"Nərmin işi" ilə bağlı  YENİ MƏHKƏMƏ
03 oktyabr 2023 16:17 (UTC +04:00)

"Nərmin işi" ilə bağlı YENİ MƏHKƏMƏ

Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi birinci instansiya məhkəməsinin hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Gəncə Apelyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.

Daha sonra İlkin Süleymanovun vəkili Əlibaba Rzayev vəsatətlə çıxış edərək apellyasiya şikayətinin istintaq yolu ilə araşdırılmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Hakim qeyd edib ki, zərurirət yaranarsa, vəsatət yenidən veriləcəyi təqdirdə yenidən baxıla bilər.

Əlibaba Rzayev daha sonra İlkin Süleymanovun barəsində həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsini istəyib. O bildirib ki, müvəkkili 4 ilə yaxındır azadlıqdan məhrum edilib:

“Biz düşünürük ki, bu işdə İlkin Süleymanovun heç bir təqsiri yoxdur və barəsində bəraət hökmü çıxarılacaq. Lakin müvəkkilimin 4 ildir hüquqları pozulur və ev dustaqlığına buraxılaraq məhkəmənin davam etməsi onun hüquqlarının müəyyən qədər bərbası olar”.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə baxışı oktyabrın 17-ə təyin edilib.

Xatırladaq ki, İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. O, barəsindəki hökmün ləğv edilməsini və bəraət hökmünün verilməsini istəyib.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N. Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6429
avatar

Oxşar yazılar