Azərbaycan Baş Prokurorluğu Rusiya tərəfinin sorğularını təmin edib.
Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, Kələntərov Emil Ağa-Xəlil oğlunun – qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmağa cəhd etməsinə, külli miqdrada psixotrop maddələrin qaçaqmalçılığını etməsinə; bundan əlavə, Hüseynov Mirzəbala Rövşən oğlunun-külli miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etməsinə, satmaq məqsədi olmadan saxlamasına əsaslı şübhələr müəyyən edilib.
Hər iki şəxs barəsində beynəlxalq axtarış elan olunub.
Axtarışda olan şəxslərin yerinin müəyyən edilməsi əsası ilə Rusiyanın Baş Prokurorluğunun Azərbaycanın Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Emil Kələntərov və Mirzəbala Hüseynov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasına təhvil verilib.