Mətanət İsgəndərli: “Mənim bir həyat yoldaşım var ki...” - MÜSAHİBƏ
02 aprel 2010 14:30 (UTC +04:00)

Mətanət İsgəndərli: “Mənim bir həyat yoldaşım var ki...” - MÜSAHİBƏ

Azərbaycanın əməkdar artisti Mətanət İsgəndərlinin Lent.az-a müsahibəsi

Ənənə pozuldu, müsahibənin ilk sualı Mətanət İsgəndərlidən gəldi:

- Müsahibə çox çəkər? İşlərim çoxdu...

- Yenə təlaş içindəsiniz.

- Hə... işlərim yaman çoxdu. Bunu yazmaq istəyirsiniz?

- Soruşuram. İşləriniz çoxdur, amma özünüz ortada görünmürsünüz. Tək siz deyil, sizin nəsildən olan bütün müğənnilər hamınız bir kənara çəkilmisiniz. Elə bil deyirsiniz ki, bizim dövrümüz bitdi...

- Bir halda elə deyirsiniz, onda elədir...

- Vaxt var idi, sizin konsertləriniz, böyük işləriniz göz önündə idi. İndi də mahnılarınız var, amma alışmadığımız Mətanət İsgəndərli var sanki... nə ilə bağlıdı bu?

- Səbəbi yoxdu. Day siz belə deyirsinizsə, “elin sözü əvvəl-axır düz olar”... (gülür).

- Axı mən bilirəm siz musiqini, işinizi çox sevirsiz!

- “Yoxsuz” deyəndə ki, bunu məni sevənlər deyə bilməz. Məni sevməyənlər deyir. Yəqin siz də məni sevmirsiz...

- Əvvəla, mən “yoxsunuz” demədim. Bir də ki, hörmət ayrıdır, görülən...

- ...Mən mahnı da yazıram, albom da çıxarıram, sadəcə gecə-gündüz başqaları ekranda gözü “mazol” edirlər. Bizim vaxtımızda belə sistem, tərbiyə yox idi. Biz necə başlamışdıq? Əvvəllər AzTV var idi, ayda, üç ayda bir dəfə mən efirdə görünərdim. Belə görünmüşük biz. İndi nə bilim, maşallah, nə qədər televiziyalar var. O deyir e, “məscidin qapısı açıqdır, itin həyasına nə gəlib”... Maşallah, olsun. Bizdə olmayıb, ona görə də qəbul edə bilmirəm. Hətta mən bir az efirə çox çıxan kimi, özüm də çəkilirəm. Deyirəm qoy hər şey səviyyəli, hörmətli olsun. İndiki gənclər elə öyrəşiblər ki, sırtıqcasına efirdən düşmürlər. İstəmirəm mən elə! Mən o xarakterdə də deyiləm. Bu psixoloji bir şeydi. Həqiqət budur. Mən belə öyrəşmişəm. Mən arzuolunan müğənniyəm.

- Mən sizi başa düşürəm, müəyyən mənada haqq qazandırıram. Amma yeni nəsil gəlir...

- ...Vallah, insanlar artıq beziblər ey! Bütün günü musiqi, musiqi! Başqa problemimiz yoxdu?! Onlardan danışın! Ancaq düşüblər müğənnilərin üstünə! Çox şeyi adam istəmir danışsın! Mən normal görsənirəm.
Yeni nəsil pis tərbiyə olunub. O şou-proqramlar biabırçılıqdı. Xalqa o lazım deyil! Ona görə də deyirlər ki, bir xalqı məhv etmək istəyirsinizsə, birinci onun mənəviyyatını (mədəniyyətini – L.) alın əlindən! Çox pis, mənəviyyatsız bir nəsil formalaşır.

- Yəni demək istəyirsiniz ki, bu kütlənin içində oxumaq istəmirsiniz?

- Yox, istəmirəm. Musiqi mənim həyatımdır.

- Tam olaraq anlaya bilmədim sizi...

- Bilirsən, mən sözümü dedim də, sənə... Bu gənc nəsil özləri deyil. Özün olmalısan. Mən özüm olmuşam həmişə. Heç kimlə bəhsə girməmişəm. Onu bilirəm ki, həmişə arzuolunan sənətkar olmuşam. Həmişə məni axtarıblar. Mənim üçün darıxıblar. Bu məni yaşadır. 20 ildi sənətdəyəm. Gecə-gündüz ekranda yapışıb qala bilmərəm.

- Söhbət ekrandan getmir, demək istəyirəm ki, əvvəllər daha maraqlı layihələriniz olurdu, çəkili layihələr ortaya qoyurdunuz.

- Hə, ay sağ ol! Bunu sual ver də mənə!

- Mən bu sualı əvvəldən demişəm. Amma siz hərfi mənada qəbul etdiniz, mən nə edim?

- İndi qəribə bir şey yaranıb. Meymunluğa öyrəşiblər. Meymunluq mənlik deyil. Mən sənətə mahnılarla gəlmişəm. Hazırda böyük layihələrim yoxdu. Onun üçün də yaxşı pul lazımdır. Sandıqdan gərək küp çıxarasan!

- Əvvəllər sandıqdan küp çıxarırdınız?

- (Gülür) Zarafat edirəm.

- Amma vaxtında edirdiniz.

- Bəsdi də, qazandığımı elə sənətə vermiyəcəm ki! Özüm üçün də, balalarım üçün də gün ağlayım. Bilirsən, bu işdə sponsor lazımdı. Mənim bir həyat yoldaşım var ki, qoymaz ki, kimsə mənə sponsorluq etsin.

- Ərə getmisiniz təzədən?

- Yoox, 7-8 ildir... Söz-sözü çəkdi, dedim.

- Özünüz də istəməzsiniz ki, sənətinizə pul qoysun?

- O əsl Azərbaycan mentalitetli kişidir. Layihə, filan belə şeylərə sponsorluq edilməsinə razı deyil.

- Həm özü sizin sənətinizə pul qoymaqda xəsislik edir, həm də sizin yaradıcılıqda inkişafınıza mane olur...

- Yox, özünün o qədər də imkanı yoxdur. Olsa, edir.

- İnanmıram ki, özünüz yaradıcılıq həvəsində olmayasınız.

- Bilirsən, hər mahnım ortaya çıxanda elə populyar olur ki, yenidən klip çəkdirməyə ehtiyac qalmır. Biri elə “Bir gün” mahnısı. “Taleyim mənim”ə neçə vaxtdan sonra klip çəkdirdim, onda da Cabir Novruzun oğlu dəfələrlə zəng vurdu, klipə də özləri sponsorluq etdilər. “Qolların beşik olsun”a klip çəkdirmişəm. Bilirsən, evin problemləri də qarışıb bir-birinə. Qızı köçürürəm.

- Nə yaxşı, qızınız nişanlısı ilə barışdı?

- Hə, barışdı. Şükür Allaha, yaxşıdı. İndi toya hazırlaşıram. Vaxt gedir, enerji gedir, yorulursan. Yaradıcı adamın gərək heç bir problemi olmasın.

- Uzaqdan problemsiz görünürsüz.

- Nə danışırsan. Bizim də problemlərimiz var, mənim də! Sən bayaq mənə pis sual verdin. Dedin niyə ortada yoxsan. Ömrümü sənətə fəda etmişəm. Mənim şəxsi həyatım olmayıb. İndi-indi özümə aid həyatım var.
İnan ki, çox efirə çıxanda bir də görürsən, artıq nəsə baş verdi. Bütün əsəblərim gedir. Özüm-özümə hirslənirəm ki, niyə gəlirəm, axı, sonunda da belə qalmaqallara düşürəm. Bir dəfə Gülyazın təqdimatında kişinin qızını tərifləmişəm, elə montaj ediblər ki! Gülyaz zəng vurub ki, Mətanət, ölmüşəm gülməkdən. Elə düzəldiblər ki, “kak budto” mən pisləyirəm. Bu bilirsən nədən irəli gəlir? Televiziyada əvvəl peşəkarlar var idi. İndi hər bir qohumunu qoyub ora, əlinə də bir kamera veriblər. Bir dəfə məni bir qız elə göstərmişdi ki, “urod” da! Qızı haradansa gətirmişdilər.

- Qız sizi kameraya çəkirdi?

- Hə. Biabırçılıqdı. Çox səbəblər sayaram e. Həvəs qalmayıb. Əvvəllər sarayda (Heydər Əliyev adına saray – L.) hər adam konsert verə bilmirdi. İndi pulunu ver, çıx səhnəyə. Amma mən mahnı oxumasam, ölərəm. Düzdü, bilirəm ki, bizim yerimiz başqadı, elə bu hörmətdə qalım, bəsimdi. Mən zorla “raskrutka” etdirmirəm. Hamı etdiyini mən niyə edim ki? İki ildi klip çəkdirirəm, Emin Mirabdullayev çəkib. Orda həyatıma yaxın məqamlar da var. Qəşəng alınıb. Bir az məndən, bır az ondan gecikdi. Gah ona hava lazım oldu, soyuq havada çəkdirmək istəyirdi...

- ...Bir dəfə də sizdən köhnə milis maşını istəmişdi deyəsən...

- Hə, ay sağ ol! Dedim ay balam, dəyiş də ssenarini! Nə isə! İndi də deyir gəl apar klipi, indi də mənim vaxtım yoxdu.

- İndi də gərək “raskruta” üçün pul verəsiz...

- Hə, bax onu de! Düzdü məndən çox pul istəmirlər, sağ olsunlar, amma pulu çox olanın klipi daha çox gedir də efirdə... deyirəm də, mənəviyyat satılıb. Maddiyyat keçib əvvələ... biz də ki, tamam başqa tərbiyə görmüşük. Ona görə deyirlər ki, bədbəxt o kəslərdir ki, taleyinə keçid dövründə yaşamaq düşüb...

Leyla
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4300

Oxşar yazılar