Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərdən külli miqdarda narkotik vasitə və odlu silah aşkarlanıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Göytəpə şəhər sakini Elnur Lətifov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı onda 1 ədəd bükümdə 30 qramdan artıq narkotik vasitə heroin aşkarlanıb. Aparılan təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə E.Lətifovun həmin narkotik vasitəni əldə etdiyi şəxsin əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Göytəpə şəhər sakini Emil Mustafayev olduğu müəyyən edilib və saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı 5 qramdan artıq heroin aşkarlanaraq götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə E.Mustafayevin yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram narkotik vasitə heroin və AKM markalı “Kalaşnikov” avtomatı, həmin silaha aid sandıqça və 17 ədəd patron aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.