“Hüseyn Dərya həbsxanada elə-belə oturmayıb...” – MÜSAHİBƏ
25 dekabr 2009 12:30 (UTC +04:00)

“Hüseyn Dərya həbsxanada elə-belə oturmayıb...” – MÜSAHİBƏ

“Mənim fanatım məhkəmədə yalançı şahidin başında butulka qırdı”

Tanınmış reper Hüseyn Dərya Vesti.az saytına müsahibə verib. Narkotik vasitələrdən istifadə etdiyinə və qanunsuz silah gəzdirdiyinə görə 1 il həbsdə olan reper həbsxanadan çıxdıqdan sonra yaşadığı həyatdan razıdır. Deyir ki, 1 il davam edən məhbus həyatı ona narkotik vasitələri unutmağa kömək edib və o, həyatını 100 faiz yaxşılaşdırıb. Hüseyn Dərya artıq işə də başlayıb, 11 saylı islah Əmək Müəssisəsində konsert verib...


- Həbsxana sizə, həyata münasibətinizə, dünyagörüşünüzə necə təsir göstərdi?

- Mən fikirləşirəm ki, hər bir kişi həyatında hansısa ekstremal məktəbi, situasiyanı keçməlidir. Həbsxanadan həm ruhi, həm də fiziki baxımdan möhkəmlənərək, güclənərək çıxdım. Mən həbsxana həyatının bütün detallarını danışmaq istəmirəm, bunu çoxları da başa düşməz. Adətən insanlar deyirlər ki, mən həbsxanaya düşsəydim, dözərdim. Ancaq sən bilmirsən ki, bu nədir. Sən əvvəldən əminliklə deyə bilməzsən ki, dözə biləcəksən, ya yox. Mən indi bilirəm ki, bu həyatda hər şeyin baş verməsi mümkündür.

- Azadlığa çıxmısınız, nə ilə məşğul olmaq niyyətindəsiniz?

- Mən düz yola qayıtdım. Ürəkdən öz üzərimdə işləmək və yaradıcılıqda irəli getmək istəyirəm. Hüseyn Dərya həbsxanada elə-belə olmayıb, həbsxanada əllərimi yanına salıb oturmamışam. Dəftərçəm olub, yeni mahnılar yazmışam. Hazırda yeni mahnıların aranjimanı gedir. Hesab edirəm ki, mən tezliklə yenidən öz fanatlarımı sevindirəcəm. Layihələrimə sponsorluq etməyi təklif ediblər, ancaq mən bir az ehtiyatlanıram. Çünki azad insanam və heç kimdən asılı olmaq istəmirəm.

- Ancaq siz məhkəmədə öz günahınızı boynunuza almadınız. İndi də hesab edirsiniz ki, sizi ədalətli mühakimə etməyiblər?

- Bizim günahımız odur ki, biz bu dünyada anadan olmuşuq (gülür). Dünyada günahsız insan olmur, hamı günahkardır. Bəli, mən günahkar deyildim. Mənim yeganə günahım narkotik vasitədən istifadə etməkdir. Analiz də bunu təsdiqlədi. Narkomaniya mənim sağlamlığıma mənfi təsir göstərirdi. Ancaq deyə bilmərəm ki, mənə tamamilə ədalətsiz münasibət bəsləyiblər.

- Bəs indi narkotik vasitələrə münasibətiniz necədir?

- Mən narkotik vasitələrdən asılılığa qalib gəlməyi bacaran iradəli insanam. Ancaq bu, tək mənim məziyyətim, xidmətim deyil. Bu dövr ərzində mənim yanımda olan insanların da böyük əməyi var. Mən “lomka”da olarkən onlar şıltaqlıqlarıma dözüblər. Məlumdur ki, ilk 4 ayda narkotik asılılığından qurtarmaq istəyən insan cəhənnəm əzabı çəkir. Təsəvvür edin ki, mən bir tərəfdən “lomka”dayam, bir tərəfdən də yüngül sətəlcəm olmuşam. Məndə elə kəskin ağrılar var idi ki, siz onu təsəvvür belə edə bilməzsiniz. Həmin dövrdə yanımda olan və mənə psixoloji dəstək verən insanlara minnətdaram. Ancaq mən demirəm ki, həbsxanada “bomba oğlan” olmuşam.

- Dostlarınız sizdən üz döndərmədilər ki?

- Hüseyn Dəryanın əvvəlki vaxtlarında onu tapan dostlar yenə də yanımdadır. Hüseyn Dərya olmasa, o dostlar da olmayacaq (gülür). Həbsxanada olduğum dövrdə fanatlarım mənə baş çəkirdilər. Mənim bir fanatım var, düzü, onun adını belə bilmirəm. Məhkəməyə gəldi və məhkəmədə yalançı şahidin başında butulkanı qırdı. Məni müdafiə etdiyinə görə ona təşəkkür etmək istəyirəm. Mənə müğənni Kərim, prodüser Rüfət, o cümlədən reper Dato baş çəkiblər. Allaha şükür, yoluma tək pis insanlar deyil, yaxşı insanlar da çıxıblar.

- Demisiniz ki, reper Elşad Xose, Anar Nağılbaz və “dəyirmançılar” sizi şou-biznes sahəsindən çıxarmaq istəyirlər. Yenə də onlarla döyüşə hazırsınız?

- Mənim yaradıcılığımın onların fəaliyyətindən yüksəkdə durduğu faktdır. Əgər onlar özləri deyirlərsə ki, mənim mahnılarım güclüdür, mən nə deyə bilərəm? Hazırda mən onlar üçün maraq kəsb etmirəm, onlar da məni maraqlandırmır. Əgər onlar mənimlə yarışmağa qərar versələr, uduzacaqlar. Yaxşısı budur ki, buna cəhd göstərməsinlər. Onlar indi məndən ikiqat qorxurlar. Çünki onların tamaşaçıları təəccübləndirəcək heç bir şeyləri yoxdur. Onlar təzə nə təqdim edə bilərlər? Yeni mahnımı? Mən onlardan çox ucadayam. Əgər onlar yenidən mənə maneçilik törədəcəklərsə, qoy efirə çıxsınlar. Mənə də reklam lazımdır (gülür). Mən onlarla döyüşməyə hazırlaşmıram. Onlar nümayiş etdiriblər ki, hansı bacarıqları var, mən də onlara göstərmişəm ki, mən kiməm. Əgər onlar mənim kim olduğumu unudublarsa, yaddaşlarını təzələsinlər.

- Deyirlər ki, həyat yoldaşınız boşanır...

- Mən elə xanımla evlənməmişəm ki, çətin anda məni atsın. Mən 7 il onun xarakterini öyrənmişəm, sonra evlənmişəm. Allaha şükür edirəm ki, belə ailəm var və mən onunla fəxr edirəm.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2689

Oxşar yazılar