Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Seyagi Seymurun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadəsi ilə davam edib.
Zərərçəkən M.Z təqsirləndirilən Seyagi Seymuru tanıdığını bildirib:
"Seymuru 2017-2018 - ci illərdən tanıyıram. O restoranda müdir kimi çalışırdı. Mən də restoranın yaxınlığında yerləşən "Alisa möcüzələr diyarında" adlı uşaq əyləncə mərkəzində işləyirdim. Mənim VÖEN-im vardı, Seymur dedi ki "Mən xarici vətəndaş olduğuma görə alınmır, sən müəssisə aç. Mənim biznes planım var, həyata keçirək, sonra ortaq qazanc götürərik. Ona etibar etdiyimdən çox qarışmadım. Başıma gələn oyundan Səbail rayon polisinə çağırılanda xəbər tutmuşam. Mən Seymurun nə pul kisəsi, nə də puldaşıyanı olmamışam. İşin planını mənə Səbail rayon Polis İdarəsində göstərdilər. Planda başqa, reallıqda hər şey başqa cür olduğunu gördüm. Dekorların heç biri quraşdırılmamışdı, ancaq divarlara müxtəlif boyalarla şəkillər çəkilmişdi".
Digər zərərçəkənin qardaşı M.O təqsirləndirilən şəxslə 2024-cü ilin oktyabrında tanış olduğunu deyib:
"Seymur restoranda müdir işləyirdi. Səbəbini bilmirəm, oradakı işindən ayrılandan sonra mənə dedi ki, "Əlimdə biznes planı var. Həyata keçirib qazanc götürə bilərik". Mən də onu qardaşımla tanış etdim. İşə başlayandan bir az sonra işin maliyyə çatışmazlığına görə yarımçıq qaldığını deyib bir dəfə 10 000 manat, sonra da 15 000 manat lazım olduğunu dedi, mən də məbləğləri ona verirdim. Özü ilə danışıb məsələni aydınlaşdırmaq istəyəndə "Bu hələ son deyil, sonda nəticəni görərsiniz" - deyirdi. Biz də sonu gözləyə-gözləyə pul qoymuşduq deyə vaz keçə də bilmirdik. Hər dəfə istəyə-istəyə məbləğ artıq pul 200 000 manatı keçəndə, polisə müraciət etdik. Aydın oldu ki, bu (təqsirləndirilən Seyagi Seymura işarə edir) pulun çox qismini "Seymur əmi" adlı profili ilə "TikTok"da istifadə edərək, elə bir ucdan şir atırmış hamıya. Onun da qiyməti 700-800 manatdır. O sonra profil adını dəyişdirib Tedi qoymuşdu".
Növbəti proses 22 may 15:30-a təyin olunub.
Xatırladaq ki, Seymur Seyagiyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Ümumi dəymiş ziyan isə 200 000 manatdır.