“Miss Azərbaycan-2010” seçildi
24 may 2010 16:30 (UTC +04:00)

“Miss Azərbaycan-2010” seçildi

Gülnarə Əlimuradova ölkəmizi “Miss universe” müsabiqəsində təmsil etmək hüququ qazandı

“Nur production”ın təşkilatçılığı ilə mayın 23-də Heydər Əliyev Sarayında “Miss Azərbaycan-2010” müsabiqəsinin qala konserti və qalibin seçim turu keçirilib. Lent.az-ın məlumatına görə, saat 19:00-a təyin olunan konsert 1 saat gecikib. Hətta 19:50-yə qədər tamaşaçıların zala daxil olmasına icazə belə verilməyib. 50 dəqiqə ərzində tamaşaçılar sarayın foyesində gözləməli olublar.

Nəhayət, 1 saatdan sonra qala konsert başlayıb. Zalın yarıdan çoxu boş idi. Gələn tamaşaçıların əksəriyyətisə finalçıların qohum-əqrəbası, dost-tanışları idi. Yəni, kassadan bilet alıb müsabiqəyə gələn demək olar ki yox idi.

Səhnəyə ilk olaraq müsabiqənin aparıcıları çıxdı - Nuriyyə Əhmədova və Rusiyanın məşhur teleaparıcısı Leonid Yakuboviç. Nuriyyə Əhmədovanın həyəcanı və bu sahədəki səriştəsizliyi Leonid Yakuboviçin professionallığı fonunda əməlli-başlı hiss olunurdu. Lakin bununla belə məşhur rus aparıcısının zarafatları azsaylı tamaşaçıların könlünü açırdı.

Beləliklə, aparıcılar səhnəyə 14 finalçını dəvət edir. Gözəllər ilk olaraq “Miss Xəzər” nominasiyası üzrə çimərlik geyimlərini nümayiş etdirməyə başlayırlar. Daha sonra “Miss istedad” və “Miss idman” nominasiyalarının hər birinə 4 namizədin kadrları nümayiş olunur. Lakin kadrların nümayişi zamanı da texniki problemlər yaşanır.

İkinci mərhələdə 14 finalçı Fəxriyyə Xələfovanın milli geyimlərdən ibarət kolleksiyasını nümayiş etdirmək üçün səhnəyə çıxırlar. Nümayişdən sonra münsiflər heyəti qərar vermək üçün məsləhət otağına çəkilir. Yeri gəlmişkən, münsiflər heyətinin sədri “Miss universe”in Afrika və Avropa üzrə kuratoru Pedro Fransisko idi. Münsiflərin tərkibində isə əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, əməkdar artist Firdovsi Atakişiyev, Lyubov Qutorova və başqaları vardı. Münsiflər heyəti qərar verdiyi müddətdə təşkilatçıların vəd etdiyi “Ricchi e Poveri” qrupu səhnədə çıxış etdi. Qala konsertin ən maraqlı, yaddaqalan və xoş anları məhz bu məşhur qrupun yarım dəqiqəlik çıxışı oldu. Ancaq təşkilatçıların gələcəyini dedikləri “Morandi” qrupu səhnədə görünmədi. Görünür, onlar Bakıya ümumiyyətlə gəlməmişdilər.

“Riccihi e Poveri”nin super şousundan sonra 14 finalçı yenidən səhnəyə dəvət olundu. Bu dəfə isə gecə qiyafəsində və yenə də Fəxriyyə Xələfovanın kolleksiyasından. Nümayiş başa çatan kimi çox gözlənilən an yetişdi. Münsiflər heyətinin qərarı açıqlandı.

Beləliklə, Elnarə Kazımova “Miss istedad”, Əsmət Namazova (14-lüyə daxil deyildi) “Miss intellekt”, Nigar Əliyeva “Miss Xəzər”, Snejana Kruçkova “Miss sport”, Yekatirina Barbuxina “Miss top model” nominasiyasının qalibi oldular. İkinci “vitse Miss Azərbaycan” Malikə Fərmanova, birinci “vitse Miss Azərbaycan” isə Nigar Əliyeva seçildi. Əsas yerin qalibi, “Miss Azərbaycan-2010” isə Gülnarə Əlimuradova elan olundu. Təşkilatçıların əvvəldən dediklərini xatırlasaq, “Miss Azərbaycan-2010” ölkəmizi “Miss universe” (“Miss kainat”) müsabiqəsində təmsil etmək hüququ qazanıb.


Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 629

Oxşar yazılar