Sumqayıtda qonşusunu baltalayan Əli Səlimovun cinayət işi üzrə ibtidai istintaq tədbirləri yekunlaşıb.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Samir Əliyevin icraatına verilib.
Xatırladaq ki, bu il fevralın 1-də saat 23 radələrində 71 yaşlı Qurban Səfərova çoxsaylı bədən xəsarətlərinin yetirilməsi barədə Sumqayıt şəhər prokurorluğuna məlumat daxil olub.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 62 yaşlı Əli Səlimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı baltanın küt hissəsi ilə baş nahiyyəsinə zərbələr endirməklə Qurban Səfərovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. Əli Səlimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.