Gəncədə quldurluq hadisəsini törədən şəxsin kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə rayon Polis İdarəsinə fevral ayının 22-də səhər saat 5 radələrində bir nəfər maskalı, naməlum şəxsin şəhər ərazisindəki yanacaq doldurma məntəqələrindən birinə basqın edərək, əlindəki bıçaqla YDM əməkdaşından pul tələb etməsi, istəyinə nail olmadıqda isə YDM-nə benzin tökərək yandırmağa cəhd etməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəhər sakini, 28 yaşlı Ruslan Tağıyev maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı törətdiyi cinayət hadisəsini etiraf edən R. Tağıyev barəsində şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.