5 il əvvəl Rusiyada qətl törədərək Azərbaycana qaçıb gələn Rəşad İsayevin cinayətinin təfərrüatları məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, İsayevin qətlə yetirdiyi şəxs 23 yaşlı idman ustası, gimnast Aleksandr Bessonov olub.
Hadisə Lipetsk vilayətinin Lebedyansk şəhərinin Turgenev küçəsində yerləşən kafelərin birinin həyətində baş verib. Məlumata görə, İsayev dostları ilə bərabər maşında kafeyə gəliblər. Kafenin həyətinə daxil olan kimi maqnitofonun səsini yüksəldərək “Ləzginka” oynamağa başlayıblar. Ətrafdakılar gənclərdən maqnitofonun səsini azaltmağı tələb etsələr də, onlar bunu qulaqardına vurublar.
Bu vaxt Aleksandr Bessonov onlara öz iradını bildirib. Tərəflər arasında mübahisə yaranıb. Nəticədə Rəşad İsayev Bessonovu bıçaqlayaraq qətlə yetirib. Hadisədən dərhal sonra İsayev Azərbaycana qaçıb.
***
saat 11.00
Rusiyada qətl törədən azərbaycanlı Bakıda saxlanılıb.
Nərimanov rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, 2016-cı il aprelin 3-də İsayev Rəşad Sərdar oğlunun Rusiya Federasiyası Lebedyan şəhərində Rusiya vətəndaşı Bessonov Aleksandr Vitaliyeviç ilə aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməsi və sonuncunun aldığı xəsarətlərdən ölməsi faktına görə cinayət işi başlanıb.
2018-ci il avqustun 14-də Rəşad İsayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə qiyabi olaraq təqsirləndirilən şəxs qismində cəlb edilib.
2019-cu il avqustun 21-də cinayət işi istintaqın davam etdirilməsindən ötrü Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməklə cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.
2021-ci il avqustun 26-da Rəşad İsayev barəsində Nərimanov Rayon Prokurorluğu tərəfindən axtarış elan edilib.
Sentyabrın 28-də Rəşad İsayev tutulub, ona yuxarıda qeyd edilən maddə ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.