Meyxanaçı Cavid Sumqayıtlı niyə həbs edildi? - İFADƏLƏRİ Lent.az-da
07 iyun 2022 20:15 (UTC +04:00)

Meyxanaçı Cavid Sumqayıtlı niyə həbs edildi? - İFADƏLƏRİ Lent.az-da

Tanınmış meyxanaçı “Cavid Sumqayıtlı” kimi tanınan Cavid Babaşovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Tanınmış meyxanaçının nə üçün həbs edildiyi hələ də ictimaiyyətdə qaranlıq qalıb. Bəziləri onun dediyi meyxanalarına görə, bəziləri isə başqa səbəblərlə bağlı həbs edildiyini iddia edib. 

Lent.az həmin cinayət işi üzrə materialları əldə edib.

Rəsmi məlumata görə, Cavid Babaşov istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 207,908 qram narkotik vasitə olan heroin əldə edib. O, həmin heroinin 1,595 qramını 14 may 2021-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən «Qərb» sarayının yaxınlığında tanışına 25 manata sataraq, qalan 206,313 qramını üzərində saxlayıb. 

Cavid Babaşov 15 may 2021-ci il tarixdə saat 03:55-da Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən «Ruzi» marketin yaxınlığında Sumqayıt şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, idarəyə gətirilib. Orada üzərində şəxsi axtarış aparılarkən qara rəngli çantasında göy rəngli sellofan paketin içərisindən təmiz çəkisi 206,313 qram külli miqdarda kustar üsulla hazırlanmış heroin və heroin izləri olan elektron tərəzi aşkarlanıb. 

Məhkəmədə ifadə verərkən özünü təqsirli bilməyən Cavid Sumqayıtlı polis tərəfindən saxlanılan gün tanışı Fəridin övladının doğum gününə dəvət aldığını deyib:

“Evdən çıxıb telefonumla taksi sifariş etdim. Taksi ilə Fəridin Saray qəsəbəsində evinə getdim. Fəridin evində oğlunun doğum gününü qeyd edərkən qapı döyüldü. Polis əməkdaşları içəri daxil olaraq Fəridlə məni Sumqayıt Şəhər Polis İdarəsinə apardılar. Gecə saat 3 radələrində Elvin və Əli adlı şəxsləri mənə qarşı ifadə verməsi üçün polis idarəsinə gətirdilər. Lakin həmin şəxslərin heç biri mənə qarşı ifadə vermək istəmədilər. Polislər mənə mənəvi-psixoloji təzyiq göstərərək cinayət əməlini törətməyimi, etiraf etməyimi tələb etdilər. Bu səbəbdən də təzyiqlərə boyun əyərək cinayət əməli törətməyimi etiraf etdim”.

Prokurorun suallarına cavab verən Cavid Sumqayıtlı “kakos” deyilən narkotik vasitə heroindən istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmadığını deyib. 

Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadə ilə istintaqda verdiyi ifadə ziddiyyət təşkil etdiyindən onun istintaqa verdiyi ifadə elan edilib. 

İstintaqda ifadə verən Cavid Babaşov qeyd edib ki, mayın 15-də 03:55-də Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən “Ruzi” marketin yaxınlığında tanışı Fəridlə görüşərkən, polis əməkdaşları onlara yaxınlaşıb:

“Onlar bizim narkotik vasitələrin qəbul etdiyimizi və üzərimizdə narkotik daşıdığımızdan şübhələndiklərini bildirdilər. Bu səbəbdən hər ikimizi Sumqayıt şəhər Polis İdarəsinə dəvət edilər. Polis İdarəsinə çatandan sonra tədqiqatçı üzərimizdə axtarış aparmazdan əvvəl bütün hüquq və vəzifələrimizi izah elədi. Daha sonra vəkillə təmin olunduq. Videoçəkiliş vasitəsilə üzərimdə şəxsi axtarış apardılar. Həmin vaxtı çantamdan göy rəngli sellofan paketi çıxartdım. Həmin sellofan paketi açaraq oradan şəffaf rəngli sellofan bükümü və elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim etdim. Sorğu zamanı aşkar olunan maddənin "kakos", yəni heroin olduğunu, şəxsi istifadəm üçün üzərimdə saxladığımı dedim. Lakin bir müddət sonra Elvin Allahverdiyeva 25 manat müqabilində heroin satdığımı etiraf etdim”.

Cavid Sumqayıtlı qeyd edib ki, saxlanılarkən tanışı Fərid onun üzərində narkotik vasitə olduğunu bilməyib, ona bu barədə heç nə deməyib:

“Fərid mənim narkotik vasitələrdən istifadə etdiyimi və satışı ilə məşğul olduğumu bilməyib. Fərid meyxanaçı kimi fəaliyyət göstərdiyimdən və mənim pərəstişkarım olduğu üçün həmin günü onunla görüşmüşəm. Saxlanılarkən mənə qarşı psixi və ya fiziki təsir tətbiq edilməyib, heç bir hüququm pozulmayıb”.

Məhkəmədə Cavid Babaşovla birlikdə polis tərəfindən saxlanılan Fərid Əliyev də ifadə verib. O qeyd edib ki, Cavidi meyxanaçı kimi tanıyır:

“Hadisə günü günorta saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində Cavidi  gördüm və ona yaxınlaşdım. Bir müddət söhbət etdikdən sonra polis əməkdaşları bizə yaxınlaşaraq polis idarəsinə apardılar. Orada üzərimizə baxış keçirildi. Cavidin üzərindən narkotik vasitə aşkar edildi. Lakin Cavidlə görüşəndə onun üzərində narkotik vasitə olduğunu bilməmişəm. Mənim üzərimdə axtarış aparılan zaman heç bir qanunsuz əşya və ya predmet aşkar olunmayıb”.

Suallara cavab verən Fərid bildirib ki, evlidir, bir övladı var:

“Övladımın doğum günü sentyabr ayındadır. Həmin gün uşağının doğum günü olmayıb. Nə də Cavid bizim evə gəlməyib. Cavidlə Corat ərazisində qarşılaşıb təxminən 10 dəqiqə söhbət etmişik. Həmin vaxt da polis bizə yaxınlaşaraq idarəyə gətirib. Bizim hər ikimizi ayrı-ayrı avtomobillərlə idarəyə gətiriblər. Orada nə mənə, nə də ki, Cavidə hər hansı bir təzyiq göstərilməyib. Üzərimizdə videoçəkilişlə axtarış aparılıb. Orada sorğu zamanı Cavid bildirdi ki, həmin heroini haradansa tapıb, ondan da Elvin kimi tanıdığımız Əli Allahverdiyevə də pay verib”.

İfadələrdən sonra hakim hökmü elan edib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavid Babaşov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

# 12234
avatar

Səlcuq Elçin

Oxşar yazılar