Bakıda qardaşını öldürən Elçin Camalovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Samir Əliyevin icraatına verilib.
Qeyd edək ki, bu il martın 18-də saat 23 radələrində Nəsimi rayon ərazisində 53 yaşlı Camalov Etibar Feyzəmməd oğluna məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 52 yaşlı Elçin Camalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Etibar Camalova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Elçin Camalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.