İyulun 13-də Ağstafa rayonu, Aşağı Göycəli kənd sakini, 83 yaşlı C.Əliyevanın yaşadığı evə girən maskalı şəxs onu balta və bıçaqla hədələyərək 10 manat pulunu, qızıl üzüyünü və sırğasını alaraq, sonradan otağın döşəməsini yandırıb gedib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu barədə zərərçəkən özü Ağstafa rayon Polis Şöbəsinə müraciət edib.
Yanğın söndürülüb və polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Heydərov müəyyən edilərək saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.