, İlhamə Quliyeva ilə aranızda konsertdən sonra müəyyən narazılıq yaranıb.

- İlhamə Quliyeva bəzilərinin məsləhətinə qulaq asdı və zəhmətimi heç elədi. Amma bu gün yenə də onu görsəm, eyni münasibət göstərərəm, nənəm yaşında sənətkardır, xalqın qırx illik müğənnisidir. Amma yenə də mən xoşlayıram ki, insan verdiyi sözə əməl etsin.

- İlhamə xanım sizə nə isə söz vermişdi?

- O söz vermişdi ki, konsertdən qayıdan kimi mətbuat konfransı keçirəcək. Əfsus ki, Azərbaycana gələn kimi onu “diskdaşıyan”ı yoldan çıxardı və fikirlərini dəyişdi. Beləliklə, aramızda münaqişə yarandı.

- Mətbuat konfransı keçirmək çox vacib idi?

Bu arada Sultanın yanında əyləşən reper Nado söhbətə qarışırdı: “Təyyarədən enən kimi Tolik mətbuata nə dedisə, bizi tanıyan media nümayəndələri üzr istəyib, “bağışlayın, sizi efirdə göstərə bilməyəcəyik”, - dedilər. Onlar bildirdilər ki, sadəcə, İlhamə xanımın konsertdə iştirakını işıqlandıracaqlar”.

- Müğənni ilə bunun səbəbini aydınlaşdırmadınız?

- Sözün açığı, oktyabr ayından etibarən İlhamə Quliyeva ilə görüşməmişəm. Özü zənglərimə cavab vermir, köməkçiləri də əlaqə yaratmırlar.

- Bəs, konsertə qədər necə əlaqə yaradırdınız?

- Konsertə qədər özü zəng vururdu, mən də onun şəxsi nömrəsinə zəng edirdim. Canbir qəlbdə idik. Təəssüf ki, konsertdən sonra olan oldu. Əminəm ki, burada onun “diskdaşıyan”ının əli var. Ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərən prodüserlərin nə savadı var, nə də təhsili. Onları adam edən elə müğənnilərdir. Müğənni pul buraxır, prodüseri yanında gəzdirir. Amma mən müğənniyə pul buraxıram, müğənni mənə pul buraxmır. İndiyədək heç bir müğənnidən faiz almamışam, heç kim deyə bilməz ki, mənə faiz verib. Birinci gündən müğənnilər arasında körpü yaradıram ki, artıq söz-söhbətə ehtiyac olmasın.

- Müğənnilər arasında ən yüksək qonorarı kim alıb?

- Mənə elə gəlir ki, ən çox qonorarı Nazpəri Dostəliyeva alacaq.

- İndiyədək ən çox qonorarı kim alıb...

- Elza Seyidcahan.

- Bayaq dediniz ki, ən unudulmaz son təşkil etdiyini proqram olub...

- İlhamə Quliyeva ilə qonorar barəsində çox tez razılığa gəldik. Dediyim məbləğlə qısa müddətdə razılaşdı. Yəni, o qədər də çox pul vermədim.

- Təşkilatçılar arasında da qısqanclıq var?

- Azərbaycanda yaxşı prodüserlər, təşkilatçılar yoxdur.

- Nahid Emiloğlunun təşkil etdiyi konsertləri də nəzərə alıb bu qənaətə gəlirsiniz?

- Nahid Emiloğlu yaxşı insandır, yaxşı təşkilatçıdır. Amma o, daha çox xarici müğənnilərin cibini doldurur. Bizim müğənnilər üçün əmək sərf etmir. Necə ki, mən xaricdə bizimkilərə konsert təşkil edirəm, o da xarici müğənnilərə burada konsert təşkil edir.

- Xatirə İslamla aranızdakı münaqişənin səbəbi nədir?

- Vaxtilə Azəri qızı Günellə Xatirənin konsertini təşkil etmişdim. Münasibətimiz çox yaxşı idi, məndən Azərbaycana gəlməyimi və onunla işləməyimi xahiş etdi. Gəldim Bakıya, Xatirəni tapa bilmədim. Bu insan yalançı çıxdı. İndi bəlkə özünü yaxşı müğənni hesab edir, düşünür ki, bağışladığı biletlərin hesabına konsertdə özünə tamaşaçı toplaya bilib.

- Niyə müğənnilər konsertdən sonra sizinlə münasibəti korlayır?

- Səbəbi “getdim, gördüm, gəldim” məsələsidir. Xatirə noyabrda Hollandiyaya getdi və qayıdıb növbəti dəfə “trio” ilə səfər edəcəyini dedi. Niyə alınmadı? Heç kim soruşmadı, KİV maraqlanmadı ki, bu yalan vəd niyə özünü doğrultmadı. Bir şeyi də deyim ki, bəzi mətbuat nümayəndələri də belə vəziyyətlərdə obyektiv olmurlar.

- Məsələn...

- Məsələn, tanınan iki ayrı rusdilli agentlikdə işləyən, hamının yaxşı tanıdığı jurnalist dəfələrlə pul müqabilində tədbirlərimi işıqlandırmağı təklif edib. Mən də cavabında “nə vaxt incəsənət adamlarını pulla təbliğ etsəm, o vaxt sizə pul verərəm”, - demişəm. Belə hallarla da rastlaşmışam.

- Sizi daha başqa nələr narahat edir?

- Məni çox təəssüfləndirən “bozbaş” kəlməsidir. Azərbaycan musiqisinə “bozbaş” deyənlərin niyyətini başa düşmürəm. Mən buradan Lent.az vasitəsilə adına “bozbaş” deyilən müğənniləri məhkəmədə həmin şəxslərə təzminat davası açmağa çağırıram. Onlara maddi və mənəvi kömək etməyə hazıram. Efirə çıxıb “bozbaş” mahnı demək, bilirsiniz, nə deməkdir? Bu mənim qanımdır, canımdır, öz musiqimdir. Bəlkə biri əxlaqsızlıqla məşğul olmaq, sponsor axtarışına çıxmaq istəmir, yüksək səviyyəli aranjemana pulu çatmır? Yenə də sözümün üstündə durub deyirəm ki, o şəxslərə kömək etməyə hazıram.
Bir də bəzi imkanlı şəxslərin gəlib burada incəsənət adamlarına mükafatlar təqdim edir. Görəsən o şəxslərin xəbəri varmı, bu mükafatlar pulla satılır?
Mən o mükafat alanların siyahısına baxıb, dəhşətə gəldim! İnşallah gələn il “Sultan” production” əsl incəsənət adamlarına mükafat təqdim edəcək. Onda hamı bu halal hörmət sahibləri ilə razılaşacaq.
Ümumiyyətlə, Azərbaycan şou-biznesindəki eybəcərlikləri görüb dəhşətə gəlirəm, nəyə lazımdır axı, bu qədər şan-şöhrət, təmtəraqlı ad günləri! Mənim də imkanım var, Avropada çalışan prodüserəm, ad günü edib efirə verə bilərdim. Bu insanlar fikirləşmir ki, başqası ehtiyac içində yaşayır?

- Siz prodüserlik təhsili almısınız?

- Bəli, təşkilatçılıq üzrə iki universitet bitirmişəm. Gəlsinlər, mənimlə baş-başa dursunlar, görüm kim nə deyə bilər? Bir kişi özünə prodüser adı verib, həyat yoldaşının yanında efirdən özünə prodüser axtarır, ona nə ad vermək olar? Azərbaycan şou-biznesinə nifrət edirəm!

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3921

Oxşar yazılar