Menecer: “İradə ilə ərinin arasında ilk vaxtlar sevgi olmayıb” - MÜSAHİBƏ
01 fevral 2010 13:30 (UTC +04:00)

Menecer: “İradə ilə ərinin arasında ilk vaxtlar sevgi olmayıb” - MÜSAHİBƏ

Lent.az-ın “Yaxın adam” rubrikasında həmsöhbətimiz müğənni İradə İbrahimovanın meneceri Səbinə Hüseynovadır.

- Bilirəm ki, Elnurədən sonra İradənin məslək həyatında əməkdaşı olduğu ikinci şəxssən.

- Mən özümə onun prodüseri deyil, meneceri deyərdim. Prodüser bir az başqa məna daşıyır. İkinci yox, üçüncüyəm. Bir-iki ay Əzizə adlı bir jurnalistlə işlədi, sonra o, televiziyaya qayıtdı. Ötən ilin oktyabrında işbirliyimizin 4 ili tamam oldu. Demək olar ki, 4 il yarımdır, birlikdə işləyirik.

Mən özüm televiziya rejissorluğunu bitirmişəm. İncəsənət Universitetində təhsil almışam, televiziyada çalışmışam.

- Adətən, müğənni ilə işləmək üçün hər adamın hövsələsi olmur. Ya müğənni ilə ümumi baxışın, marağın olmalıdır, ya da maddi ehtiyacın... İradə ilə səni nə birləşdirir?

- İradə ilə bizim oxşarlığımız var. Əvvəl İradə ilə işləyəndə fikirləşdim ki, bu da şou-biznes adamıdır, evdə narazılıq olacaq. Lakin işbirliyinə başlayar-başlamaz anladım ki, ailə adamıdır. “Tusovkalar”ı xoşlamır. Hərdən ona deyirəm ki, belə olmaz, sən müğənnisən, arabir belə yerlərə də getməlisən. Deyir, yox, istəmirəm. İkimiz də “domaşnı” adamlarıq. Mən də gəzməyi sevmirəm. İradə ilə işləmək mənə çətin deyil. O, ədaləti sevir. Baxmır ki, anamdı, bacımdı, Səbinədi... Düzsənsə, düzsən, düz deyilsənsə, düz də deyilsən... İradədə sünilik yoxdu.

- Amma İradənin haqqında təəssürat tam əksidir. Onun haqqında “təbiətcə sünidir” deyirlər.

- Bilirsən niyə belə deyirlər? İnsanlara hər dəfə düzünü deyəndə qəbul etmək istəmirlər. Deyirlər ki, yox, sünidir. Mən deməzdim. Heç deməzdim ki, İradə sünidir. Oynaya bilmir. Hərdən mən ona deyirəm ki, sən niyə düzü onun üzünə dedin? Nəyinə lazımdır axı bu? Özü bilər, öz həyatıdır. Deyir, yox, necə deməyim axı? Deyirəm, ay qız, yola ver... Bilmirəm kənardan niyə ona süni deyirlər? İradəni yaxından tanıyan adamın həmin dəqiqə fikirləri alt-üst olur.

- 4 il yarım içində ola bilməz ki, aranızda narazılıq, mübahisə olmasın...

- O qədər mübahisələr olub ki! İş üstündə mübahisələr olanda o səsinin tonunu qaldırsa belə, incimirəm. İşimi vaxtında yerinə yetirməmişəm, nəyəsə məsuliyyətsiz yanaşmışam. İş üstündə olub mübahisələrimiz...

- Qısa müddətli ayrılıqlarınız olub?

- Yox olmayıb. İradədən yaşca böyüyəm. Amma o mənim üçün bacı kimidir. Bacımın, yaxın adamımın etmədiklərini o mənim üçün edib. Həyatda rəfiqəm çox deyil. Rəfiqə sözünü də sevmirəm. Ona görə də aramızda söz-söhbət düşəndə də normal qəbul edirəm.

- İradənin toyu ərəfəsində haqqınızda maraqlı söhbət çıxmışdı. Dedilər, İradəyə cadu eləmisən ki, daim onunla birlikdə işləyəsən. İradə isə tam əksinə, səndən yaxasını qurtarmaq istəyirmiş.

- Həəə... (Gülür)

- Həmin ərəfədə deyəsən doğrudan da problem vardı...

- Yox, yox. O vaxt İradənin toyu ərəfəsi idi. Onda biz necə ayrıla bilərdik? Başımız işə elə qarışmışdı ki!

- Onun haqqında çox yaxşı danışırsan. Ola bilməz ki, mənfi xüsusiyyətləri olmasın.

- Onun mənfi xüsusiyyəti elə düz danışmağıdır da! Bir də hövsələsizdir. Özündən çox tez çıxır. Fikirləşmir. Mənfisi olsaydı, işləməzdim axı! Onunla işləyirəm ona görə ki, mənəvi marağım da var. Mənə o qədər yaxın adamdır ki, sabah ondan ayrılsam belə bacısı kimi yanında olacam.

- İradə xəsisdir?

- Yox, qətiyyən xəsis deyil.

- Lakin mətbuata informasiya verməkdə xəsisdir. Onun həyat yoldaşı ilə neçə illərdir münasibəti var idi. Amma evlənəcəyi tarixə qədər bunu mətbuata sızdırmadı. Onu başa salan, öyrədən kim idi?

- Öyrədən deməzdim. Onların ilk vaxtlarda aralarında sevgi münasibəti olmayıb. Sonradan münasibətləri formalaşıb. Tanış olan kimi onların münasibəti elə səviyyədə olmayıb ki, evlənsinlər. Bu xəbər də mətbuatda çıxsın.

- Çox sirli görünür.

- Sözü olanda danışır.

- Sözündən belə çıxdı ki, İradə sülhsevərdir, yumşaq təbiətlidir. Bəs onun sənət yoldaşları ilə konfliktləri nədən yaranır?

- Yəqin nəsə olur ki, yaranır da...

- Küsəndə kimdən küsür, nə səbəbdən küsür?

- Yenə də deyirəm, yalnız ədalətsizlik. O bir adamdan sındısa, çətin o adamla İradə barışa.

- Şou-biznesdə dostu var?

- Var. Elələri ilə telefon əlaqəsi saxlayır.

- Elə bir şəxs olubmu ki, barışdırmaq istəmisiz, amma barışmayıb?

- Yox elə bir şey olmayıb. O, ağıllı qızdır. Özü bilir ki, kimlə danışmaq olar, kimlə yox. Amma deməzdim ki, çox adamla yola getmir. Demək olar ki, hamı ilə normal münasibətdədir.

- Onun ailə həyatında elə bir məqam var ki, məsləhətə ehtiyacı olsun?

- Var. Yemək bişirməyə... Düzdü, mənə müraciət etmir. Ailə üzvlərinə və mətbuat katibi Zəminəyə zəng vurub, resept soruşur. Çox evdardır. Təsəvvür et ki, harasa konsertə gedirik. Stolun üstündə gözünə qab sataşdı, başlayır yumağa ki, qoy yuyum, sonra gedək... Ay İradə, tələsirik, gələndə yığışdırarıq. Yox, yığışdırım gedək. Hələ ki, başqa məsləhətə ehtiyacı yoxdur.

- Son vaxtlar az-az gəlir vətəninə. Burada Röya ilə son qalmaqalının rolu yoxdur ki?

- Yox. Sadəcə, Məhərrəmlik ayıdır. Gözləyirik, bu günlərdə gəlməlidir. Məncə, yox.

- İradənin ana olacağı ilə bağlı ilk xəbəri verə bilərsən?...

- Sözün düzü, İradəni bir aydır görmürəm və belə bir yeniliyin olmasından da xəbərim yoxdur. Mən ümumiyyətlə, o barədə onunla heç vaxt danışmıram, soruşmuram...

- ?..

- Düzü, nə qədər yaxın olsaq da bu barədə sual verməyə utanıram. Yəqin yenilik olsa, ilk dəfə özü xəbər verəcək. İnşallah!

- Mən müsahibəyə gələndə səni tanıyanlar dedilər ki, əvvəldən axıradək İradəni mədh edəcək.

- Vallah, həqiqətən onu çox istəyirəm, yalandan nə deyim?

- O vaxt Elnurə ilə onun münasibətinin şahidi olmuşdum. Heç vaxt ağlıma gətirə bilməzdim ki, aralarında soyuqluq olacaq.

- İnşallah, bizdə olmaz. Mən inanmıram. Bizdə soyuqluq olmayacaq. Doğrudan da mən ona can yandırıram. Ona pis olanda mənə də pis olur, mənə yaxşı olanda ona da yaxşı olur. Bizdə bu, qarşılıqlıdır.

- Öz həyatını bütün səmimiliyi ilə səninlə bölüşüb?

- Mən onun həyatını gözəl bilirəm, ailəsinin içiyəm. Mən onunla işçi münasibəti qurmamışam.

- İradə sənə işçi münasibəti yox, sırf bacı münasibəti göstərsə, 6 ay pulsuz işləyərsən?

- İşləyərəm.

- İradəyə xahiş edib, yoxlayarıq...

- Edəcəm. Maddiyyat güdmədən edəcəm.

- İradənin bir sirrini aç.

- Nə sirr? Əslində onun elə bir sirri də yoxdur. Əgər İradənin sirrini açsam, onda bu danışdıqlarımın üstündən xətt çək, apar at... Qoy fikirləşim... şoka salacaq bir şey yoxdur... Məsələn, onun bir sirrini açım sizə - İradə tək qalmaqdan, sevdiklərini itirməkdən qorxur...

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1476

Oxşar yazılar