Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Mirzəyevin icraatına verilib.
Qeyd edək ki, bu ilin may ayında Göyçay rayonu, Bığır kənd sakini, 18 yaşlı Məmmədova Fatimə Murtuz qızını dayısı, Bığır kənd sakini, 32 yaşlı Bədəlov Vüqar Məhəmməd oğlu boğaraq qətlə yetirib.
Qətli törədən Vüqar Bədəlov saxlanılıb, qızın qardaşı və digər ailə üzvləri hazırda polis şöbəsində dindirilir. Qızın anası Gülnarə Məmmədovanın övladının meyitini görərək komaya düşdüyü və bu səbəbdən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.
Qətl hadisəsindən sonra qızın dayısı Vüqar Bədəlov evində dəm qazından zəhərlənmə hadisəsinin baş verməsi barədə yalan məlumat uyduraraq kömək məqsədilə evə çağırdığı təcili tibbi yardım stansiyasının həkimlərinə bilərəkdən səhv məlumat verib, hər iki şəxsin dəm qazından zəhərləndiyini bildirib. Məhkəmə tibbi ekspertiza və istintaq araşdırması zamanı qızın boğularaq öldürüldüyü məlum olub.
Qeyd edək ki, dayı bacısı qızını namus üstdə öldürüb. Fatimə Məmmədovanın bir dəfə nişanlı olduğu, sonradan başqa bir oğlana qoşularaq Bakıya getdiyi və yenidən evə qayıtdığı, bu səbəbdən qətl hadisəsinin törədildiyi bildirilir.