Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Rzayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.
Şahid Əhmədov Məhəmməd təqsirləndirilən şəxsin qonşusu olduğunu deyib:
"Fəhlə işlədiyim mağazada yükləri daşıyırdım. Çölə çıxanda Elşənlə rəhmətliyin dalaşdığını gördüm. Sonra işimə davam elədim, səhəri günü Bəyişin öldüyünü eşitdim".
Şahid Kamilə Qurbanova hadisəni görmədiyini bildirib:
"Elşən və Bəyiş işlədiyim kafeyə tez-tez gəlib gedirdilər. Nərd, domino oynayırdılar, çay içirdilər. 31 dekabrda onların dalaşdığını gördüm, lakin Bəyişin ölməsini sabah işə gələndə eşitdim".
Şahid Elman Bayramov Elşənin onun kababçı işlədiyi kafeyə mütəmmadi gələrək çay içdiyini, yemək yediyini, amma hadisəni görmədiyini bildirib.
Şahid Cavadov Cəsur təqsirləndirilən Elşəni iki ilə yaxındır tanıdığını qeyd edib:
"Bəyişi də dörd ay olardı tanıyırdım. 13 dekabrda "Şəki" kafesində üçümüz yeyib- içdik. Sonra sərxoş halda maşın sürdüyümüzə görə polis bizi cərimələdi. 31 dekabrda binanın komendantından xəbər tutdum ki, Elşən Bəyişi bıçaqlayıb. Elşən ayıq olsaydı, Bəyişi vurmazdı. O, içkili olanda özünü idarə edə bilmirdi".
Növbəti proses 28 noyabr, saat 14:30-a təyin edilib.
Xatırladaq ki, hadisə bu ilin dekabrında Bakının Yasamal rayonunda qeydə alınıb. Paytaxt sakini Bəyiş Quliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıb. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qonşusu Elşən Rzayev saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Fərqanə Novruzova