“Rəqsanənin sirrini gizli saxlayıram”
21 may 2010 18:00 (UTC +04:00)

“Rəqsanənin sirrini gizli saxlayıram”

Lent.az-ın “Yaxın adam” rubrikasının həmsöhbəti müğənni Rəqsanənin prodüseri Təranə Səmədovadır

- Sizə ayrılmaz ikili demək üçün səbəbim var. Olaylı şəkildə küsdünüz, münaqişəniz oldu, indi isə birlikdə işləyirsiniz.

- Bir ildir, barışmışıq, o mənim həyat yoldaşımdan ayrıldığımı eşidəndə zəng vurdu. Birinci anası danışdı və mən gördüm ki, o ürəklə “bu nədir, başına gəldi”, dedi... Məni ağlamaq tutdu. Gördüm Rəqsanə də o tərəfdən ağlaya-ağlaya telefonu götürdü, “bacı, mən istəməzdim belə şeylər olsun” və s. beləcə barışıq oldu.

- Sonradan işləməyə başladınız...

- Bir ildən çox idi ki, biz barışmışdıq. 3 aydan sonra oturduq, danışdıq. Artıq mənim övladım olmuşdu, gəldi oturdu, dedi “mənim də övladım var, sənin də balan var, ələ-ələ verək, işləyək, balalarımızı saxlayaq”. Nə aranı qatan, nə aramızı vuran var, bir-birimizi başa düşürük.


- Bu qədər qalmaqaldan sonra onu haqlı bilirsən? Doğrudanmı onun haqqında indiyədək düz fikirləşməmisən?

- Bizim Rəqsanə ilə aramızda soyuqluğun yaranmağında səbəbkar Kərim olmuşdu. Mən onun tərəfini saxlayırdım. Bilə-bilə ki, Kərim səhvdir, Rəqsanə ilə dalaşdım. Aramızda şəxsi münaqişə olmamışdı.

- Sən ümumiyyətlə onu neçə ildir, tanıyırsan?

- Yaxından, lap yaxından artıq 5 ildir.

- Bu 5 ildə birinci dəfə idi ki, aranızda fikir ayrılığı olurdu?

- Bu 5 ildə bir dəfə cəmi-cümlətanı... Kərimə görə nəsə olmuşdu.

- Sabah yenidən aranızda nəsə hadisə baş versə, yenidən mətbuat konfransı keçirmək fikrinə düşəcəksən?

- Bu konfransı açığı nə üçün etmişdim, uydurmalar danışmışdı... Mən ona köməklik edib başqa adamlardan pul götürmüşdüm, o da danırdı. Mən də çıxıb onun səsyazmasını qoymuşdum ki, kimisə yalançı çıxarmaq lazım deyil də... Durub deməmişdim ki, “Allah haqqı” bu belə deyil, belədir.

- Onu necə tanıyırsan artıq? Deyirlər, çəkişməsən bərkişməzsən. İndi bir-birinizin haqqında fikir formalaşıb. İnsanlar onu hələ də tam olaraq qavramış deyillər, bəziləri sevir, bəziləri də qəbul etməməkdə qərarlıdırlar...

- İnsanlar onu ona görə qəbul etmir ki, bəzi yersiz qalmaqallara qarışıb, şou-biznes formalaşmamış Rəqsanə hansı yolu göstəriblər, o tərəfə gedib. Amma dərinə qalsa, çox səmimi insandır, hər kəsi başa düşən, kömək edən qadındır. Yaxşı keyfiyyətləri də çoxdur.

- Onun haqqında yalançı da deyirlər...

- Mənə qarşı yalançılığı olmayıb. Baxır da ona kim yalançı deyib. Nə deyirlər ki?

- Deyirlər burda vəd verir, o tərəfdə artıq unudur...

- Bilirsən, necə yalançılıq ola bilər? Bir az məsuliyyətsizdir. O da bütün ailəsi, qohum-əqrəbanın yükü onun üstündə olduğuna görə, nəyisə çatdırmır. Nəticədə gəlib məsuliyyətsizliyə çıxır, onda da onu “yalançı” adlandırırlar.

- Səncə, ona sənətdə yaxın olan, əsl rəfiqə kimi yanaşan bir adam olacaq?

- Heç mən istəmərəm olsun. Ona özünü rəfiqə kimi göstərən insanlar olub, mənim gözümün qabağında arxasından elə danışıb ki, sanki bir neçə gün əvvəl Rəqsanəyə “getmə gözümdən, gedərəm özümdən” deyən bu olmayıb. Belə dostdansa, heç olmasa yaxşıdır.

- Rəqsanə kimlərdən yaxşı, kimdən pisdir?

- Belə müqayisə etmək istəmərəm. Hər bir kəsin özünə uyğun yaxşı ya da pis xüsusiyyəti var. İndi kimdəsə o xüsusiyyət yoxdur, Rəqsanədə var. Belə müqayisə edə bilmərəm.

- Yaxşı, onda onun yaxşı və pis tərəflərini say.

- Pisi odur ki, sabah qazanacağı ilə bu gün qazandığının yerini bilmir. Bu gün 10 manat xərcləyir. Fikirləşmir ki, sabah 2 manat qazana bilər. Məsuliyyətsizdir, işlərini gün ərzində mən yerbəyer eləməsəm, unudur. Deməsəm, artıq tədbiri unuda, getməyə bilər. Bax belə. Amma ki, yaxşı cəhətləri də çoxdur. Nəinki məni, ətrafımda hər bir kəsi ürəyiyumşaqlığı, səmimiliyi, dostcanlılığı ilə başa düşür. Onun yanında bir balaca dərdini danış, beş saat bütün həyat və yaradıcılığını həmin insana danışacaq, sirdaş olacaq. O insanın dərdinə şərik olmaq istəyəcək, belə xasiyyətlidir.

- Nəyə komplekslə yanaşır?

- Açığı o komplekssizdir. Səhnə üçün çox şeyə hazırdır. Kompleksi nə ola bilər, hazırda iki övlad böyüdür, çox açıq-saçıqlığa, qalmaqallara artıq sərhəd qoyub. Kompleks nə ola bilər onda?

- Misal üçün, o layiqli yerdə olmaq istəyir. Bu günlərdə muğam dərsi də alır. Bəziləri kimi hörmət edilən müğənni olmaq istəyir. Amma bu istəyi yetərsiz olanda elə bil qırılır. Bu yaxınlarda “Çal-Çağır”a baxdım, insanlar adicə onun muğam ifasına reaksiya verəndə həyəcan içində idi.

- Yox bir az çəkinirdi ki, alçala bilər. Qalmaqaldan, sərt suallardan elə bil mühafizəyə çəkildi.

- Hə də, kompleksə düşdü...

- Düzdü. Tənqidi xoşlamır, kompleksə düşür, qəbul edə bilmir. Əslində tənqid yaxşı şeydir və onu mükəmməl insanlar qəbul etməlidir. O bir az tənqid eşidən kimi tutulur, tərifi xoşlayır.

- Yaxşı anadır?

- Ana kimi çox yaxşı anadır. Mən ona baxıb fikirləşirəm ki, belə ana ola bilərəm?

- Hansı xüsusiyyətlərinə görə onu yaxşı ana kimi qiymətləndirirsən?

- Övladlarının istəyini yerdə qoymaz. Lakin bununla yanaşı, o, çox ciddidir. Qızının 12 yaşı var, lakin qızının əlində nə mobil telefon var, internet, həyət-baca nədir bilmir. Nənəsi, xalası ilə çıxır, gəzir gəlir. Lakin uşaqlarla, kənar şəxslərlə gəzmir.

- Lakin vaxt var idi, nənəsini, xalasını ictimaiyyətdə başqa şəkildə qələmə verilirdi. Necə ola bilər ki, qızına kənarda nümunə götürə biləcək dostları, yaxşı insanlar yoxdur? O, qızını kimlərdən qoruyur?

- Qızının elə vaxtıdır ki, nəyisə başa düşməyə, anlamaya bilər. Populyar insanın uşağıdır. Hər şey ola bilər. Ona görə də bir az kənar tutur. Müğənni olduğuna görə ikiqat artıq qoruyur.

- 31 yaşı var, gənc qadındır, onun tayları demək olar ki, subaydır. Bu yaxınlarda mən oxudum ki, o ərə getmək haqqında nəinki düşünür, hətta pis baxır.

- Qızının indidən qapısını döyürlər. Ona görə də bundan sonra ailə qurmaq, filan ona uzaq gəlir.

- Onun düşüncə tərzinə, sənətdə olmasına, həyat tərzinə baxınca fikirləşirsən ki, belə düşünməməlidir.

- Əksinə, bəzi sənətçilər var ki, özü boyda oğlu-uşağı var, evlənməkdən danışırlar. Bu mənim bir tamaşaçı kimi xoşuma gəlmir. Əminəm ki, tamaşaçıların da 70-80 faizinin xoşuna gəlmir. O sənətçilər bu fikirdə olmamalıdırlar, Rəqsanənin fikirləri daha normaldır.


- Amma onların həyatında mütləq kimsə olur. İmza nəyi dəyişdirir ki?

- Həyatında olmaq başqa şeydir. Toy çaldırıb, qırx yaşında ailə qurmaq tamam başqa şeydir, məncə ayıbdır. Həyatında olanı şəxsi ailəyə qatmaq düzgün deyil, məncə... Rəqsanənin də həyatında elə bir insan var ki, onu təmin etsin, qeydinə qalsın. Lakin təzədən toy çaldırıb ərə getməsi...

- Rəqsanənin gizli həyatı var?

- Məndən gizli heç bir həyatı yoxdur. (Gülür).

- Yaxşı, onun sirri var? Gizli sirrini saxlayırsan?


- Bəli, sirri var. Saxlayıram.

- Ən balacasını açıqla.

- O sirr olmayacaq axı. Balaca sirr olmur, sirlər böyük olur.

- Misal üçün, deyə bilərsən onun uşağının atası kimdir?

- Mənim deməyimə ehtiyac yoxdur axı.

- Hamı bilir? Bir mən bilmirəm.

- Ətrafındakı insanlar bilir. Elə sənin də qulağına çatıb. Nə eşitmisənsə, əmin ol ki, elədir. Təxmin etdiyin kimidir.

- Məsələn, mən eşitmişdim ki, o uşaq süni mayalanma ilə dünyaya gəlib.

- Yox... Atası var, uşağına da çox gözəl baxır, qayğılarına qalır, aparır gəzdirir. Atalıq vəzifəsini çox gözəl yerinə yetirir.

- Bir dəfə müsahibəsində qəribə etiraf etmişdi: mən bu uşağı dünyaya gətirməli idim. Amma açıqlamadı, niyə.

- Bilirsiniz nə baxımdan deyirdi? Allah ona uzun illərdən sonra övlad verdiyi üçün imtina etməyib.

- Onun səndən başqa rəfiqəsi var?

- Var, anası, bacısı. Başqa yoxdur.

- Axırıncı dəfə nə vaxt ağlayıb?

- Anası xəstəxanada olanda.

- Özü haqqında nə fikirdədir? Olduğu yerdən razıdır?

- Onun hansı xüsusiyyəti xoşuma gəlir, əməksevər qızdır. Dayanmadan qarışqa kimi işləməyi sevəndir. Son vaxtlar tənbəlləşmişdi. Silkələnəndən sonra tez özünə gəlir. Muğam dərsi alır, lazım olsa, vokal dərsinə gedir. Mahnı alır, dayanmadan işləyir. Mən onu çox sənətçidə görməmişəm.

- Borcu var yenə də ?

- Elə bir müğənni yoxdur ki, borcu olmasın. O ağlagəlməz məbləğlərdə borca girdi. İndi yavaş-yavaş o pulları ödəyir.

- Həyatındakı insan ona kömək etmir?

- Həyatındakı insan uşağına baxır. Şəxsi həyatına müdaxilə etmir.

- Hansı daha yaraşıqlıdır?

- Yaraşırlar bir-birlərinə. Onu deyə bilərəm. Bəlkə üç-dörd il əvvəl başqa söz deyə bilərdim, amma indi deyirəm yaraşırlar, birlikdə şəkilləri var, çox xoşuma gəlir. Qızları Yağmur, atası, anası...

- Yağmur atasına bənzəyir, anasına?

- Atasına. Dəhşətli dərəcədə atasına bənzəyir.

- Bu şəkildə davam etsə, onun gələcəyini necə görürsən?

- Dayanmadan davam etsək, Azərbaycanda hər bir müğənninin pik nöqtəsi var, gəlib Heydər Əliyev adına Sarayda konsert vermək, əməyə qiymət verəndən sonra, əməkdar artist, xalq artisti adı almaq...

- Rəqsanəni xalq artisti kimi gələcəkdə görürsən?

- Görürəm.


Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1932

Oxşar yazılar