Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunraq həbs edilən İlkin Süleymanovun qalmaqallı məhkəməsi davam edir. Aylardır davam edən məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələrin şahidi oluruq.
Bu gün keçirilən prosesdə də təqsirləndirilən şəxs sensasiyalı ifadələr verib.
İlkin Süleymanov ifadəsində dəhşətli faktlar açıqlayıb.
Onun vəkili Əlibaba Rzayev Lent.az-a açıqlamasında bildirib ki, İlkin Tovuz rayon Polis Şöbəsində hansı işgəncələrə məruz qaldığından danışıb: "Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanov həbs olunandan sonra qətli boynuna götürmək üçün ona qarşı təzyiqlər edildiyini, işgəncələrə məruz qaldığını etiraf etdi. İlkin Süleymanov istintaqdakı ifadəsini təzyiq və işgəncə altında imzaladığını dedi.
O, Nərminin itdiyi gündən meyit aşkarlanan günə qədər haralara getdiyini, hansı məclislərdə olduğunu dəqiqliyi ilə sadaladı.
Bununla yanaşı, İlkin yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində qanunsuz saxlanıldığı barədə ətraflı məlumat verdi. Həmin günlərdə hansı işgəncələrə məruz qalmasından danışdı.
İlkin Süleymanov qətiyyətlə Nərminin qətli ilə bağlı heç bir əlaqəsinin olmadığını bəyan etdi".
Məhkəmənin növbəti iclası mayın 11-ə təyin edilib.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.