511 min manat mənimsəmədə ittiham olunan keçmiş Vergilər Nazirliyinin müfəttişi Mahir Əbdürrəhimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əfqan Hacıyevin icraatına verilib.
Xatırladaq ki, 2019-cu ilin may ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Vergilər Nazirliyinin bir sıra Ərazi Vergilər İdarələrində pozuntu aşkar edib.
Bildirilib ki, 2015-2018-ci illəri əhatə edən dövr üzrə fəaliyyətlərinin yoxlanılması zamanı aşkar edilmiş qanun pozuntuları araşdırılır:
2 saylı Ərazi Vergilər Departamentinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Mahir Əbdürrəhimov vəzifə səlahiyyətlərindən sui-istifadə edib. O, Xızı və Siyəzən rayonları üzrə Maliyyə şöbələrindən daxil olmuş vergi və dövlət rüsumlarından tam və ya qismən olmaqla, ümumilikdə 511 min manat azaldıb. Həmin məbləğləri ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə qeyd etməklə sonunculardan nağd şəkildə alıb mənimsəməsinə əsaslı şübhələr olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.