Lerikdə qətl törədən molla Murad Əskərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nizami Quliyevin icraatına verilib.
Xatırladaq ki, aprelin 28-də saat 16 radələrində Lerik rayonunun Barzavu kənd sakini 40 yaşlı 3 uşaq anası Fərziyeva Zəkifə Feyruz qızının yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla cinayətin mərhumun həmkəndlisi 49 yaşlı Əskərov Murad Gülbaba oğlu tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Murad Əskərov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib.